Hüseyn İbrahimov: “Kalugin ona verilən təlimatdan çıxış edərək, bununla Rusiya hakimiyyətinin mesajını ötürür”
Rusiya Bakıda Rus Evinin tezliklə fəaliyyətə başlaması üçün həll yolları tapmağa sadiqdir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kalugin deyib.
“Rusiya və Azərbaycanın xarici siyasət idarələri münasibətlərimizin bütün gündəliyini, o cümlədən humanitar komponent üzrə əlaqələrimizi davam etdirir. Biz ölkələrimizin dost xalqları arasında əlaqələrin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verən Bakıda Rus Evinin tezliklə fəaliyyətə başlaması üçün qarşılıqlı məqbul həllər tapmağa sadiqik”, - Rusiya XİN rəsmisi bildirib.
Moskva Azərbaycanın Rus Evi məsələsində mövqeyini bilə-bilə, bu məsələni hər vasitə ilə gündəlikdə saxlamaqdan əl çəkmir. Bunda Rusiya rəsmilərinin məqsədi nədir?
“Münasibətlərin normallaşması o demək deyil ki, Rus Evinin fəaliyyəti yenidən bərpa olunmalıdır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimovun fikrincə, Rusiya tərəfinin Rus Evinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı tələbləri yersizdir: “Mixail Kalugin ranqına görə elə böyük vəzifəni təmsil etməsə də, onun bu açıqlaması təsadüfi deyil. O, ona verilən təlimatdan çıxış edərək, bununla Rusiya hakimiyyətinin mesajını ötürür. Rusiya hakimiyyətində olan müəyyən dairələr bununla göstərmək istəyirlər ki, sözügedən məsələ onlar üçün bağlanmayıb. Rusiyanın “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti bu ilin fevralında dayandırıldı. Bu da səbəbsiz deyildi. Məsələ ondadır ki, ötən ilin dekabrında Rusiya səmasında Azərbaycanın mülki təyyarəsinin vurulması iki ölkə arasında münasibətlərin soyumasına səbəb oldu. Rusiyanın təyyarəmizin vurulmasında sərgilədiyi anlaşılmaz mövqe Azərbaycanın haqlı narazılığına səbəb oldu. Nəticədə Azərbaycan bir sıra adekvat addımlar atdı. Rus Evinin Bakıda fəaliyyəti dayandırıldı. Məlum oldu ki, onun fəaliyyəti qanunsuzdur. Azərbaycan Rusiyaya nümayiş etdirdi ki, müstəqil və suveren dövlətdir. Rusiya böyük dövlət olsa da, bu ona əsas vermir ki, ərazicə kiçik olan dövlətlərə yuxarıdan aşağı baxsın. Məsələnin başqa bir tərəfi ondan ibarətdir ki, dünyanın bir sıra ölkələrində Rus evlərinin fəaliyyəti qadağan edilib. Bu qurumlara münasibət birmənalı deyil. Onların daha çox kəşfiyyat fəaliyyəti ilə məşğul olmaları barədə iddialar mövcuddur. Belə olan halda Azərbaycan Rus Evinin Bakıda fəaliyyətinin bərpasına niyə razılıq versin ki? Düzdür, Azərbaycan hər zaman Rusiya ilə normal qonşuluq münasibətlərinin qurulmasında, iqtisadi əlaqələrin genişlənməsində maraqlı olub. Təkcə Rusiya ilə deyil, bütün qonşularla analoji münasibətlərdə maraqlıyıq. Ancaq bu o demək deyil ki, Rus Evinin fəaliyyəti yenidən bərpa olunmalıdır”.
Vidadi ORDAHALLI