Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə toplantısının yekununda Aşqabad Bəyannaməsi qəbul edilib. Aşqabad Bəyannaməsində İƏT üzvləri Azərbaycanın azad edilmiş ərazilərinin qurulmasına və yenidənqurulma layihələrinə investisiya yatırmağa dəvət edilib.
Bunun əhəmiyyəti nədir?
Ekspertlər qeyd edir ki, bu, Aşqabad Bəyannaməsində yer alan ən önəmli məqamlardan biridir və üzv ölkələrə Azərbaycanın azad edilmiş ərazilərinin qurulması və yenidənqurulma layihələrinə investisiya yatırmağa çağırışlar edilməsi müsbət nəticələrə səbəb olacaq.
Ekspertlər hesab edir ki, bu çağırış, eyni zamanda, İƏT-lə yanaşı KTMT üzvü olan ölkələrin də Azərbaycan ərazilərinin yenidən qurulması prosesində fəal iştirak edəcəklərini, həyata keçirilən və keçirilməsi nəzərdə tutulan layihələrə investisiya yatıracaqlarını ifadə edir.
“İƏT ölkələrinin də bu prosesdə iştirakının sürətlə reallaşması, həyata keçməsi, onların bu işlərə dəstək olması bizim qarşıya qoyduğumuz hədəflərə daha tez nail olmağımıza...”
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Bakı-Xəbər”ə bildirdi ki, bütövlükdə Aşqabad görüşünün bütün mənalarda əhəmiyyəti böyükdür.
“İƏT XV Zirvə Toplantısında qəbul edilən sənədlərin hər biri əhəmiyyətli və faydalıdır. Aşqabad görüşü kifayət qədər effektiv bir görüş idi. Burada həm çoxtərəfli, həm də müxtəlif dövlətlərlə qarşılıqlı əlaqələrin qurulmasında kifayət qədər zəngin və kifayət qədər tarixi müqavilələr imzalandı. Hesab edirəm ki, Azərbaycanın Türkmənistan qazını İran üzərindən alması ilə bağlı imzalanan üçtərfli müqavilənin böyük əhəmiyyəti var. Bu, tarixi bir hadisəsdir”.
V.Rəhimzadənin sözlərinə görə, İƏT ölkələrinin azad ərazilərimizin yenidən qurulması və bərpa işlərinə cəlb edilməsi ilə bağlı çağırış da Aşqabad görüşündəki uğurlardandır. “Bütövlükdə, İƏT ölkələri ilə belə görüşlərin sayı nə qədər çox olarsa, bu, münasibətlərin daha yüksək səviyyədə qurulmasına böyük töhfələr verəcək. İşğaldan azad edilmiş ərazilərimizdə quruculuq-bərpa işlərində İƏT ölkələrinin iştirakı çox müsbət nəticə verər. Hesab edirəm ki, Aşqabad Bəyannaməsində bu dəvətin, çağırışın ifadə olunması kifayət qədər təqdirəlayiq haldır. Qardaş Türkiyə azad edilmiş ərazilərimizin bərpasında, quruculuq işlərində çox aktiv iştirak edir. Fikrimcə, digər İƏT ölkələrinin də bu prosesdə iştirakının sürətlə reallaşması, həyata keçməsi, onların bu işlərə dəstək olması bizim qarşıya qoyduğumuz hədəflərə daha tez nail olmağımıza mühüm töhfələr verəcək” - deyə V.Rəhimzadə vurğuladı.
İradə SARIYEVA