Eyyub Hüseynov: “Ölkəyə istehlakçı üçün zərərli, təhlükəli mal və məhsullar idxal edilir”
Xəbər verildiyi kimi, Çindən Azərbaycana gətirilmiş şüşə fincanlarda ağır metallar aşkarlanıb. Bu barədə Səhiyyə Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı birgə məlumatda qeyd olunub.
Bildirilib ki, tərkibində kadmium və qurğuşun olan məhsulların 6 ədədi "Sevinc Mall" Ticarət Mərkəzində yerləşən "Sinsay" mağazasına göndərilib: "Sözügedən fincanlar Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinə təqdim edilməyib və bu səbəbdən müvafiq laborator müayinələrdən keçirilməyib. Həmin məhsulları əldə etmiş vətəndaşlardan şüşə fincanları yoxlanılması məqsədilə Respublika Sanitariya-Karantin Mərkəzinə təqdim etmələri xahiş olunur”.
Qeyd edildiyi kimi, Çindən ölkəmizə idxal olunan şüşə qabların tərkibində zərərli maddələr aşkar olunub. Onu da bildirək ki, satış mərkəzlərində, dükanlarda çoxlu sayda Çindən idxal olunan şüşə qablar satılır. Həmin məhsullar yoxlanılacaqmı?
“Azərbaycan hökuməti ölkəyə mal-məhsul ixrac edən sahibkarlar, biznes qurumlarına sərbəst imkan yaradıb ki, idxal potensialını artıra bilsinlər, amma biznes qurumları…”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, şüşə fincanlarda ağır metalların olması haqda məlumat Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” (RASFF) vasitəsilə Polşa Respublikasından daxil olub: “Belə ki, Çin Xalq Respublikasında fəaliyyət göstərən “Market Union Co. Ltd” şirkəti tərəfindən istehsal edilən şüşə fincanlarda kadmium və qurğuşun ağır metallarının miqrasiyası aşkarlanıb.
Azərbaycan hökuməti ölkəyə mal-məhsul ixrac edən sahibkarlar, biznes qurumlarına sərbəst imkan yaradıb ki, idxal potensialını artıra bilsinlər. Amma biznes qurumları onlara yaradılmış bu şəraitdən sui-istifadə edərək tərkibi yoxlanmamış, keyfiyyəti yoxlanmamış, zəmanətsiz malları ölkəyə idxal edir, istehlakçı üçün zərərli, təhlükəli mal və məhsulları ölkəyə gətirirlər. Bu yolverilməzdir”
Günel CƏLİLOVA