Almaniya silahlanma konsepsiyasını rəsmən dəyişməyə qərar verdi - Azərbaycanın PUA-larla müharibə taktikasının təsiri altında qərar verildi...

İbrahim Rüstəmli: “Azərbaycan bu müharibədə yeni döyüş taktikası və strategiyası ortaya qoydu”

img

Almaniya kimi dövlət də Azərbaycanın 44 günlük müharibə təcrübəsini öyrənməklə bağlı qərar verib. Bununla belə, Almaniya ordusunun yüksək rütbəli hərbçiləri Azərbaycan ordusunun müharibə ərzində pilotsuz uçan aparatları geniş çeşiddə tətbiq edərək ortaya qoyduğu təcrübəni araşdıraraq, hökuməti silahlanma konsepsiyasına sürətlə yenidən baxmağa çağırır.

Bu haqda “Frankfurter Allgemeine” (FAZ) nəşri yazıb.

Qəzet Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazır ki, Almaniya ordusunun silahlanmasında döyüş pilotsuz aparatlarının olmaması Bundesverin bölmələrinin döyüş qabiliyyətini aşağı salıb: “Federal hökumət dərhal bu pilotsuz döyüş sistemlərinin silahlanmaya daxil edilməsi üçün tədbir görməlidir”.

Nəşr bildirir ki, döyüş pilotsuz aparatlarından başqa, ordunun rəqibin bu cür vasitələrinə qarşı effektiv müdafiə sistemlərinə də malik olması zəruridir. Nümunə olaraq alman hərbçiləri Dağlıq Qarabağdakı müharibənin təcrübəsini irəli sürürlər. Hərbçilər bu qənaətə gəliblər ki, Qarabağda Ermənistan ordusunun Azərbaycan ordusunun pilotsuz döyüş vasitələrinə, o cümlədən, Türkiyədən alınan “Bayraktar TB2” silahlı dronuna qarşı dayanmağa heç bir imkanı yox idi: “Məhv edilən 260-dan çox erməni tankından 185-i PUA-ların köməyilə sıradan çıxarılıb. Alman zabitləri bunun olduqca yüksək göstərici olduğunu qeyd edirlər”.

Məlumat üçün qeyd edək ki, Azərbaycan ordusunun Qarabağda ortaya qoyduğu 5-ci nəsil müharibə təcrübəsini ABŞ başda olmaqla dünyanın bir çox ölkəsi, o cümlədən, Böyük Britaniya, Rusiya öyrənib təhlil etməkdədir. Artıq Almaniya da bu təcrübəni öyrənir.

  • “Ona görə də dünyanın aparıcı dövlətləri bunu öyrənirlər

Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, Almaniya kimi bir dövlətin Azərbaycanın döyüş təcrübəsini öyrənməsi mühüm hadisədir: “Ümumiyyətlə, elm və texnika inkişaf etdikcə, paralel şəkildə ordunun inkişafı da aparılır. Elmi-texniki tərəqqi hərb sənayesinə də tətbiq edilir. Müasir döyüş əməliyyatlarında get-gedə PUA-ların rolu artır. Azərbaycan, praktiki olaraq, 44 günlük müharibə dövründə sözügedən vasitələrdən çox uğurla istifadə etdi. Bir çox inkişaf etmiş ölkə Azərbaycanın bu təcrübəsini öyrənməyə başlayıb. Məsələ ondadır ki, Azərbaycan müasir hərbin tələblərinə uyğun olaraq çox böyük ustalıqla bu vasitələrdən istifadə etdi. Düzdür, Azərbaycanın apardığı 44 günlük müharibə yalnız PUA-larla yadda qalmayıb. Bu müharibənin dünya üçün önəmli tərəfləri çoxdur. Məsələ ondadır ki, İkinci Qarabağ müharibəsində kompleks üstünlüyümüz özünü göstərdi. Sözün həqiqi mənasında ciddi bir mobillik, mərkəzləşdirilmiş güc, çevik hərbi gedişlər özünü göstərdi. Bunun nəticəsində biz qısa müddətdə döyüşdə qələbə qazandıq. Hardasa 5 min kvadratkilometr ərazi döyüş yolu ilə azad edildi. Bir o qədər ərazi də döyüşsüz geri alındı. Bu həm taktiki, həm də strateji baxımdan çox böyük hərbi əməliyyat idi. Çünki qısa müddətdə həyata keçirilməsinə baxmayaraq, çox böyük hərbi nəticələrlə yadda qaldı. Düşmən infrastrukturunun bütün istiqamətlərdən məhvi, onun hərəkət dinamikasının pozulması, rabitə sisteminin sıradan çıxarılması, hava hücumundan müdafiə sistemlərinin mobil şəkildə iflic edilməsi və s. məsələlər dünya üçün hər zaman maraqlı olacaq. Azərbaycan bu müharibədə yeni döyüş taktikası və strategiyası ortaya qoydu. Ona görə də dünyanın aparıcı dövlətləri bunu öyrənirlər. O cümlədən, Almaniya da bundan faydalanmaq istəyir”.

Hərbi ekspert onu da qeyd etdi ki, dünyanın aparıcı dövlətləri hələ uzun müddət 44 günlük müharibəni tədqiq edəcəklər.

Vidadi ORDAHALLI

Son xəbərlər