Əli Mustafa: “Bununla Rusiya Qarabağ kartından Azərbaycana qarşı istifadə etmək istəyir”
Rusiya Azərbaycanı könüllü tərk etmiş ermənilərə “humanitar yardım” paylamaqda davam edir. “Rossotrudniçestvo”nun “Avrasiya” qeyri-kommersiya təşkilatı və Rus Humanitar Missiyası ilə birgə Ermənistanda həyata keçirdiyi Qarabağı tərk etmiş ermənilərə dəstək layihəsi ən azı 2026-cı ilə qədər uzadılıb.
Rəsmi səbəb kimi “müraciətlərin davam edən axını” göstərilsə də, praktiki baxımdan söhbət Rusiyanın Qarabağ mövzusu ətrafında humanitar fəallığının davam etdirilməsindən gedir. “Rossotrudniçestvo” rəhbərinin müavini İqor Çayka bildirib ki, layihə əvvəlcədən uzunmüddətli olaraq planlaşdırılıb və məqsəd “Rusiyanın Qarabağ erməniləri ilə bir yerdə olduğunu” göstərməkdir.
Rusiyanın Qarabağı könüllü tərk etmiş ermənilərə yardımı davam etdirməsində məqsədi nədir?
“Bu yolla həm Azərbaycana, həm Ermənistana təzyiq göstərmək istəyir”
Sözügedən məsələyə aydınlıq gətirən siyasi şərhçi Əli Mustafa “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunda Rusiyanın bir neçə məqsədi var: “Əvvəla, Rusiya-Azərbaycan, Rusiya-Ermənistan münasibətləri, məlum olduğu kimi, heç vaxt rəvan olmur. Burada daim problemlər və anlaşılmayan məqamlar var. Bu da Rusiyanın imperiya ambisiyalarından irəli gəlir. Azərbaycanın bunda hansısa günahı yoxdur. Azərbaycan həmişə çalışıb ki, Rusiya bizimlə bərabərhüquqlu bir dövlət kimi davransın. Ancaq Rusiya nə Azərbaycana, nə də Ermənistana münasibətdə bərabərhüquqlu dövlət kimi davranır. Təəssüf ki, bir sıra hallarda bunu pozur. Ona görə ki, Rusiyanın planları başqadır. Rusiya SSRİ-2 yaratmaq istəyir. Yenidən Cənubi Qafqazı və digər postsovet ölkələrini işğal etmək və bu planları gizli olaraq həyata keçirmək istəyir. Ona görə də davamlı olaraq sağlam olmayan təşəbbüslərlə çıxış edir. Qarabağı könüllü tərk edən ermənilərə Rusiyanın göstərdiyi “humanitar yardım” da bunun tərkib hissəsidir. Bununla Rusiya Qarabağ kartından Azərbaycana qarşı istifadə etmək istəyir. Çünki bu, Moskvanın gizli imperiya planlarının bir tərkib hissəsidir. Qarabağdan olan erməniləri Rusiya himayə etməklə onları öz tərəfinə çəkmək istəyir. Qarabağ erməniləri vasitəsi ilə Cənubi Qafqazda əvvəlki təsirini bərpa etmək istəyir. Bu yolla həm Azərbaycana, həm Ermənistana təzyiq göstərmək istəyir. Təsadüfi deyil ki, bu günlərdə tanınmış rusiyalı jurnalist, “Exo Moskvı” radiosunun keçmiş baş redaktoru Aleksey Venediktov İrəvana səfər edib. Bəyan edib ki, əgər Qarabağ müharibəsinin bitdiyini hesab edirsinizsə, səhv edirsiniz. Rusiya üçün bu məsələ bitməyib. Venediktov bilavasitə Moskvadan ona verilən təlimata əsasən belə çıxış edib. Qarabağ ermənilərinə yardım etməklə belə görüntü yaradırlar ki, bu məsələ onlar üçün bitməyib. Yardımın arxasında duran əsas niyyət budur. Digərləri sadəcə təfərrüatdır. Yardımı “humanitar” adı ilə təqdim etmək sadəcə siyasi oyundur”.
Vidadi ORDAHALLI