Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Medvedev Almaniyanın Ukrayna ordusu üçün hərbi avadanlıq istehsal edən müəssisələrin birbaşa hücuma "layiq" olduğunu bildirib.
Bu barədə Medvedev sosial media hesabında Almaniyanın Leypsiq-Halle hava limanında partlayıcı maddələrlə yüklənmiş dron aşkarlanmasından sonra Rusiyaya qarşı müəyyən tədbirlər görmək qərarına münasibət bildirərkən deyib.
Almaniyanın dronlarla bağlı ittihamlarının əsassız olduğunu vurğulayan Medvedev bildirib ki, Almaniya hökuməti Rusiyaya qarşı düşmənçilik mövqeyi sərgiləyir: "Onlar (almanlar) Bandera rejimi üçün hərbi avadanlıq istehsal edən obyektlərə və ya hətta Berlindəki digər yerlərə birbaşa hücuma layiqdirlər".
Medvedev Ukrayna Prezidenti Zelenskinin Rusiya mülki aviasiyasına qarşı təhdidinə də münasibət bildirib: "Terrorçularla danışıqlar aparılmaz, onların hərəkətlərinə görə qisas alınır. Hər cür terrorun sponsorları var. Hazırda bunlar Qərb ölkələrinin, əsasən də Avropa ölkələrinin liderləridir. Onlar tez-tez Kiyevə qatarla gedirlər".
Tahir TAĞIYEV