Gizli şəbəkədən açıq ittihama - Ramiz Mehdiyev dosyesi və xarici bağlantıların ifşası…
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev və digər şəxslər barəsində aparılan istintaq çərçivəsində Abbas Abbasovun cinayət işinə cəlb edilməsi və barəsində axtarış elan olunması bu prosesin artıq lokal və fərdi xarakter daşımadığını, sistemli və çoxşaxəli bir təhlükəsizlik araşdırmasına çevrildiyini göstərir.
İstintaq materiallarında yer alan məlumatlar Ramiz Mehdiyevin təkbaşına hərəkət edən fiqur kimi deyil, uzun illər formalaşmış daxili və xarici əlaqələr şəbəkəsinin mərkəzində dayanan koordinator kimi təqdim edildiyini ortaya qoyur. Bu kontekstdə Abbas Abbasovun rolu xüsusi əhəmiyyət kəsb edir. Çünki o, istintaqın versiyasına görə, prosesin xaricdəki maliyyə, diaspora və koordinasiya xəttinin əsas icraçısı olub.
Abbas Abbasovun uzun müddət Rusiyada yaşaması, diaspor strukturlarında təsir imkanları əldə etməsi və “Milyarderlər İttifaqı” kimi qalmaqallı təşkilata rəhbərlik etməsi istintaqın diqqətində təsadüfi yer tutmur. Toplanmış materiallarda xaricdən Azərbaycana yönəlmiş maliyyə axınları, xaricdə keçirilmiş görüşlər, audio-video sübutlar və konstitusion quruluşun zorakı yolla dəyişdirilməsinə dair iddialar xüsusi vurğulanır. Bu faktlar istintaqın mövqeyini gücləndirərək işi sırf daxili siyasi qarşıdurma deyil, dövlət təhlükəsizliyinə yönəlmiş planlı fəaliyyət kimi təqdim etməyə imkan verir. Məhz bu yanaşma Ramiz Mehdiyev barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin 278, 274 və 193-1-ci maddələrinin hüquqi əsaslandırılmasında həlledici rol oynayır.
Abbas Abbasovun Rusiyada olması və istintaqdan yayınması onun ekstradisiyası məsələsini gündəmə gətirir. Azərbaycan tərəfinin hüquqi baxımdan Rusiyadan ekstradisiya tələbi irəli sürmək imkanı mövcuddur və bu, beynəlxalq konvensiyalar və hüquqi yardım mexanizmləri ilə tənzimlənir. Bununla belə, ekstradisiya prosesi avtomatik xarakter daşımır və şəxsin vətəndaşlıq statusu, ittihamların hüquqi təsnifatı, eləcə də siyasi-hüquqi amillər nəticəyə ciddi təsir göstərir. Əgər ekstradisiya baş tutarsa, bu, istintaq üçün Ramiz Mehdiyev dosyesinin xarici əlaqələr hissəsinin açıq məhkəmədə tam şəkildə ifşasına və prosesin sistemli çevriliş cəhdi kimi təqdim olunmasına şərait yaradacaq. Əks halda belə, Abbas Abbasovun beynəlxalq axtarışda qalması və barəsində toplanmış sübutlar işin mahiyyətini zəiflətmir, əksinə, ittihamların miqyasını daha da genişləndirir.
Bu cinayət işi həm də siyasi və institusional mesaj xarakteri daşıyır. İstintaq göstərir ki, keçmiş yüksək vəzifələr və illərlə formalaşmış nüfuz hüquqi məsuliyyətdən yayınmaq üçün təminat deyil, xaricdə qurulmuş maliyyə və diaspora şəbəkələri isə toxunulmaz zona hesab edilmir. Eyni zamanda, beynəlxalq ictimaiyyətə verilən əsas mesaj ondan ibarətdir ki, söhbət siyasi rəqabətdən deyil, konstitusion quruluşa və dövlət təhlükəsizliyinə yönəlmiş iddia edilən fəaliyyətlərdən gedir. Bu baxımdan Ramiz Mehdiyev dosyesi ilə Abbas Abbasov xəttinin birləşdirilməsi istintaqın strateji məntiqini formalaşdırır və işi ayrı-ayrı fiqurların taleyi yox, bütövlükdə paralel güc mexanizmlərinin hüquqi müstəvidə dağıdılması kontekstində təqdim edir.
Dəniz NƏSİRLİ