Mina təhlükəsi heç bir ölkənin təkbaşına öhdəsindən gələ bilməyəcəyi qədər böyük bir çağırışdır. Bu, həmrəylik, dostluq və hər şeydən əvvəl davamlı beynəlxalq öhdəlik tələb edir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, builki konfrans təhlükəsiz məskunlaşma və bərpa üçün humanitar minatəmizləmə mövzusuna diqqət yetirir.
“Builki konfrans təhlükəsiz məskunlaşma və bərpa üçün humanitar minatəmizləmə mövzusuna diqqət yetirir. Lakin mən öz çıxışımda bu mövzuya bir qədər fərqli rakursdan — mina təmizləmə fəaliyyətinin sülhün bərqərar olunmasının bir hissəsi kimi oynadığı roldan yanaşmaq istərdim.
Buradakı əsas mesaj çox sadədir: müharibənin fiziki fəsadları insanların həyatına təhlükə yaratmağa, hərəkətliliyi məhdudlaşdırmağa, iqtisadi fəallığı, keçmiş məcburi köçkünlərin qayıdışını ləngitməyə davam etdikcə, sülhü tam bərqərar olunmuş hesab etmək olmaz. Sülh yalnız siyasi sazişlərlə yaradılmır. Sülh yerində, real həyatda görünən olmalıdır. Lakin Azərbaycanda sülhü görünən etmək üçün ən böyük maneələrdən biri yerin altındadır. 2020-ci ilin sonundan bəri Azərbaycanda 437 nəfər minaların qurbanı olub — həlak olub və ya yaralanıb”,- deyə E.Əmirbəyov bildirib.