Çox güman ki, Qətər problemin çözülməsində hüquqi-diplomatik müstəvini seçəcək
ABŞ prezidenti Donald Tramp Doha şəhərində HƏMAS nümayəndə heyətinə qarşı törədilən hücumun ardınca İsrail və Qətər ilə danışıqlar aparıb. Ağ Evin açıqlamasına görə, Tramp Qətərə belə bir hücumun bir daha olmayacağına dair zəmanət verib.
İsrail Qətərdə keçirilən və Qəzza ilə əlaqədar təklifləri müzakirə etmək məqsədilə toplaşan HƏMAS nümayəndə heyətini hədəf alıb. HƏMAS xəbər verib ki, hücum “uğursuz” olub və bu aksiyada onların Qəzza lideri Xəlil əl-Həyyanın oğlu da daxil olmaqla beş üzvü həlak olub.
HƏMAS bu hücumu atəşkəs və əsir mübadiləsi danışıqlarını pozmaq məqsədli sui-qəsd adlandırıb.
Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman əl-Tani İsrailin Dohanı və HƏMAS nümayəndə heyətini hədəf alan hücumunu pisləyərək, Qətərin buna cavab vermək hüququnun olduğunu bildirib.
Bu hadisə Orta Şərqdəki gərginliyi bir daha aydın şəkildə ortaya qoyur. İsrailin HƏMAS nümayəndə heyətinə yönələn hücumu diplomatik arena ilə yanaşı, siyasi-etik məsuliyyətləri də gündəmə gətirir.
Trampın ABŞ prezidenti olaraq Qətərə təhlükəsizlik zəmanəti verməsi və beləliklə gərginliyin artmasına mane olmağa çalışması diplomatik baxımdan önəmlidir. Lakin bu, həm də gələcəkdə həyata keçirilə biləcək addımların (nəzarət mexanizmləri, kommunikasiya formalı) müzakirəsini əlverişli edir.
Qətərin rəsmilərinin cavab vermək hüququnun olduğunu vurğulaması regional vəziyyətin münaqişə ehtimalını artıran ciddi bir elementdir. Bu, Qətərin aktiv siyasət yürütmək istədiyini göstərir.
HƏMAS-ın bu hücumu atəşkəs və əsir mübadiləsi danışıqlarının pozulması cəhdinə çevirməsi siyasi arenada öz movqeini formalaşdırmağa çalışdığını göstərir.
Qətərin bir suveren dövlət olaraq İsrailə bu hücuma görə cavab vermək hüquqi varmı və ona bu cavab üçün mane olan hansı siyasi əngəllər var?
Baki-xeber.com nəşrinə görə, burada həm beynəlxalq hüquqi çərçivə, həm də real siyasi məhdudiyyətlər nəzərə alınmalıdır.
Qətər beynəlxalq hüquqa görə öz ərazisində təhlükəsizliyi təmin etmək hüququna malikdir. Əgər doğrudan da İsrailin hücumu Qətərin suveren ərazisinə qarşı həyata keçirilibsə, bu, BMT Nizamnaməsinin 2(4)-cü maddəsinin pozuntusu sayılır (dövlətlərarası güc tətbiqinin qadağan olunması).
Digər tərəfdən, BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, bir dövlət silahlı hücuma məruz qalarsa, fərdi və ya kollektiv özünümüdafiə hüququ var. Qətər də bu maddəyə istinad edib cavab vermək hüququ olduğunu iddia edə bilər.
HƏMAS beynəlxalq hüquqda tanınmış dövlət deyil, Qətər onu rəsmi olaraq qəbul etməsə də, onun nümayəndə heyətinə qarşı hücum Qətərin ərazisində baş verdiyinə görə məsələ artıq Qətərin suverenliyi ilə bağlıdır.
Amma Qətərin praktiki cavab verməsini çətinləşdirən bir sıra faktorlar var:
Birincisi, Qətər ABŞ-ın strateji müttəfiqidir, Əl-Udeyd bazasında ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi bazası yerləşir. İsrailə hərbi cavab Qətərin ABŞ-la münasibətlərini təhlükə altına salar və Vaşinqtonun müdafiə zəmanətlərini zəiflədər.
Eyni zamanda, Qətər uzun müddətdir ki, özünü vasitəçi kimi təqdim edir (Taliban–ABŞ, HƏMAS–Fələstin hakimiyyəti, Taliban–Pakistan danışıqları və s.). İsrailə birbaşa hərbi və ya kəskin diplomatik cavab Qətərin bu vasitəçi imicini zədələyər.
BMT və böyük güclər Qətərin sərt cavabını bölgədə yeni müharibə dalğası kimi qiymətləndirə bilər. Qətər, əksinə, İsrailin hərəkətlərini beynəlxalq tribunalarda qaldırmağa üstünlük verə bilər (BMT Təhlükəsizlik Şurası, Beynəlxalq Ədalət Məhkəməsi, Haaqa). Bu, Qətər üçün daha səmərəli yol sayıla bilər.
Bununla yanaşı, ərəb ölkələrinin İsrailə münasibəti birmənalı deyil. Məsələn, BƏƏ və Bəhreyn normallaşdırma sazişi imzalayıb, Səudiyyə də müəyyən dialoq aparır. Qətərin sərt addımı ərəb birliyindən təcrid olunmasına gətirib çıxara bilər.
Yəni hüquqi baxımdan Qətərin cavab haqqı var, çünki bu, onun suverenliyinə qarşı silahlı hücum kimi qiymətləndirilə bilər. Amma siyasi reallıqda ABŞ-ın təsiri, regional balans, vasitəçi statusu və ərəb dünyasındakı parçalanma Qətərin İsrailə hərbi cavab verməsinə böyük maneədir. Çox güman ki, Qətər bu məsələdə hüquqi-diplomatik müstəvini seçəcək.
Akif NƏSİRLİ