BMT-nin rəqibi, ya alternativi - Beynəlxalq Qoşulmama Təşkilatı...

Qulamhüseyn Əlibəyli: “Qoşulmama Hərəkatının timsalında yeni bir təşkilatın yaranması zərurətə çevrilir”

img

“Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına və bəlkə də müəyyən mərhələdə onun təşkilata çevrilməsinə yönəlib”.

Bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında deyib.

Ölkə başçısının fikrincə, bununla bağlı müzakirələrin vaxtı çatıb: “Bilirəm ki, Qoşulmama Hərəkatının tarixində bununla bağlı müzakirələr olub və bəlkə də bu müzakirələri yenidən başlamağın vaxtı çatıb. Çünki bu gün biz dünyada qlobal qütbləşmənin, müharibənin, münaqişənin, proqnozlaşdırıla bilinməyən vəziyyətin, ərzaq, enerji və humanitar böhranların şahidi oluruq. Hesab edirəm ki, Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər. Azərbaycan olaraq biz bunu görmək arzusundayıq və ümid edirəm ki, bizim hörmətli qonaqlarımız, Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentlərinin nümayəndələri bu işə töhfə verəcək və əlbəttə ki, mən də Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıları ilə məsləhətləşmələrimi davam etdirəcəm”.

Nəzərə almaq lazımdır ki, Qarabağ müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının Azərbaycana qarşı qətnamə qəbul etməsinin qarşısını Qoşulmama Hərəkatı aldı. Həmin vaxt BMT TŞ-nin qeyri-daimi üzvü olan ölkələr buna imkan vermədi. Həmin dövlətlər də Qoşulmama Hərəkatının üzvləri idi. Bütün bunlar həm də o deməkdir ki, Qoşulmama Hərəkatı təşkilata çevriləndən sonra daha güclü qurum ola bilər.

Maraqlıdır, Qoşulmama Hərəkatının təşkilata çevrilməsi gerçəkləşərsə, bu bir təşkilat olaraq BMT-nin rəqibi və yaxud da alternativi olmaq baxımından hansı perspektivlərə malik ola bilər? Bu şanslar nə qədərdir?

“Bu təşkilatın BMT-nin alternativi olub-olmamasını zaman göstərəcək”

Məsələyə münasibət bildirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin fikrincə, Qoşulmama Hərəkatının təşkilata çevrilməsi üçün zərurət var: “Çünki Qoşulmama Hərəkatı son illər xeyli fəallaşıb. Xüsusən də 2019-cu ildə Azərbaycan quruma rəhbərlik edəndən sonra siyasi sahədə, beynəlxalq münasibətlərdə Hərəkat çox fəal görünür. Ona görə də bunu inkişaf etdirmək daha məqsədəuyğun olar. Düzdür, Qoşulmama Hərəkatının təşkilata çevrilməsi birdən-birə alınmayacaq. Ancaq müəyyən dövrdən sonra bunun bəzi strukturlarını yaratmaq lazımdır. İllər əvvəl Türkdilli Dövlətlərin Şurası var idi. Artıq bunun Türk Dövlətləri Təşkilatına çevrilməsi prosesi başlayıb. Hesab edirəm ki, Qoşulmama Hərəkatı da zamanla təşkilata çevrilə bilər. BMT öz funksiyasını lazımı qədər yerinə yetirə bilməyən təşkilatdır. Bu mənada Qoşulmama Hərəkatının timsalında yeni bir təşkilatın yaranması zərurətə çevrilir. Təşkilat bütün dövlətləri yox, əksər ölkələri əhatə edə bilər. Yəni hərbi bloklarda təmsil olunmayan dövlətləri. Bu təşkilatın BMT-nin alternativi olub-olmamasını zaman göstərəcək. Ancaq Qoşulmama Hərəkatının strukturlaşması, təşkilata çevrilməsi onun gələcəkdə daha da inkişaf etməsinə kömək edəcək”.

Bir sözlə, partiya sədri Qoşulmama Hərəkatının təşkilata çevrilmək perspektivinə malik olması qənaətindədir.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər