Yekaterinburqdakı diaspor rəhbəri Şahin Şıxlinski də saxlandı - FSB-nin Şıxlinskiyə hücumunun GÖRÜNTÜLƏRİ...

Yekaterinburqdakı diaspor rəhbəri Şahin Şıxlinski həbs edilib. Onu sahibi olduğu "Baku Plaza"nın qarşısından xüsusi əməliyyatla - maşınından zorakılıqla düşürərək qaçırıblar.
Rusiya təhlükəsizlik qüvvələrinin “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskiyə amansızcasına hücum etməsinin görüntüləri də yayılıb. Videoda Şıxlinskinin olduğu “Gelendvagen”i saxlayan xüsusi xidmət əməkdaşlarının avtomobilin şüşələrini sındıraraq onu zorla maşından çıxardığı və yerə yatırdığı görünür.
Bu barədə məlumatı Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən təsdiqləyiblər.
Şahin Şıxlinskinin oğlu Mutvəli isə bildirib ki, saxlanan atası Şahin Şıxlinski Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsində şahid qismində dindirilir.
Mutvəli Şıxlinski deyib ki, FSB əməkdaşları onu və atasını saxlayıblar. Daha sonra o sərbəst buraxılıb, atası Şahin isə Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinə aparılıb. Hazırda o, şahid statusundadır.
Qeyd edək ki, Şahin Şıxlinski son günlər həbs olunan azərbaycanlıların məhkəmə prosesində də iştirak edirdi.
O, Uralda kifayət qədər nüfuzu olan şəxsdir.
TAHİR