“Laçından çıxacağıq, Zabuxdan yox"- ermənilər antiterror əməliyyatını yetişdirir…

img

Azərbaycanın Qarabağ ərazisinin bir hissəsində fəaliyyət göstərən separatçıların başçısı Araik Arutyunyan deyib ki, Laçın və Sus sakinləri sosial proqramlar çərçivəsində təzminat alıblar: “Biz Laçından yan keçməliyik. Ermənilərin bu yaşayış məntəqələrindən çıxarılması məsələsi bu gün müzakirə olunmayıb. Biz heç kimə deməmişik ki, Laçından çıxın, amma çətin ki, soydaşlarımız Laçında yaşamağa davam edə. Zabuxla bağlı isə danışıqlarımızı və mübarizəmizi davam etdirəcəyik.

Marşrutla bağlı Azərbaycan və Rusiyadan bir neçə təklif almışıq. Bütün təkliflər rədd edildi. Burada açmaq istəmədiyim sirlər var”.  “Ədalət” partiyasından olan deputat David Qalstyanın 10 noyabr bəyanatı ilə bağlı “Ermənistan tərəfi heç olmasa bir bəndin icrasını dayandıra bilmir” sualına Arutyunyan bu cür cavab verib:

“Biz bəyanatın 6-cı bəndini yerinə yetirməkdən imtina edə bilərik, lakin bunun nəticələrini müzakirə etməliyik. Mən də Laçından çıxmaq siyasətinə qarşıyam, amma 120 min insanımızın taleyini düşünməliyik”.

Göründüyü kimi, ermənilər üzərlərinə götürdükləri bu öhdəliklə bağlı da cığallıq etmək istəyirlər. Belə olan təqdirdə, Azərbaycan üçün məhz həmin ərazilərdə antiterror əməliyyatlarının keçirilməsi labüd olurmu?

Ramil Məmmədli: “Tabe olmayacaqları təqdirdə Azərbaycan ordusu onlara lazım olan dərsi verəcək”

Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, yeni yol çəkildikdən sonra həmin ərazilər Azərbaycanın tam nəzarətinə keçəcək: “Laçın dəhlizi Rusiya sülhməramlı qüvvələrinin nəzarətindədir və Azərbaycan qoşunlarının hərəkəti üçün də açıqdır. Yəni İrəvanın və ya Xankəndinin nəzarətindən tamamilə çıxıb. Dəhlizin müstəsna beynəlxalq statusu müəyyən olunmayana qədər İrəvan bu barədə Rusiya-Azərbaycan razılaşmasının qarşısını ala bilməz. Ermənistanın Azərbaycanın yaratdığı reallıqla barışmaqdan başqa çarəsi yoxdur. Əgər orada yaşayan ermənilər, Azərbaycan Konstitusiyasına uyğun yaşamaq fikirləri olarsa, təbii ki, orada qala bilərlər, əks halda onlar oranı tərk etməlidir. Lakin son vaxtlar həmin ermənilər ”biz buranı tərk etməyəcəyik” kimi absurd bəyanatlarla çıxış edirlər.

Laçın rayonunun Zabux kəndində qanunsuz yaşayan ermənilərin rəhbəri Andranik Çavuşyan bildirir ki, buranı tərk etməyəcəklər: “Ordumuz yoxdur? Hakimiyyətimiz yoxdur? Ermənistan tərəfi niyə güzəşt mövqeyi tutub? Bir metr torpağı itirməmək üçün qurban verirdik, indi insan canını qurtarmaq üçün torpaq veririk? Kim dedi ki, bizə belə həyat lazımdır? Bizə kölə həyatı lazım deyil”.

Təbii ki, bunların hamısı cəfəngiyatdır. Azərbaycan Konstitusiyasına zidd olan və zidd hərəkətləri ilə özünü göstərməyə çalışan hər bir şəxsə qarşı dövlətimiz tərəfindən antiterror əməliyyatı keçiriləcək. Bu şəxslər içərisində heç bir statusu, heç bir dövlətin vətəndaşlığı olmayan  şəxslər də var ki, onlara qarşı birmənalı şəkildə antiterror əməliyyatı keçirilə bilər. Xatırladım ki, hazırda həmin ərazilər rus sülhməramlıların nəzarətindədir, lakin tezliklə yol hazır olduqdan sonra həmin əraziləri tərk etməlidirlər. Tabe olmayacaqları təqdirdə Azərbaycan ordusu onlara lazım olan dərsi verəcək. Buna sülhməramlılar da etiraz edə bilməz. Çünki bu öhdəliyi imzaları ilə üzərlərinə götürüblər”.

Məhəmmədəli QƏRİBLİ

 

Peşə etikası

Son xəbərlər