Elçin Əfəndi: “İxtisas biliklərinə, həm də güclü metodik bacarıqlara malik müəllimlərin seçilməsi və sistemdə saxlanılması prioritet olmalıdır”
Elm və təhsil naziri Emin Əmrullayev ölkədəki təhsil sisteminin çox uzun müddətdir eyni olduğunu və 4 nəslin eyni fənləri oxuduğunu vurğulayıb. Nazir bildirib ki, fənlərin dövrü çoxdan bitib, müasir təhsil bunu tələb edir, təhsilə süni intellekt də gətirə bilərlər.
O, 90-cı illərdə informatika fənninin tədrisinə başlandığını, amma indi süni intellektin təhsilə daxil olmasının artıq vacib olduğunu bildirib. Ancaq bunun üçün müəllimlərin fənlərarası əməkdaşlıq və təhsil məqsədlərini daha yaxşı başa düşməli olduğunu söyləyib.
Bu baxımdan, süni intellekt yönümlü modelə keçid Azərbaycan təhsil sistemi üçün nə dərəcədə real və məqsədəuyğundur?
“Müəllim yalnız fənni bilməklə kifayətlənməməli, eyni zamanda müasir tədris metodikalarına yiyələnməlidir”
Təhsil eksperti Elçin Əfəndi “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, müəllim yalnız fənni bilməklə kifayətlənməməli, eyni zamanda müasir tədris metodikalarına yiyələnməli, biliyini şagirdə düzgün və effektiv şəkildə ötürməyi bacarmalıdır. Əgər müəllim bu missiyanı yerinə yetirə bilmirsə, onun sistemdə saxlanılması nə iqtisadi, nə də pedaqoji baxımdan əsaslandırıla bilər: “Beynəlxalq təcrübə də bu yanaşmanı təsdiqləyir. Finlandiya, Çin və bir sıra Avropa ölkələrində müəllim peşəkarlığı, davamlı qiymətləndirmə və nəticəyönümlü yanaşma əsas prinsip kimi qəbul olunur. Həmin ölkələrdə müəllimin statusu yüksəkdir, lakin bu status real nəticə və məsuliyyətlə müşayiət olunur. Azərbaycan da təhsil keyfiyyətini artırmaq istəyirsə, eyni prinsipial mövqeni ortaya qoymalıdır. Ümumiyyətlə, şagird nailiyyətlərinin formalaşmasında əsas yük müəllimin üzərinə düşür. Valideyn tədris prosesində dəstəkçi tərəf olsa da, aparıcı qüvvə müəllimdir. Məhz buna görə də həm ixtisas biliklərinə, həm də güclü metodik bacarıqlara malik müəllimlərin seçilməsi və sistemdə saxlanılması prioritet olmalıdır. Bu yanaşma uzunmüddətli perspektivdə şagirdlərin bilik səviyyəsinin yüksəlməsinə, təhsil sisteminin səmərəliliyinin artmasına və bütövlükdə cəmiyyətin inkişafına xidmət edəcək”.
Günel CƏLİLOVA