Məlum olduğu kimi, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini təmsil edən Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov, Fransanın Avropa və xarici işlər naziri Jan İv Le Drian və Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Mayk Pompeo bəyanat verib. Bəyanatda Dağlıq Qarabağ münaqişə zonasında və onun hüdudlarından kənarda zorakılığın görünməmiş və təhlükəli eskalasiyası pislənib.
Nazirlər qeyd-şərtsiz vurğulayırlar ki, bu yaxınlarda həm təmas xətti boyunca, həm də Dağlıq Qarabağ münaqişə zonasından kənarda Azərbaycan və Ermənistan ərazilərində hədəf olaraq mülki obyektlərin nəzərdə tutulduğu hücumlar, həmçinin, belə hücumların uyğunsuzluğu regionda sabitlik üçün qəbuledilməz təhlükədir. Nazirlər üç ölkənin - ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin liderlərinin bu il oktyabrın 1-də verdikləri bəyanata istinad edərək bir daha münaqişə tərəflərini atəşkəs rejimini dərhal və qeyd-şərtsiz bərpa etməyə çağırıblar.
Bəyanatda o da deyilir ki, həmsədr ölkələr ATƏT-in və beynəlxalq birliyin onların üzərinə qoyduğu mandatı Minsk Qrupunun üzvü olan ölkələrin dəstəyilə tam şəkildə həyata keçirmək əzmindədirlər. Bu mandata uyğun olaraq, onlar tərəflərlə qarşılıqlı əlaqələri ardıcıl şəkildə genişləndirməyə davam edəcək, onları nizamlanma prosesinin mövcud baza prinsiplərinin və hər iki tərəfə yaxşı məlum olan müvafiq beynəlxalq sənədlərin əsasında bərpa olunması üzrə öhdəlikləri təxirə salmadan öz üzərlərinə götürməyə çağırırlar.
Göründüyü kimi, Minsk Qrupu həmsədrlərinin budəfəki bəyanatı da oktyabrın 1-də verilən bəyanatdan məzmun baxımından heç nə ilə fərqlənmir. Yenə ümumi sözlər və ümumi yanaşmalar. Sanki sentyabrın 27-də eskalasiya başlamayıb. Yenə də təcavüz edənlə, təcavüzə məruz qalan tərəflərə fərq qoyulmayıb. Yenə də məzmunsuz ümumi fikirlər ifadə olunub. Hər zaman olduğu kimi, bu dəfə də tərəflər atəşkəsə çağırılıb.
Maraqlıdır, bütün bu baş verənlərə rəğmən, həmsədr ölkələr niyə belə alçaqlıq edirlər?
“Onların hər dediyinə əhəmiyyət vermək lazım deyil”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, bütün bunların bir səbəbi var: “O da ondan ibarətdir ki, həmsədrlər münaqişənin ədalətli həllini istəmirlər. Ona görə də məsələyə ümumi yanaşıb məzmunsuz bəyanatlar verirlər. Həmsədrlər münaqişənin ədalətli həllində maraqlı olsaydılar, o zaman çoxdan Ermənistanın işğalçılıq fəaliyyətini cilovlamış olardılar. Bunu etməkdə maraqlı olmadıqları üçün hər vasitə ilə çalışırlar ki, Azərbaycanın apardığı uğurlu döyüş əməliyyatlarını tormozlasınlar. İllərlə Azərbaycanı təslimçi sülhə sürükləyə bilmədilər. İndi də ordumuzun şanlı döyüş əməliyyatlarından narahat olmağa başlayıblar. Onlara demək lazımdır ki, siz münaqişəni həll etmək istəmirsinizsə, o zaman imkan verin Azərbaycan bu problemi həll etsin. Niyə həmsədrlər Ermənistanın apardığı qanunsuz məskunlaşma siyasətinə, Paşinyanın danışıqlarla bağlı verdiyi pozucu açıqlamalara reaksiya vermirdilər? Ona görə də ATƏT-in Minsk Qrupu öz ciddiliyini çoxdan itirib. Onların hər dediyinə əhəmiyyət vermək lazım deyil”.
Ekspert hesab edir ki, Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü təmin edəcək.
Vidadi ORDAHALLI