Məlum olduğu kimi, oktyabrın 7-də HƏMAS təşkilatının qəflətən İsrailə hücum etməsi ciddi toqquşmalara, insan tələfatına və xüsusən də Qəzzada ciddi humanitar böhrana səbəb oldu. Keçirilən əməliyyatlarla əlaqədar həm İsrail tərəfində, həm də Qəzzada çoxsaylı ölən və yaralananlar var.
Burada diqqəti çəkən məqamlardan biri odur ki, Qarabağda 19 sentyabradək “humanitar böhrandan” danışan Qərbin hüquq təşkilatlarının, dövlətlərinin Qəzza ilə bağlı eyni yanaşmalarını görmürük. Halbuki, Qarabağ həqiqətən terror yuvası idi və heç bir humanitar böhran yox idi. Birincisi, Qarabağda yaşayan ermənilərin sayı çox az idi. Orada heç 100 min əhali yox idi. Üstəlik, separatçıların nəzarətində olan ərazi Qəzza ilə müqayisədə dəfələrlə böyük idi. İkincisi, antiterror əməliyyatlarından sonra məlum oldu ki, Xankəndidə anbarlarda tonlarla ərzaq məhsulu yığılıb. Qəzzada isə 2 milyon əhali yaşayır və əməliyyatlarla əlaqədar onlar yerlərini tərk edirlər. Bu, çox ciddi humanitar böhrana səbəb olsa da Qərb buna göz yumur.
“Qarabağdan fərqli olaraq, Qəzzada dinc əhali doğrudan da blokadaya alınıb və çox ciddi humanitar böhran var”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli bunu Qərbin çoxüzlü siyasəti ilə əlaqələndirdi: “Məsələ ondadır ki, Qərb zaman-zaman problemlərə öz maraqları konteksindən, bir də onlara pul verənlərin nöqteyi-nəzərindən yanaşır. Antiterror tədbirlərinə qədər Qarabağla bağlı böyük şou yaratmışdılar. Məsələni Avropa İttifaqı, BMT müstəvisinə çıxarmışdılar. Halbuki, elə bir kritik durum yox idi. Yəni heç də təqdim olunduğu kimi, Qarabağ erməniləri humanitar fəlakətlə üzləşməmişdilər. Xəstələr Qırmızı Xaç Komitəsinin vasitəsi ilə Ermənistana aparılırdı, zəruri ərzaq və digər məhsulları Rusiya sülhməramlıları Qarabağa daşıyırdılar. Ancaq erməni lobbisindən maddi baxımdan bəhrələnən Avropa qurumları elə saxta fon yaradırdılar ki, sanki Qarabağda böyük “humanitar fəlakət” yaşanır. Ancaq Qarabağdan fərqli olaraq, Qəzzada dinc əhali doğrudan da blokadaya alınıb və çox ciddi humanitar böhran var. BMT və digər aparıcı dövlətlər səviyyəsində bu məsələ ilə bağlı müəyyən tədbirlər görülməlidir. Çünki miqyas kifayət qədər böyükdür. Söhbət 2 milyon nəfər əhalidən gedir. Ancaq biz görürük ki, bütün bunlar aparıcı dövlətləri o qədər də narahat etmir. Niyə? Çünki bütün bunlar Qərbin marağına deyil. Marağında olsaydı, dərhal buna reaksiya verərdilər. Gərəkən humanitar xarakterli tədbirləri görərdilər. Vicdanları olsaydı, buna səssiz qalmazdılar və daha çevik reaksiya verərdilər. Əfsuslar olsun ki, belə bir istək və təşəbbüs görmürük”.
Vidadi ORDAHALLI