“Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda VHP üzvü, vitse-spiker Rafael Hüseynov Sabir Rüstəmxanlının sözünü kəsib.
Sabir Rüstəmxanlı çıxışını tamamlamaq istəsə də, imkan verilməyib. O, buna etiraz edib və hörmətsizlik olduğunu bildirib.
Bu hadisə VHP üzvləri arasında narazılıq yaradıb. Bəzi üzvlər Rafael Hüseynovun partiyadan çıxarılmasını və vitse-spiker vəzifəsindən getməsini tələb edirlər.
Sabir Rüstəmxanlı: "Partiya funksionerləri tələb edir ki, məsələ müzakirəyə çıxarılsın"
Məsələyə münasibət bildirən VHP sədri Sabir Rüstəmxanlı deyib ki, partiya ciddi bir orqandır və partiya funksionerləri tələb edir ki, məsələ müzakirəyə çıxarılsın. O bildirib: "Mən belə bir müzakirənin açılmasını istəmirəm, əleyhinəyəm, amma partiya təkcə məndən ibarət deyil. Hazırda məsələ ilə bağlı konkret qərar yoxdur, amma partiya daxilində müzakirələr davam edir. Müzakirələrin sonunda hansı qərar qəbul ediləcəksə, biz bu barədə ictimaiyyətə məlumat verəcəyik."
Şəmsəddin Əliyev: "Partiyadan azad edilərsə, müxalifətdən olan deputat statusunu itirsə də, vitse-spiker postunu itirməyəcək"
Hüquqşünas Şəmsəddin Əliyev məsələyə münasibət bildirərək deyib ki, Rafael Hüseynov bir şəxsiyyət kimi qanunvericilik orqanının nümayəndəsi, xalqın adından danışa bilən və həm daxildə, həm də ölkə hüdudlarından kənarda xalqı təmsil edə bilən, kifayət qədər layiqli deputatdır. O, hər hansı bir partiyanın üzvü olmasa da, ictimai nüfuzu yüksəkdir, elmi və ictimai xadim kimi tanınır. Ona görə də düşünürəm ki, VHP-dən xaric edilsə belə, vitse-spiker postunu itirməyəcək.
Şəmsəddin Əliyev əlavə edib ki, bu vaxta qədər Rafael Hüseynova yalnız müxalifətdən olan deputat olması səbəbindən yanaşılmayıb; onun imici, biliyi və məsələlərə münasibəti, mediadakı çıxışları kifayət qədər diqqət çəkib və nüfuzunu əməyinə görə qazanıb. Lakin VHP-də üç deputat var və onlar fraksiya kimi digər müxalifət deputatlarından seçilirdilər. Parlamentdə YAP-dan sonra ikinci partiya VHP idi. Rafael Hüseynov partiyadan çıxsa, VHP bu statusu itirə bilər.
Sırf hüquqi baxımdan, Rafael Hüseynov partiyadan çıxarılsa da, bu onun dərhal vitse-spiker postunu itirməsi demək deyil. Vitse-spiker vəzifəsindən çıxarılması üçün parlamentdə ayrıca səsvermə tələb olunur. Lakin siyasi baxımdan onun vəzifədə qalması çətinləşə bilər, çünki o, ilkin olaraq müxalifət partiyasının nümayəndəsi kimi bu posta seçilmişdi. Partiyadan çıxarılması onun “müxalifət deputatı” statusunu dəyişə və digər deputatlar arasında dəstəyini zəiflədə bilər. Belə halda Rafael Hüseynov vitse-spiker postunu parlamentdə keçiriləcək səsvermə nəticəsində itirə bilər.
Dəniz NƏSİRLİ