Azərbaycan Qarabağda öz suverenliyini tam bərpa etməsilə regionda 30 ildən çox davam edən münaqişənin bitməsi Fransanı daha da qıcıqlandırıb. Fransanın müdafiə naziri Sebastyan Lekornyu açıq mətnlə bəyan edir ki, ölkəsi Ermənistanın müdafiə sahəsində tələbatlarını araşdırır: “Prezidert şəxsən prosesləri izləyir, çünki bu məsələ Fransa üçün çox vacibdir. Makron bildirib ki, bizim üçün əsas məqsəd Ermənistanın ərazi bütövlüyü, suverenliyi və ölkə əhalisinin müdafiəsidir”.
Nazir ardınca ölkəsinin Ermənistanda hərbi missiya açması ilə öyünüb: “Biz Ermənistanda indiyədək mövcud olmayan hərbi missiya açmışıq. Bu missiya bizə gündəlik olaraq Ermənistan ordusu və hakimiyyəti ilə əlaqədə olmaq, onların müdafiə sahəsində tələbatlarını öyrənməyə imkan verəcək”.
Görünən budur ki, Fransa bu gün Cənubi Qafqazda da Afrika siyasəti yürütməyə çalışır, bölgədə sülhün bərqərar olması Parisin maraqlarına cavab vermir.
Fransadan gələn bu bəyanatlar Parisin Ermənistanı yeni müharibəyə təhrik etməsinə əsas ola bilərmi?
Müstəqil siyasətçi Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Fransanın müdafiə naziri Ermənistandakı səfirlikdə hərbi attaşenin fəaliyyətə başladığını dedi: “Bundan əvvəl xarici işlər naziri attaşenin işə başlamağa hazırlaşdığını bəyan etmişdi. Ona görə də ilk növbədə o aydın deyil ki, hərbi attaşe işə başlayıb, ya başlamağa hazırlaşır? İkincisi, Fransa Ermənistanın hərbi sahədə tələbatlarını öyrənməyə cəhd göstərir. Yəni Ermənistanın hərbi tələbatı Fransaya məlum deyilmi? Bir qədər əvvəl Ermənistanın müdafiə naziri Papikyan Fransaya səfər etmişdi. Uzunmüddətli səfər oldu. Başqa səfərlər də baş tutmuşdu. Hərbi tələbat barədə dəfələrlə söhbət oldu. Ona görə də, mən belə bəyanatların verilməsini son hadisələr zamanı Fransanın çarəsiz durumda olması, hansısa formada kompensiyaya yönəlmiş davranış sayıram. Ermənilər Fransadan çox şey gözləyirdilər. Fransanı çox böyük gücə malik dövlət hesab edirlər. Ancaq nə BMT - nin müzakirələrində, nə sonrakı hadisələr vaxtı onların ümidləri Fransa tərəfindən doğrulmadı. Heç kimə sirr deyil ki, bu gün Ermənistanda ən populyar dövlət İrandı. Respublikaçılar İnstitutunun Ermənistanda keçirdiyi son rəy sorğusu göstərdi ki, Ermənistan əhalisi öz təhlükəsizliyinin təmin olunmasında əsas dövlət olaraq İranı hesab edir. Yalnız bundan sonra Fransa və Rusiya gəlir. Təbii ki, bu da Fransanı narahat edir. Ona görə də bu cür bəyanatlar verirlər. Ermənistanın yanında olduqlarını göstərməyə çalışırlar. Ancaq bütün dünya və ermənilər də gördülər ki, Fransanın yanında olmaq ritorikası sözdən o tərəfə keçmədi. Məlumdur ki, Azərbaycan Fransa ilə hərbi sahədə əməkdaşlıq edir. İkinci Qarabağ müharibəsindən əvvəl başlayıb bu əməkdaşlıq. İndi Ermənistanla da hərbi sahədə əməkdaşlığa təkan vermək istəyirlər. Təbiidir ki, bu, bölgədə müəyyən qədər sabitliyi pozmağa, erməniləri yanlış addımlar atmağa yönəldə bilər. Ancaq hələ bu ehtiyacların ödənilməsi, sonradan Ermənistanın nəzərdə tutulan silahları alması üçün maliyyə mənbələri axtarıb tapması, alınan silahların hansı marşurutla gətiriləcəyinin müəyyən olunması və s. problemlər qısa müddətdə həll olunacaq məsələlər deyil. Mən yaxın illərdə Fransanın bölgədə möhkəmlənmək imkanlarını o qədər də real hesab etmirəm. Əlbəttə, bu cür cəhdlər var. Nəzərə alsaq ki, Rusiya ilə Ermənistan arasında artıq bütün körpülər yandırılıb, bu, Fransanın da, Qərbin də bölgəyə daxil olmaq imkanlarını artırır. Ancaq Rusiya da tam gücünü itirməyib. Ukrayna cəbhəsində hadisələr də hələlik Rusiyanı qane edəcək səviyyədə davam edir. Ona görə də, Ermənistanın Rusiyanı oyundan kənar qoymaq cəhdləri bundan sonra Ermənistana əlavə, çox ciddi problemlər yarada bilər. Ancaq geriyə də yol artıq yoxdur. Güman etmək olar ki, sülh danışıqlarının Moskva platforması, demək olar ki, mövcud deyil. Çox böyük ehtimalla, Ermənistan bu danışıqlarda iştirak etməyəcək. Bu da müəyyən qədər Azərbaycanın maraqlarına cavab verir. Mən hesab edirəm ki, sülh sazişi Qərbin vasitəçiliyi ilə imzlansa, bu bizim üçün daha yaxşı olardı. Fransanın təxribatları bundan sonra da davam edəcək. Son hadisələr də göstərdi ki, bu təxribatların ciddi nəticələr verməsi ehtimalı son dərəcə aşağıdır”.
Məhəmmədəli QƏRİBLİ