Sahil Kərimli: “Bu, yarana biləcək bütün təhlükələrin dəf edilməsi, qarşısının alınması üçün çox ciddi bir platforma olacaq”
Milli Məclis “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair “Anlaşma Memorandumu”nu təsdiqləyib. Bu məsələ parlamentin dekabrın 16-da keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Sənəd 2025-ci il iyulun 22-də İstanbul şəhərində imzalanıb.
Azərbaycan və Türkiyə arasında qarşılıqılı hərbi təhlükəsizliyin möhkəmləndirilməsi haqda sazişin əhəmiyyəti hər iki dövlət üçün çox böyükdür. İki qardaş ölkəyə hər hansı hücum olarsa, onlar bir-birinə tam hərbi dəstək verəcək.
“Hər iki qardaş ölkəyə qarşı qərəzli və məkrli planlar hazırlamaq istəyən, bu qara niyyətdə bulunan hər bir ölkə üçün ciddi mesajdır”
Politoloq Sahil Kərimli “Bakı-Xəbər”ə bildirdi ki, bu saziş Azərbaycan ilə Türkiyə arasında qarşılıqlı hərbi təhlükəsizliyi möhkəmləndirəcək. “Azərbaycanla Türkiyə bütün sahələrdə ən yüksək səviyyədə əməkdaşlıq edən iki qardaş ölkədir. Əlbəttə, Azərbaycanla Türkiyə uzun illərdir ki, təhlükəsizlik sahəsində də əməkdaşlıq edirlər. Yəni dövlətçiliyə və milli təhlükəsizliyə yönəlik xaricdən gələ biləcək təhlükələrə qarşı birgə addım atan, əməkdaşlıq edən qardaş ölkələrdir. Təbiidir ki, Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında bəyannaməni xüsusi vurğulamalıyıq. Bu bəyannamədən irəli gələn bütün vəzifələr bu gün ən yüksək səviyyədə inkişaf etdirilir, irəliyə doğru aparılır.
Bildiyimiz kimi, bu gün dünyada çox təhlükəli proseslər cərəyan edir, ölkələrin milli təhlükəsizliyinə çox ciddi təhdidlər var. Qanlı toqquşmalar, müharibələr fonunda bütün dünyada tamamilə yeni reallıqlar baş verir və yeni dünya nizamı qurulur. Bu təhlükəli proseslərdə, əlbəttə, hər bir ölkə öz milli maraqlarını, dövlətçilik maraqlarını üstün tutaraq daim qabaqlayıcı tədbirlər həyata keçirir. Bu gün Türkiyə ilə qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsi haqda sazişin təsdiqlənməsi də çox böyük önəm daşıyır. Çünki hər hansısa bir hücum, yaxud hərbi, müharibə təhlükəsi olarsa ilk növbədə ölkələrimiz bir-birinə qarşılıqlı dəstək verəcək. Bu da həm dünyaya, eyni zamanda da hər iki qardaş ölkəyə qarşı qərəzli və məkrli planlar hazırlamaq istəyən, bu qara niyyətdə bulunan hər bir ölkə üçün ciddi mesajdır, ciddi əzələ nümayişidir. Yarana biləcək təhdidlərə qarşı çox böyük qabaqlayıcı tədbirdir”.
S.Kərimlinin sözlərinə görə, Azərbaycanla Türkiyə hərbiçilərinin həyata keçirdikləri birgə təlimlər və bu təlimlər zamanı qarşılıqlı peşəkar mübadilə, hərbi texnikanın qarşılıqlı əldə edilməsi və sair məsələlər mövcuddur. S.Kərimli qeyd etdi ki, Azərbaycan Türkiyədən hərbi texnika da alır və öz hərbi arsenalını gücləndirir. “Hərbi təhlükəsizlik sahəsində əməkdaşlıq hər iki ölkənin hərbi qüdrətini və hərbi gücünü daha da artıracaq. Bu, yarana biləcək bütün təhlükələrin dəf edilməsi, qarşısının alınması üçün çox ciddi bir platforma olacaq”-deyə S.Kərimli əlavə etdi.
İradə SARIYEVA