Məlum olduğu kimi, noyabrın 23-də Ermənistanın sədrliyi dövründə İrəvanda KTMT-nin sonuncu zirvə toplantısı keçirildi. Bu qurumdakı müttəfiqlərini anti-Azərbaycan əhval-ruhiyyəsinə kökləməyə çalışan rəsmi İrəvan, demək olar ki, tam əks reaksiya ilə üzləşdi. KTMT üzrə müttəfiqlərinin Ermənistanın tələblərini rədd etməsi Paşinyan hökumətini şoka saldı.
Təxminən bir ay əvvəl İrəvanın təkidi ilə onlayn formatda KTMT-nin növbədənkənar sessiyasında Nikol Paşinyanın Azərbaycanı ram etmək tələbinə Belarus prezidenti Aleksandr Lukaşenkonun sərt reaksiyası əslində həm Ermənistan hakmiyiyyəti, həm də oradakı qızğın beyinlər üçün xəbərdarlıq idi. Amma “qapıdan qovurlarsa, pəncərədən gir” prinsipinə sadiq qalan İrəvan KTMT-yə sədrliyi dövründə sonuncu saman çöpündən yapışaraq, Azərbaycana qarşı qurumdan heç olmasa nə isə qoparmağa çalışdı. Ancaq sammitdə Ermənistan KTMT üzrə müttəfiqləri tərəfindən indiyədək görmədiyi sərt reaksiya ilə üzləşdi. KTMT dövlətləri bir daha Ermənistanın destruktiv siyasəti naminə Azərbaycanla münasibətlərini zərbə altına qoymaq niyyətində olmadıqlarını və əvvəlki mövqelərində qaldıqlarını sərgilədilər.
Yəni Paşinyan KTMT sammitində demək olar qarşıya qoyduğu hədəflərin heç birinə çatmadı, tam fiasko ilə üzləşdi. KTMT xəttilə Azərbaycanın guya Ermənistana təcavüz etməsi ilə bağlı bir siyasi qiymətləndirmə ortaya çıxara bilmədi. Azərbaycanı təcavüzdə ittiham edən və guya indiyə qədərki erməni torpaqlarından geri çəkilməsinə çağırış edən bir sənəd qəbul edə bilmədi. Bununla bağlı KTMT-nin “Yol xəritəsi”nə nail ola bilmədi. Baxmayaraq ki, iki sənədi - yekun bəyannaməni və Ermənistana birgə yardım dəstək tədbirləri ilə bağlı sənədi imzalamadı, amma bu nəyisə dəyişə bilmədi. Bunlar da əslində Ermənistanın tam fiaskoya uğramasının əlaməti idi. Çünki Paşinyan çıxışında dedi ki, KTMT nizamnaməsinin 3-cü maddəsinə görə, üzv ölkələrin kollektiv müdafiəsində birinci növbədə siyasi-diplomatik vasitələrə üstünlük verilir. Buna görə də təklif edirik KTMT qərar versin ki, Azərbaycana siyasi-diplomatik təsirlər güclənsin. O mənada ki, Azərbaycan Ermənistan torpaqlarından çıxsın. Paşinyanın bu istəyi də havada qaldı və sessiyada belə bir qətnamə qəbul olunmadı. Baxmayaraq ki, KTMT ölkələrini təmsil edən dövlət başçılarının tədbirdə Ermənistana ögey münasibəti bəlli idi, amma Paşinyan bu amili nəzərə alaraq buna uyğun gündəlik müəyyən edə bilmədi. Bütün bunlar Ermənistan hakimiyyətinin hətta üzv olduğu beynəlxalq təşkilatın özünün geosiyasətini yaxından bilmədiyinin, onu proqnozlaşdıra bilmədiyinin bir göstəricisidir. Paşinyan hesablaya bilmədi ki, KTMT kimi bir təşkilat Azərbaycan kimi ölkəni Ermənistanın ayağına verə bilməz. İndiyə qədər tarixdə belə bir hal olmayıb ki, hansısa bir ölkə beynəlxalq təşkilatın zirvə görüşünü təşkil etsin, həmin zirvənin sənədini özü imzalamaqdan imtina etsin. Hansısa bir dövlət beynəlxalq təşkilatın konfransını təşkil etsin, amma özü həmin konfransda təklənsin, heç bir nəticəyə nail ola bilməsin. Belə bir hal yalnız noyabrın 23-də İrəvanda baş verdi.
“Əslində Paşinyan məqsədyönlü şəkildə belə vəziyyət yaratdı”
Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, KTMT sammitində yaşananlar Ermənistan üçün analoqu olmayan bir uğursuzluq mənzərəsi idi: “Nə qədər naşı siyasətçi olasan ki, bunları görməyəsən və hesablamayasan. Ən azından Azərbaycanla KTMT-nin əksər üzvləri arasında olan yaxın münasibətlər nəzərə alınmalı idi. Paşinyan 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanı provokasiyaya çəkərək KTMT ilə qarşıdurmaya cəhd etdi, amma alınmadı. Daha sonra 2021-ci ilin mayından bunu rəsmi müstəviyə çıxarmağa cəhd etdi. Guya ki, Azərbaycan Laçın rayonu istiqamətindən Ermənistan ərazisinə daxil olub. Ondan sonra da dəfələrlə KTMT-yə müraciət etdi ki, məsələyə qurum müdaxilə etsin, amma alınmadı. Çünki bunun heç bir hüquqi əsası yox idi. Sonuncu İrəvan toplantısında da KTMT-nin Paşinyanın istəklərini qəbul etməyəcəyi bəlli idi. Ən azından, Rusiyanın bəzi rəsmiləri buna eyham vururdular. Ancaq Paşinyan bilərəkdən prosesləri dramatikləşdirmək yolunu tutdu. Nəticədə biabırçı bir fiasko ilə üzləşdi. Digər tərəfdən hesab edirəm ki, Paşinyan məqsədyönlü şəkildə belə vəziyyət yaratdı. Çünki əslində Nikol KTMT-yə nifrət edir. Onu hakimiyyətə gətirən Qərb qarşısına Rusiyadan uzaqlaşmaq məqsədi qoyub. Bunun üçün də birinci növbədə Ermənistanda KTMT-yə olan inamı sarsıtmaq lazımdır. İctimaiyyətə göstərmək lazımdır ki, baxın, qurum Ermənistana sahib çıxmır. Paşinyan əsasən buna nail oldu. Hakimiyyətə gələn kimi, o vaxt KTMT katibi Yuri Xaçaturova cinayət işi açıldı. Daha sonra digər addımlar atıldı. Media vasitələrində kəskin tənqidlər artdı. Bütün bunların nəticəsi idi ki, Putinə qarşı İrəvanda mitinqlər keçirildi. Paşinyanın indi imkanı olsa, KTMT-dən çıxmaqla bağlı qərar verəcək. Sadəcə, o bundan qorxur”.
İAT sədri onu da əlavə etdi ki, Ermənistanla KTMT arasında olan gərginlik daha da artacaq.
Vidadi ORDAHALLI