Ermənistan və Türkiyə xüsusi nümayəndələri Vyanada bir neçə razılaşma əldə etdilər...

Əli Mustafayev: “İki ölkənin sərhəd məsələsində anlaşması müsbət perspektivlər vəd edir”

img

Vyanada Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr - səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında dördüncü görüş keçirilib.

Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, görüş çərçivəsində tərəflər Türkiyə ilə Ermənistan arasında quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçməsi üçün ən qısa zamanda açılması barədə razılığa gəliblər və bununla bağlı lazımi prosesin başlanmasına qərar verilib. Həmçinin nümayəndələr arasında Türkiyə və Ermənistanın havadan yük daşınmalarının mümkün qədər tez başlaması barədə razılıq əldə olunub.

Onu da qeyd edək ki, Vyanada baş tutan dördüncü görüş nəticəsində iki ölkə arasında tam normallaşmaya nail olmaq üçün atıla biləcək digər mümkün konkret addımlar da müzakirə edilib və normallaşma prosesinin ilkin şərt olmadan davam etdirilməsi ilə bağlı konsensus əldə olunub.

Maraqlıdır, bütün bunlar tərəflər arasında sonrakı proseslərin müsbət istiqamətdə inkişafı üçün nə vəd edir?

“Ermənistan anlayır ki, Avropa ilə yaxınlaşmaq üçün Türkiyə ilə əməkdaşlıq qaçılmazdır”

Məsələyə münasibət bildirən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafayev buna bir neçə prizmadan yanaşdı: “Əvvəla, Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması uzun müddətdir gündəmdədir. Hətta regionda 6 dövlətin əməkdaşlıq müstəvisinin qurulması gündəmdədir. Bütün bunlar Cənubi Qafqazda sülhün və sabitliyin davamlı olmasına xidmət edir. Biz nəzərə almalıyıq ki, Ermənistan Avropa İttifaqına yaxınlaşmağa çalışır. Bu və ya digər formada Rusiyanın nüfuz dairəsindən qaçmağa çalışır. Düzdür, ermənilərin hiləgərliyini nəzərə alsaq, bu bir qədər təbəddülatlı görünür. Ancaq ermənilər perspektiv inkişafı Avropa ilə yaxınlaşmaqda görürlər. Rusiya zəifləyən kimi Ermənistan açıq formada Avropaya doğru üz tutacaq. Ermənistan anlayır ki, Avropa ilə yaxınlaşmaq üçün Türkiyə ilə əməkdaşlıq qaçılmazdır. Türkiyə də anlayır ki, 85 milyonluq Türkiyə ilə 3 milyonluq Ermənistanın əməkdaşlığı bütün hallarda güclünün xeyrinə olacaq. Bir şeyi unutmaq olmaz ki, regionda sülhü təhdid edən qüvvə Rusiyadır. Rusiyanın regiondan getməsi ilə bölgəyə sülh gəlir. Hamıya bəllidir ki, regionda ermənilərdən maşa kimi istifadə edən dövlət Rusiyadır. O baxımdan hesab edirəm ki, Türkiyə və Rusiyanın sərhəd məsələsində anlaşması müsbət perspektivlər vəd edir. Türkiyə bütün addımlarını atanda Azərbaycanın da maraqlarını nəzərə alır. Hesab edirəm ki, ermənilərun bu prosesdən ehtiyat etməsinə, çəkinməsinə lüzum yoxdur. Yəni yaxşı mənada region ölkələri ilə əməkdaşlıq dönəmi gəlir. Bu, ermənilərin əvvəlki təcrid siyasətini puç edir. Anlayırlar ki, Türkiyə və Azərbaycanla əməkdaşlıq olmadan inkişaf mümkünsüzdür. Bu, həm də region ölkələrinin sosial-iqtisadi inkişafına müsbət təsir edir”.

Bir sözlə, Əli Mustafayev prosesin müsbət istiqamətdə inkişaf edəcəyi qənaətindədir.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər