İbrahim Rüstəmli: “Ərazilərimizin minalardan təmizlənməsinə dünya birliyinin, bir sıra ölkələrin, eyni zamanda mina əleyhinə konvensiyaya daxil olan ölkələrin dəstəyi var”
Bir sıra ölkələr - Ukrayna, Litva, Estoniya piyada əleyhinə minaların istehsalını və istifadəsini qadağan edən Ottava Konvensiyasından çıxıb.
Qeyd edək ki, piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyası 1999-cu ildə qüvvəyə minib və bu sənədə Ukrayna da daxil olmaqla164 dövlət qoşulub.
Bir sıra ölkələrin piyadalar əleyhinə mina konvensiyasından çıxması prosesi Azərbaycanın minalarla mübarizəsinə dünyanın münasibətində hansı dəyişiklikləri yarada bilər?
“Azərbaycanın minalar əleyhinə mübarizəsinə dünyanın münasibətinin dəyişməyəcəyini düşünürəm”
Hərbi ekspert İbrahim Rüstəmli “Bakı-Xəbər”ə bildirdi ki, adıçəkilən ölkələrin Ottava Konvensiyasından çıxması Azərbaycanın mina əleyhinə mübarizəsində hər hansı bir dəyişikliyə səbəb olmayacaq: “Ukrayna, Litva və Estoniyanın bu konvensiyadan çıxması Azərbaycanın minalarla mübarizə məsələsində heç bir dəyişiklik yaratmayacaq. Bilirsiz ki, Azərbaycan minadan əziyyət çəkən bir ölkədir və bizim ərazimizdə, hesablamalara görə, 1 milyona yaxın mina basdırılıb. Bu minaların zərərsizləşdirmə prosesində bir neçə şirkət iştirak edir. Bu şirkətlərin iştirakı ilə ərazilərimizin minalardan təmizlənməsinə dünya birliyinin, bir sıra ölkələrin, eyni zamanda mina əleyhinə konvensiyaya daxil olan ölkələrin dəstəyi var.
Mina problemi o qədər ciddi, o qədər ağır bir problemdir ki, heç bir ölkənin təkbaşına onun öhdəsindən gəlmək imkanı yoxdur”.
İ.Rüstəmli qeyd etdi ki, bu sahədə Azərbaycana bir sıra dövlətlərin, xüsusilə də piyada əleyhinə mina konvensiyasına daxil olan ölkələrin dəstəyi yüksək qiymətləndirilməlidir. Ekspert bildirdi ki, bizə qardaş olan dövlətlərin, siyasi və digər mənalarda bizimlə mövqeyi üst-üstə düşən ölkələrin Azərbaycana böyük dəstəyi var. Bu gün ərazilərimizin minalardan təmizlənməsinin ölkəmizin bir nömrəli problemi olduğunu deyən ekspert hesab edir ki, Azərbaycan bununla bağlı böyük dəstək alır, eyni zamanda yenə də böyük dəstəyə ehtiyac duyur. “Ona görə də Azərbaycanın minalar əleyhinə mübarizəsinə dünyanın münasibətinin dəyişməyəcəyini düşünürəm. Nəyə görə? Çünki Azərbaycanın minalarla mübarizəsində hələ ki, müsbət notlar, müsbət reaksiyalar, müsbət rəylər var. Təbii ki, Azərbaycan bunu yüksək dəyərləndirir. Ərazilərimizin minalardan təmizlənməsində Azərbaycan səylə çalışır. Bu mənada o dövlətlərin bu konvensiyadan çıxmasının Azərbaycanın minalarla mübarizəsinə dünyanın münasibətini dəyişdirəcəyini düşünmürəm”-deyə İ.Rüstəmli qeyd etdi.
İradə SARIYEVA