Ceyhun Məmmədov: “Bəzi xarici dövlətlər tərəfindən hər zaman Kilsə bir təzyiq vasitəsi kimi istifadə olunub”
Ermənistan hökuməti Qriqoryan Kilsəsinin rəhbəri II Qareginin istefası tələbi ilə ölkə üzrə imzatoplama kampaniyasına başlayıb. Məlum olub ki, ideyanın müəllifi Şirak mərzindən (əyalət) seçilmiş deputat Karen Saruxanyandır. Məlumata görə, o öz təklifini şəxsən Vətəndaş İttifaqı Partiyasının iclasında dilə gətirib:
"Partiya üzvlərinin, hətta Baş nazir Nikol Paşinyanın təklifi alqışladığı bildirilir. Kampaniyanın artıq Şirak mərzi ərazisində başladığı deyilir".
Göründüyü kimi, II Qareginin istefası üçün növbəti kampaniyaya start verilib. Bundan əvvəl hakimiyyət siyasi təzyiqləri işə saldı, daha sonra bir neçə yepiskop II Qaregini istefaya çağırdı. Bu dəfə imzatoplama yolu ilə onu buna məcbur etmək istəyirlər. Maraqlıdır, bütün bu vasitələrlə Ermənistan hakimiyyəti II Qareginin istefasına nail ola bilərmi?
“II Qareginin Kilsənin rəhbərliyindən uzaqlaşdırılması o qədər də uzaqda deyil”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Ceyhun Məmmədovun fikrincə, Ermənistanda hər zaman Azərbaycanla müharibəni körükləyən, Türkiyə ilə münasibətləri gərgin saxlayan Kilsə olub: “Bu gün də Erməni Kilsəsi Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına mane olan başlıca qüvvələrdən biridir. Bütün bunların başında II Qaregin dayanır. Söhbət ondan gedir ki, indinin özündə də Kilsə bu mənfur niyyətindən əl çəkmir və bunu biz müşahidə edirik. Paşinyan da gözəl anlayır ki, Kilsənin ictimai rəyə, bir sıra digər proseslərə təsirini azaltmaq lazımdır. Bunun yolu isə II Qareginin uzaqlaşdırılmasından keçir. Əgər bunu təmin etməsələr, yenə də Kilsə sülhü yox, müharibəni körükləyəcək. Nəzərə almaq lazımdır ki, bəzi xarici dövlətlər tərəfindən hər zaman Kilsə bir təzyiq vasitəsi kimi istifadə olunub. Hər zaman kilsənin bu fəaliyyətini, yanaşmasını açıq-aydın görmüşük və hiss etmişik. O baxımdan hesab edirəm ki, Paşinyan artıq II Qareginlə bağlı məsələni həll etmək üzrədir. Yəni bunun üçün həm ictimai rəy hazırdır, həm də digər məqamlar uyğundur. Hətta Paşinyanın II Qareginin yerinə namizədi də var. O üzdən, Paşinyan bütün gücünü və potensialını ortaya qoyaraq bu məqsədə nail olacaq. Buna nail olmaq üçün də bu gün çox geniş imkan və fəaliyyət var. Hazırda biz bunu açıq-aydın və ciddi formada müşahidə etməkdəyik. Bu baxımdan hesab edirəm ki, II Qareginin öz vəzifəsini tərk etməsi zaman məsələsidir. Çox böyük ehtimal ki, gələn il keçiriləcək seçkilərə qədər prosedurlar başlayacaq. O zaman biz ciddi nəticələri görə bilərik. Söhbət ondan gedir ki, artıq Kilsə ətrafında ciddi proseslər gedir. Ona görə də hesab edirəm ki, II Qareginin Kilsənin rəhbərliyindən uzaqlaşdırılması o qədər də uzaqda deyil. Fikrimcə, yaxın dövrdə Paşinyan buna nail olacaq. Ona görə ki, Paşinyanın bu gün əsas hədəfi və məqsədi Ermənistanın siyasi-ictimai rəyinə bu kimi təsisatların təsirlərini minimuma endirmək və onların qarşısını almaqdır. Bu məqsədə də çatmaq üzrədirlər”.
Vidadi ORDAHALLI