Faiq Ələkbərli: “Azərbaycanı SSRİ yaratdı fikrini səsləndirənlər tarixdən xəbərsizdir”
İsrailli politoloq Yakov Kedmi bu günlərdə “Alpha News” erməni xəbərlər şəbəkəsinin “Youtube” kanalına müsahibəsində qalmaqallı açıqlama verib.
O qeyd edib ki, Azərbaycan tarixdə heç vaxt mövcud olmayıb: “SSRİ Azərbaycanı yaratdı. Gürcüstan idi, Ermənistan idi. Azərbaycan heç vaxt mövcud olmayıb. Xalqın müxtəlif adları olub. İndi də Azərbaycan xalqının əksəriyyəti Azərbaycanda deyil, İranda yaşayır. Bu, tarixi inkişafın nəticəsidir. Elə xalqlar var idi ki, onların liderləri öz güclərini həddən artıq qiymətləndirərək ağılsız hərəkətlər edirdilər. Millətləri bunun əvəzini ödədi”.
“Məlum cəfəng fikirlərlə çıxış edən xarici nümayəndələr yalnız uydurmalardan bəhs edir, varlığımıza göz yummaq istəyir”
AMEA Fəlsəfə və sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan dövləti, xalqı, Azərbaycan anlayışı ilə bağlı müsahibə verənlər, qələmə alanlar bu haqda az-çox məlumatlı olmalı idi: “Təəssüf ki, tarixdən xəbəri olmayanlar nə gəldi danışırlar. “Azərbaycan tarixdə olmayıb” ifadəsini işlətmək olduqca mənasızdır. Azərbaycan demək, türkçülük deməkdir. Azərbaycanı SSRİ yaratdı fikrini səsləndirənlər tarixdən xəbərsizdir. Miladdan öncəki tarixdə də biz azərilər, oğuzlar və digər xalqlar haqqında məlumatlara rast gələ bilərik. Bu səbəbdən də kiminsə Azərbaycan dövlətini SSRİ yaratdı deməsi gülüncdür. Xatırladım ki, 1918-ci ildə Azərbaycan Cumhuriyyəti yaranıb. Yeni yaranan türk dövlətinə Azərbaycan adının verilməsinin əsas səbəbi tarixən bu torpaqların türklərlə bağlı olmasıdır. Məlum cəfəng fikirlərlə çıxış edən xarici nümayəndələr yalnız uydurmalardan bəhs edir, varlığımıza göz yummaq istəyir. Azərbaycan haqqında fikir bildirən politoloq, ictimai şəxslər az-çox tarix haqqında məlumatlı olmalıdır. “Azərbaycan xalqının yeni yaranması” fikri əslində yeni deyil. Bu kimi fikirləri dilə gətirənlər az deyil. Ancaq hər kəsə bəllidir ki, miladdan öncəki kutilər, qutilər, manna, midya, xəzərlər, alpanlar, səlcuklar, oğuzlar və digərləri türklərə, türk xalqlarına bağlıdır. Azərbaycan adlandırılan xalq da türkdür. O da məlumdur ki, Azərbaycan sözü də türk mənşəlidir. Bu səbəbdən də kiminsə yalan-yanlış fikir səsləndirməsi ürək bulandırmaqdan başqa bir işə yaramır”.
Günel CƏLİLOVA