Hüseyn İbrahimov: “Aİ-nin məlum sənədində əksini tapan məqamlar sülh prosesinə zərər vurur”
Məlum olduğu kimi, Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqı və Ermənistan arasında dekabrın 2-də Brüsseldə keçirilmiş Tərəfdaşlıq Şurasının VI iclası nəticəsində imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədini şərh edib.
Nazirliyin rəsmi bəyanatında qeyd edilib ki, sənəddə məhkum edilmiş erməni əsilli şəxslərin “əsir” kimi təqdim edilməsi reallıqların ciddi şəkildə təhrif edilməsidir: “Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda paraflanmış sülh sazişində bu iddiaların aradan qaldırılmasına dair müddəa nəzərə alındıqda, Aİ–Ermənistan sənədində həmin məsələyə toxunulması sülh prosesi ilə birbaşa ziddiyyət təşkil edir və Ermənistan tərəfinin bəyan etdiyi niyyətilə bağlı ciddi suallar yaradır. İnsanlıq əleyhinə cinayətlər və hərbi cinayətlərdə ittiham olunan və məhkum edilmiş erməni əsilli şəxslərin “əsir” statusunda qeyd edilməsi və onların azadlığa buraxılmasının ayrıca prioritet kimi müəyyən edilməsi reallıqların ciddi şəkildə təhrif edilməsidir və qəbuledilməzdir”.
Göründüyü kimi, məlum sənəddə açıq şəkildə cinayətkarlarla bağlı məqam təhrif edilib.
“İşğal dövründə Qarabağda erməni separatçılarını başqa formada himayə edirdilər, indi də həmin cinayətkarları...”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimovun fikrincə, “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədində separatçılarla bağlı məqamlar qurumun riyakarlığını göstərir: “Məsələ ondadır ki, postsovet məkanında mövcud olan digər separatçı fəaliyyətlərə Avroittifaq sərt və birmənalı mövqedən yanaşır. Təsəvvür belə etmək olmaz ki, Aİ Dnestryanı regionda və yaxud da Abxaziyada separatçıları müdafiə etsin. Bu məsələdə uzun illərdir birmənalı mövqedən çıxış edirlər. Ancaq mövzu erməni separatçıları olduqda, bütün beynəlxalq hüquqları görməzdən gəlirlər. İşğal dövründə bir dəfə belə olmadı ki, Aİ qurumları Qarabağdakı terrorçuları separatçı adlandırsınlar. Hər dəfə bundan yayındılar. Bu azmış kimi, separatçılar Ermənistan pasportları ilə Avropa ölkələrini gəzir, tədbirlərə qatılırdılar. Bütün bunları qeyd etməkdə məqsədim odur ki, bu gün Avroittifaqın hərbi cinayətlərdə ittiham olunan erməni əsilli şəxsləri “əsir” kimi təqdim etməsi əslində yeni bir şey deyil. Bu, illərlə sərgilənən ədalətsiz siyasətin davamıdır. İşğal dövründə Qarabağda erməni separatçılarını başqa formada himayə edirdilər, indi də həmin cinayətkarları cəza almadan azad etməyə çalışırlar. Halbuki, erməni separatçıların əli Azərbaycan xalqının qanına batıb, dinc insanları qətlə yetiriblər, kəndləri, şəhərləri yandırıblar. Necə olur ki, İkinci Dünya müharibəsində cinayət törədən nasistlər illər sonra cəzalandırılır, amma insanlıq əleyhinə cinayət törədən erməni caniləri “hərbi əsir” kimi təqdim edilir? Aİ-nin məlum sənədində əksini tapan məqamlar sülh prosesinə zərər vurur. Bu baxımdan hesab edirəm ki, “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədi yenidən nəzərdən keçirilməlidir”.
Vidadi ORDAHALLI