İraq hökumətinin Ramadi şəhərini geri qaytarmaq üçün İranın dəstəklədiyi şiə döyüşçüləri şəhərə göndərdiyi xəbər verilir. Ramadi bazar günü İslam Dövləti qruplaşması tərəfindən ələ keçirilib.
Baki-xeber.com BBC-yə istinadən xəbər verir ki, İraq qoşunlarının şəhəri tərk etməsi nəticəsində təxminən 500 nəfərin öldüyü bildirilir. Rəsmilərin bildirdiyinə görə, insanlar Ramadini "kütləvi şəkildə” tərk edirlər. Lakin ABŞ bildirib ki, Ramadi şəhərinin geri qaytarıla biləcəyinə əmindir.
Xalq Səfərbərliyi kimi tanınan şiə döyüşçüləri, aprel ayında Bağdadın şimalında yerləşən Tikrit şəhərinin İD-dən geri qaytarılmasında əsas rol oynayıb. Lakin onlardan istifadə edilməsi ABŞ-ın narahatlığına səbəb olub.
Döyüşçülər geniş yayılmış zorakılıq və qarətin ardından Tikritdən çıxarılıb.
"Təmizlənmiş” şəhər?
Ramadi şəhərinin, hökumət qüvvələrinin mövqelərini tərk etməsinin ardından, İslam Dövləti (İD) qruplaşmasının əlinə keçdiyi bildirilirdi. Bir neçə gün davam etmiş intesiv döyüşlərin ardından polis və ordu geri çəkilib.
Ramadi İraqın ən böyük əyaləti olan Ənbarın paytaxt şəhəridir və Bağdaddan 112 km qərbdə yerləşir.
İD tərəfindən verilmiş bəyanatda bildirilir ki, onun döyüşçüləri "bütün şəhəri təmizləyiblər”. Bəyanatda deyilir ki, İD 8-ci Briqadanın hərbi bazasını ələ keçirib və qoşunların buraxıb getdiyi tanklara və minaatanlara yiyələniblər.
Ənbar icra hakimiyyətindəki mənbədən BBC-yə verilən məlumata görə, Ramadi artıq İslam Dövlətinin tam nəzarətindədir və bütün hökumət qüvvələri çıxarılıb.
Baş Nazir Heydər əl-Abadi qoşunlara mövqelərində dayanmaq əmri verib və bildirib ki, o şəhərə şiə hərbçilərini göndərəcək. Lakin ordu zabiti BBC-yə bildirib ki, qoşunların əksəriyyəti Ramadinin şərqində yerləşən Xalidiyə şəhərindəki hərbi bazaya çəkiliblər. Hökumət qüvvələrinin silahı tükənmək üzrə olub və İD tərəfindən kütləvi qırğına məruz qala bilməzdi, o bildirib.
Sosial mediada yayılmış videodan görünür ki, əsgər dolu hərbi maşınlar Ramadidən sürətlə çıxırlar.
Xəbərlərdə deyilir ki, İraq qoşunları bazar günü bir neçə avtomobildə baş vermiş bomba partlayışlarının ardından şəhəri tərk ediblər.
Daha əvvəl cənab Abadi hökumət tərəfindən vuruşan qüvvələrə müraciət edərək onları "mövqelərini qorumağa və İD-nin Ramadidə genişlənməsinə imkan verməməyə” çağırmışdı.