Avqustun 8-nə keçən gecə Rusiya Azərbaycanın neft şirkəti SOCAR-ın Odessa vilayətindəki neft bazasına hücum edib.
Xarici media yazır ki, “Shahed” pilotsuz təyyarələri ilə edilən hücumdan sonra neft bazasında yanğın başlayıb. Yanğın qısa müddətdə lokallaşdırılıb. Bildirilir ki, hücum nəticəsində dizel yanacağı boru kəmərinə ziyan dəyib.
Hücum nəticəsində neft bazasının 4 əməkdaşı ağır bədən xəsarətləri alıb və onlara təcili tibbi yardım göstəriliyi məlum olub.
"Rəsmi araşdırma məlumatları hələ açıqlanmayıb, lakin idarə olunan beş pilotsuz təyyarənin hücumu açıq şəkildə göstərir ki, hücumun əsas hədəfi neft anbarı olub", - deyə hüquq-mühafizə orqanlarından bildrilib.
Bu, artıq son vaxtlar Ukraynada Azərbaycanla bağlı kritik infrastruktur obyektlərinə ikinci məqsədyönlü hücumdur.
Avqustun 6-na keçən gecə sə Rusiya onlarla pilotsuz uçuş aparatı ilə Ukraynanın Odessa vilayətindəki qaz nəqli infrastrukturu obyektinə hücum etmişdi. Bu stansiya vasitəsilə Ukraynaya ABŞ və Azərbaycandan qaz tədarük olunurdu. Ukrayna Energetika Nazirliyinin bəyanatına görə, Rusiya GTS operatorunun kompressor stansiyasına məqsədyönlü hücum həyata keçirib. Bu kompressor stansiyası artıq ABŞ-dan LNG və Azərbaycan qazının sınaq həcmlərini tədarük edən Trans-Balkan qaz kəməri vasitəsilə Yunanıstanın LNG terminallarını Ukrayna qaz anbarları ilə birləşdirən marşrutun bir hissəsi idi.
Ukraynanın energetika naziri Svetlana Qrinçuk vurğulayıb ki, bu hücum 2027-ci ildə Rusiya təbii qazından tamamilə imtina etməyi planlaşdıran bütün Avropaya verilən bir siqnaldır: “Əgər ruslara bizim enerji infrastrukturumuzu və qaz marşrutlarımızı cəzasızlıq şəraitində vurmağa icazə verilsə, o zaman Avropada heç bir infrastruktur obyekti təhlükəsiz olmayacaq. Cəzasızlıq yalnız terroru genişləndirir”.
Ukrayna hüquq-mühafizə orqanlarındakı mənbələr bildirir ki, son hadisələr və Rusiyayönlü informasiya mənbələrində Azərbaycan aktivlərinin “qanuni hədəflər” kimi qeyd olunması Ukraynada SOCAR-ın obyektlərinə yeni hücum risqlərinin xeyli artacağını göstərir.
Bütün bunlar yenicə başlamış Azərbaycan-Ukrayna neft-qaz əməkdaşlığına Rusiyanın düşmən münasibətini bir daha ortaya qoyur...
TAHİR