ABŞ-ın Rusiyaya qarşı ikinci sanksiyalarının prezident Donald Trampın ultimatumunun başa çatdığı gün, cümə günü, avqustun 8-də qüvvəyə minəcəyi gözlənilir.
“The New York Times”a danışan bir Ağ Ev rəsmisi bildirib ki, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiya prezidenti Vladimir Putinlə Kremldə keçirdiyi görüş “pozitiv” olub və Moskva Vaşinqtonla dialoqu davam etdirməyə hazırdır. Lakin bu, sanksiyalardan imtina etmək üçün səbəb deyil.
Ağ Ev rəsmisi onu da qeyd edib ki, görüşdən sonra prezidentin iş qrafikində heç bir dəyişiklik edilməyib.
Bu sanksiyalar birbaşa olaraq Trampın Rusiyaya, vaxtı avqustun 8-də başa çatacaq əvvəlki ultimatumu ilə bağlıdır.
ABŞ prezidenti Ukraynadakı münaqişənin bu müddət ərzində həll olunmayacağı təqdirdə Rusiyaya və Rusiyanın enerji resurslarını alan ölkələrə 100 faiz tarif tətbiq edəcəyi ilə hədələmişdi. Ağ Ev rəsmisi vurğulayıb ki, Uitkoffun Moskvaya səfəri Trampın planlarını dəyişməyib.
Xarici media ABŞ dövlət katibi Marko Rubionun sanksiya qərarının bugünlərdə rəsmən açıqlanacağını bildirdiyini yazıb.
TAHİR