Rusiya lideri Vladimir Putin bəyan edib ki, dost hesab etmədikləri ölkələr Rusiya qazını yalnız rublla ödəyərək ala bilərlər.
Putin ABŞ və Avropa İttifaqına malların tədarükü üçün artıq ödənişin dollar və ya avro ilə alınmasının mənasız olduğunu deyib. “Dost olmayan ölkələrə qaz satışı ödənişlərində rus rubluna keçməyi planlaşdırırıq”, - Putin deyib.
Qərb ölkələrinin Rusiya aktivlərini donduraraq qeyri-qanuni addımlar atdığını vurğulayan Putin, “Qərb əslində öz valyutalarına olan inamı zədələdi. İndi hamı bilir ki, dollar və avro üzrə öhdəliklər yerinə yetirilməyə bilər” deyib.
Putin əlavə edib ki, Rusiya hökumətinə və “Qazprom”a qaz satışında ödənişlərin rubla aparılması prosesinə başlamağı tapşırıb. Tarixin ən ağır sanksiyaları ilə üz-üzə qalan Putin, sözügedən tənzimləmənin tətbiqi üçün bir həftə vaxt verib.
Rusiya hökuməti martın 7-də Rusiyaya “dost olmayan” ölkələrin siyahısını təsdiqləyib. Rusiyanın dostu olmayan ölkələrin siyahısı belədir: Avropa İttifaqının üzv dövlətləri, Avstraliya, Albaniya, Andorra, ABŞ, Anguilla, Birləşmiş Krallıq (İngiltərə), Britaniya Virginiya Adaları, Cəbəllütariq, Cənubi Koreya, İsveçrə, İslandiya, Yaponiya, Kanada, Monteneqro, Şimali Makedoniya, Lixtenşteyn, Mikroneziya, Monako , Norveç, San Marino, Sinqapur, Tayvan, Ukrayna, Yeni Zelandiya.
Onu da bildirək ki, bu gün Avropada qazın qiymətlərində yenidən artım qeydə alınıb. Qiymət artımında Rusiya prezidenti Putinin və Almaniya kansleri Olaf Şolz açıqlamaları təsirli olub.
Olaf Şolz ölkəsinin Rusiyanın neft, qaz və kömüründən uzunmüddətli asılılığına son qoymaq istədiyini bildirib. "Biz Rusiyadan müstəqil və eyni zamanda etibarlı enerji mənbələrinə sahib olmaq istəyirik. Təchizat mənbələrimizi şaxələndiririk" - Kansler deyib.
Lakin Şolz bu addımın dərhal atılmasının Almaniyada və bütün Avropada problemlər yarada biləcəyini deyib.
Tahir TAĞIYEV