Samir Hümbətov: “Bu məxfi sənəd sayılır”
Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının "Mərkəzi Asiya + Azərbaycan" formatında keçirilən 7-ci Məşvərət Görüşündə imzalanan sənədlərdən biri də 2026-2028-ci illər üçün Mərkəzi Asiyada təhlükəsizlik risqlərinin kataloqu və onların qarşısının alınması tədbirləridir.
Bu sənəd məxfi sənəd sayılır, ya ictimai olaraq açıqlanacaq? Söhbət hansı risqlərdən gedir?
“Çünki onun detallarını açmayacaqlar”
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov “Bakı-Xəbər”ə “Bu məxfi sənəd sayılır. Niyə? Çünki onun detallarını açmayacaqlar.
Burada həm kibertəhlükəsizlik, həm müdafiə, hərbi sahədə kollektiv əməkdaşlıq, təlimlərin keçirilməsi, hərbi sənaye komplekslərinin, hərbi müdafiə məhsullarının işlənib hazırlanması məsələsi və sair var. Yəni bu sənəddə bir sıra məsələlər öz əksini tapır”-deyə bildirdi.
S.Hümbətov hesab edir ki, burada dövlətlər arasında həm də birgə strateji plan hazırlayıb platforma şəklində həyata keçirmək fikri var: “Ona görə də bu ümumi olaraq 2026-2028-ci illər üçün Mərkəzi Asiyada təhlükəsizlik risqlərinin kataloqu və onların qarşısının alınması tədbirləri adlanır. Bunlar ekstremizm, terrorçuluq, narkotik qaçaqmalçılığı, milli mütəşəkkil cinayətkarlıq, orqan transplantasiyası və sair ola bilər. Bütün bunlar hamısı o sənəddə bənd-bənd göstərilir və bunlara qarşı hansı tədbirlərin görüləcəyi, o risqlərin aradan qaldırılması üçün həyata keçiləcək işlər də əksini tapır. Ondan sonra qərar verilir ki, bütün bu işlər görülməlidir. Onun da iki il ərzində hansı formada həyata keçirilməsinin planı tutulur. Bunun hansısa görüşlərin keçirilməsi, yaxud təlimlər formatında olacağını isə sonra müəyyən edirlər”-deyə S.Hümbətov qeyd etdi.
İradə SARIYEVA