Erməni müxalifətinin Zəngəzur bəhanələrinə son qoyulur...

img

Son günlərdə Ermənistanda ictimai-siyasi müstəvidə hadisələrin inkişaf axarı daha dramatik xarakter almağa başlayıb. Xüsusən müxalifətin kütləvi itaətsizlik aksiyasına başlaması vəziyyəti daha da gərginləşdirir. Müxaliflər baş nazir Nikol Paşinyan istefaya gedənə qədər aramsız etiraz aksiyalarının davam etdirələcəyini də bəyan ediblər.

Xatırladaq ki, fevralın 20-də əsas müxalifət partiyalarının birləşdiyi "Vətənin xilası uğrunda hərəkat" hakimiyyətə qarşı çoxsaylı insanın iştirakı ilə etiraz mitinqi keçirib. Hərəkatın koordinatoru İşxan Sagatelyan bildirib ki, kütləvi itaətsizlik aksiyası planlaşdırılır. Etirazçılar baş nazir Nikol Paşinyan və onun komandasının istefa verməsini tələb edir. Artıq kütləvi itaətsizlik aksiyasına başlanıb. Etiraz edənlərin baş nazirə qarşı əsas arqumentlərindən biri Sünik (Zəngəzur) bölgəsi ətrafında yaşananlardır. Müxalifət bundan Paşinyan iqtidarına qarşı faydalanmağa can atır. Ümumiyyətlə, hazırda Ermənistanda ən çox müzakirə olunan məsələlərdən biri də Sünik bölgəsində strateji əhəmiyyətli ərazilərin Azərbaycanın nəzarətinə keçməsidir. Burada xatırladaq ki, Ermənistan işğal dövründə dövlət sərhədini Qubadlı və Zəngilan istiqamətində irəli çəkərək, Gorus-Qafan-Mehri bölgəsini sərhəd bölgə statusundan çıxarmışdı. 44 günlük müharibə nəticəsində 30 illik işğala son qoyan Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədini də bərpa etdi. Hazırda işğal dövründə pozulan dövlət sərhəd xəttinin bərpası işləri davam edir. Sərhədin demarkasiyası nəticəsində Ermənistanın Gorus-Qafan yolunun 21 kilometr hissəsi Azərbaycan ordusunun nəzarətinə keçib. Ermənistan Azərbaycanın nəzarətinə keçən yollara alternativ yollar tikməyi planlaşdırır. Buna qədər isə Sünikdə Azərbaycan ordusunun nəzarətinə keçən ərazilər məsələsini qabardan müxalifət yaranmış vəziyyətdə hakimiyyətə qarşı bu amildən maksimal dərəcədə istifadə etməyə çalışır. Amma iqtidar da buna qarşı müəyyən tədbirlər görür. Belə ki, İrəvan və Moskva 102-ci hərbi bazanın müəyyən birləşmələrini Ermənistanın şərqinə dislokasiya etmək imkanlarını nəzərdən keçirir. Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan “RİA Novosti” agentliyinə müsahibəsində bu xüsusda bildirib: “Rusiya hərbi bazasının tərkibindən hansısa birləşmələrin Ermənistanın şərq istiqamətində yerləşdirilməsi imkanları barədə danışmaq düzgün olardı. Və bu kontekstdə məsələnin birgə araşdırılması davam etdirilir”. Arutyunyan qeyd edib ki, Ermənistanın sərhədlərini qoruyan Rusiya sərhədçilərinin üzərinə əlavə funksiyalar qoyulub. Bura Ermənistanın Azərbaycanla sərhədlərinin təhlükəsizliyinin və mühafizəsinin təmin edilməsi də daxildir.

Bir daha qeyd edək ki, 44 günlük Qarabağ müharibəsinin nəticələrinə uyğun olaraq Ermənistan Zəngəzur istiqamətində sovet dövründə müəyyən edilmiş sərhədlərinin içərilərinə çəkilib və bu istiqamətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış dövlət sərhədləri bərpa olunub. Ermənistan tərəfdən sərhədin həmin hissəsinin mühafizəsində, İrəvanla əldə edilmiş razılaşmaya əsasən, Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti məsuliyyət daşıyır. Ekspertlər qeyd edir ki, 102-ci hərbi bazanın müəyyən birləşmələrini Ermənistanın şərqinə dislokasiya etməklə Paşinyan iqtidarı müxalifətin Sünik bəhanələrinə son verəcək. Bu zaman Rusiya sərhədçiləri ilə Azərbaycan sovet dönəmində müəyyən edilmiş sərhədləri daha rahat bərpa edəcək. Rusiya da belə bir mövqedədir ki, tərəflər sovet dövründə müəyyən edilmiş respublikaların sərhədlərinə qayıtmalıdır. Amma Ermənistanda bəzi qüvvələr hələ də baş verənlərlə razılaşmır. Erməni politoloq Qaqik Hambaryan bu xüsusda bildirir: “Gözlənildiyi kimi, 10 noyabr biabırçı kapitulyasiyası, Sünikin sərhəd yaşayış məntəqələrinin yaxınlığından erməni mövqelərinin çıxarılması və onların azərbaycanlılara ötürülməsi ilk qaranquşlar idi ki, Bakı Ermənistanın cənub bölgələrinə qarşı hansı siyasəti yürüdəcək. Azərbaycanlı əsgərlər keçmiş erməni mövqelərində möhkəmləndikdən sonra ermənilərin özlərini təhlükəsiz hiss etməməsi üçün hər şey etməli idilər.
Davit Bek kəndinin başçısı Beniamin Poğosyan deyib ki, süniklilər kəndi tərk edir, çünki təhlükəsizlik zəmanətləri yoxdur”. Sünik vilayətinin keçmiş başçısı Surik Xaçatryan isə qeyd edir: “Hörmətli süniklilər və İrəvanda yaşayan həmvətənlərim, Sünik təhlükə altındadır, o, hissə-hissə əzəli rəqibimizə verilir. Mənfur və xain hökumətin əli ilə Sünikdən bəzi hissələr azərbaycanlılara bağışlanıb və bu çirkin sövdələşməyə qarşı çıxmasaq, çox tezliklə bütün Sünik onların nəzarəti altına keçəcək. Hamımız da bilirik ki, Süniki Azərbaycanın tərkibində görmək istəyi rəqibin ən böyük arzusudur”. Amma Nikol Paşinyan dəfələrlə millətə müraciət edərək izah etməyə çalışıb ki, Ermənistanın sovet sərhədlərinə qayıtması ölkənin təhlükəsizliyini təmin etmək və gələcəkdə baş verə biləcək insidentlərdən qaçmaq məqsədi daşıyır. Lakin erməni siyasətçilərin ərazilərin Azərbaycana qaytarılması ilə bağlı verdiyi hər bir açıqlama yalnız alovun üstünə yağ tökür və hökumət əleyhinə əhval-ruhiyyəni qızışdırır.

Samirə SƏFƏROVA

 

Son xəbərlər