“Amnesty International” təşkilatı son döyüşlərlə bağlı açıqlama yayıb. Sözügedən təşkilat baş verənləri obyektiv qiymətləndirmək əvəzinə, tamamilə qərəzli açıqlama yayıb. İddia edilir ki, guya mülki ermənilər bundan ciddi zərər görür və s. Hansı ki, Azərbaycan Ordusu mülki insanları hədəf almır. Ancaq sözügedən təşkilatın açıqlamasında mülki Azərbaycan vətəndaşlarının üzləşdikləri itkilərdən söhbət belə getmir.
Bu arada Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, “Amnesty International” bir daha nə qədər birtərəfli, qərəzli, ikili standartlardan çıxış edən, yalnız kağız üzərində müstəqil və ermənipərəst bir təşkilat olduğunu göstərdi. Onun sözlərinə görə, özünü yalandan qeyri-hökumət təşkilatı adlandıran “Amnesty International”, əslində, siyasi sifarişlər yerinə yetirməklə QHT fəlsəfəsinə böyük zərbə vurur: “Biz “Amnesty International”ın bu açıqlamasını rədd edirik. Azərbaycan Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün öz ərazimizdə vuruşur və yalnız legitim hərbi hədəflərə yüksək dəqiqliklə zərbələr endirir. Ordumuz mülki əhalini və obyektləri hədəfə almır və kasetli sursatlardan istifadə etmir. Əgər Ermənistan kasetli sursatların istifadəsindən narahatdırsa, o zaman Kasetli hərbi sursatlar haqqında konvensiyaya, ilk növbədə, özü qoşulsun. Lakin bunu etməyən Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı kasetli sursatlardan istifadə edir. Sual olunur. “Amnesty International” nəyə görə cəbhə zonasından uzaqda yerləşən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin, böyük su anbarı və elektrik stansiyasının, eləcə də digər strateji obyektlərin yerləşdiyi Mingəçevirin mülki əhalisinə qarşı Ermənistanın raket hücumlarını görməzdən gəlir. Sentyabrın 27-dən bu günə kimə Ermənistanın hücumları nəticəsində 27 mülki şəxs həlak olmuş, 141 mülki şəxs isə yaralanmışdır. Bundan əlavə, 63 mülki obyekt və 376 yaşayış evi yararsız hala düşmüşdür”.
Bütün bunlar bir daha sübut etdi ki, “Amnesty International” təşkilatı ermənilərin maraqlarına uyğun hesabatlar hazırlayır.
“Onların məqsədi ermənilərin maraqlarından çıxış edib Azərbaycanı qaralamaqdır”
Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, sözügedən təşkilat hər zaman Azərbaycana qarşı qərəzli mövqedən çıxış edib: “Bu da onların növbəti qərəzli yanaşmasının göstəricisidir. Zatən, “Amnesty International” təşkilatı Azərbaycanla bağlı həqiqətləri heç vaxt obyektiv təqdim etməyib. Hər zaman ölkədə gedən proseslərə mənfi prizmadan yanaşıblar. Məlum olduğu kimi, Ermənistan sentyabrın 27-də Azərbaycana qarşı növbəti təcavüz aktını həyata keçirdi. Buna cavab olaraq ordumuz əks-hücuma keçərək işğal altında olan ərazilərimizi azad edir. Ermənistan isə ordumuzun hücumları qarşısında duruş gətirə bilməyərək yaşayış məntəqələrini hədəf alır, dinc insanları qətlə yetirir. İndiyə qədər 30 nəfərə yaxın mülki şəxs qətlə yetirilib, yüzlərlə ev dağıdılıb. Ancaq, nədənsə, “Amnesty International” təşkilatı bütün bunları görmür. Ona görə görmür ki, bu, onların işinə yaramır. Onların məqsədi ermənilərin maraqlarından çıxış edib Azərbaycanı qaralamaqdır”.
Ekspert hesab edir ki, bu kimi qərəzli açıqlamalar Azərbaycanı torpaqların azad olunması işindən saxlaya bilməz.
Vidadi ORDAHALLI