Ukrayna Silahlı Qüvvələri (UAH) sentyabrın 14-dən 15-nə keçən gecə Rusiyanın Volqoqrad və Samara vilayətlərinə dron və raket hücumu həyata keçirib. Sebryakovsement Mixaylovka Sement Zavodu və Sızran neft emalı zavodu da hədəf alınıb.
Regional qubernator Vyaçeslav Fedorişçevin sözlərinə görə, Samara bölgəsi 40-dan çox dron hücumuna məruz qalıb. Ukraynanın "Eksilena+" monitorinq kanalının məlumatına görə, Sızran neft emalı zavoduna zərbə endirilib. Hücumdan sonra ərazidəki neft məhsulları saxlama çənləri yanıb. Ukraynanın 4 avqustda da "Rosneft"ə məxsus sözügedən neft emalı zavoduna zərbə endirmişdi.
Volqoqrad vilayətinin Mixaylovka şəhərindəki Sebryakovsement zavodunda da partlayış səsləri eşidilib. Partlayış 5 nömrəli sement sobasının yaxınlığında baş verib.
Regional qubernator Yuri Slyusar kütləvi raket hücumundan sonra Rostov vilayətində də bir neçə yanğın baş verdiyini bildirib. Onun sözlərinə görə, hücum zamanı Ozon logistika mərkəzinə də ziyan dəyib.
Ozon şirkətinin mətbuat xidməti şirkətin logistika tərəfdaşının çatdırılma mərkəzinin təxliyə edildiyini bildirib. "Bütün sistemlər normal işləyib və ilkin məlumata görə, heç kim xəsarət almayıb", - deyə açıqlamada bildirilir.
Exilenova+-a görə, raket zərbəsinin hədəflərindən biri hərbi təyyarələri təmir edən və modernləşdirən G.V. Beriyev adına Taqanroq Aviasiya Elmi-Texniki Kompleksi olub.
Tahir TAĞIYEV