Müasir müharibələrdə düşmənlə üzbəüz döyüşdə qalib gəlmək nə qədər asan deyilsə, informasiya savaşında da bütün dünyanı hörümçək toru kimi bürüyən erməni təbliğat maşınını çökdürmək bir o qədər çətindir. Müharibə bitəcək, Qafqaza sülh gələcək, lakin faşist ideologiyası ilə zəhərlənən erməni təbliğat maşını əbədi düşmən axtarışından, sonsuz qisas hissindən əl çəkməyəcək.
Ermənistan tərəfi öz uğursuzluqlarını pərdələmək üçün saxta xəbərlər tirajlamaqla məşğuldur. Bu məqsədlə onlar sosial şəbəkələrdə müxtəlif adlar altında səhifələr və saytlar açır, həmin platformalar vasitəsilə yalan xəbərlər yayırlar. İşğalçı ermənilərin məqsədi bununla vətəndaşlarımız arasında çaşqınlıq yaratmaqdır. Vətəndaşlarımızdan bu saytlarda paylaşılmış informasiyalara inanmamaq və ciddi xəbər kimi qəbul etməmək xahiş olunur.
Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” səhifəsində paylaşım edərək bunları yazıb: “Əziz həmvətənlər! Rəşadətli ordumuz əzəli Azərbaycan torpaqlarını erməni işğalından azad etmək üçün uğurlu əks-hücum əməliyyatı apardığı bir vaxtda düşmən öz məkrli niyyətlərini göstərməkdən əl çəkmir. Qızğın döyüşlərin davam etdiyi bütün həftə ərzində Ermənistan vicdansızcasına feyk xəbərlər tirajlayır. Bu şiddətli hücumda beynəlxalq birliyi fəal surətdə yanlış məlumatlandıran erməni diasporu xüsusi rol oynayır. Bu gün biz hamımız həqiqətən tarixi hadisələrin şahidləriyik! Lakin biz baş verənləri, sadəcə, kənardan müşahidə edə bilmərik. Bizim hər birimiz Böyük Qələbə anını yaxınlaşdırmaq üçün əlimizdən gələni etməyə borcluyuq. Deməli, biz hamımız erməni yalanını ifşa etmək üçün maksimum səy göstərməyə borclu olan əsgərlərik. Mən sizin hər birinizi erməni təbliğatının feyklərini ifşa etməyə və erməni təcavüzü haqqında həqiqətləri bütün mümkün platformalarda beynəlxalq birliyə çatdırmağa çağırıram!
Azərbaycanı özünün Vətəni hesab edən hər kəs səsini ucaltmalı və ermənilərin yalanını təkzib etməlidir! Uca Tanrı bizim ordumuzu, xalqımızı və Vətənimizi qorusun!”.
M.Əliyevanın qeyd etdiyi kimi, hər kəs erməni yalanını ifşa etmək üçün maksimum səy göstərməlidir.
“…vətəndaşlar qəbul etdikləri mesajlarda diqqətli və ayıq olsalar yaxşıdır”
Bu istiqamətdə nə kimi işlərin aparılmasını öyrənmək üçün Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüzə müraciət etdik. O bizimlə söhbətində qeyd etdi ki, Ermənistan tərəfindən təxribat tipli məlumatların yayılması faktı çoxdur: “Təbii ki, ön cəbhədə müharibə gedirsə, arxa cəbhədə də çaşqınlıq yaranması üçün informasiya müharibəsi var. Qarşı tərəfin məqsədi insanlarda ruh düşkünlüyü, çaşqınlıq yaratmaqdır. Bu məqsədlə müxtəlif yollardan istifadə edirlər. İnformasiya dövrü olduğu üçün ən əlçatan vasitə sosial mediadır. Düzdür, hazırda internet üzərində bir sıra məhdudiyyətlər var. Bu məhdudiyyətlər də sırf təxribat xarakterli dezinformasiyaların yayılmasının qarşısını almaq üçündür. Yeganə vacib məqam vətəndaşların ayıq olmasıdır. Müvafiq qurumlar belə hallarla bağlı daimi açıqlamalar edirlər. Həmin açıqlamaları diqqətlə izləmək lazımdır. Həmçinin, sosial şəbəkələrdə insanların diqqətini çəkmək üçün müxtəlif başlıqlı mesajlar göndərilir. Onlar əsasən insanları çaşdırmaq, sosial media vasitəsilə müəyyən məlumatları əldə etmək istəyirlər. Buna görə də vətəndaşlar qəbul etdikləri mesajlarda diqqətli və ayıq olsalar yaxşıdır”.
Günel CƏLİLOVA