“Biz Türkiyə Ordusunun daha kiçik modelini qururuq və inşallah, bərabər quracağıq”. Prezident İlham Əliyev bu fikirləri “TRT Haber” telekanalına müsahibəsində deyib.
Ölkə başçısının sözlərinə görə, biz çox xoşbəxt ölkəyik ki, Türkiyə kimi müttəfiqimiz, qardaşımız var: “Əlbəttə ki, Türkiyənin bizə göstərdiyi mənəvi dəstək, eyni zamanda, Türkiyə müdafiə sənayesinin məhsullarının bizdə olması bizi gücləndirir və bunu bütün dünya görür. Bu gün Türkiyə Ordusu NATO-da ikinci ordudur. Heç kim türk ordusunun qabağında dura bilməz. Bunu hər kəs gördü, hər kəs anladı. Biz də Türkiyə Ordusunun daha kiçik modelini qururuq və inşallah, bərabər quracağıq. Bizim də qarşımızda bölgədə heç kim dura bilməz. Bizim və Türkiyənin işi haqq işidir”.
Prezident müsahibəsində onu da qeyd edib ki, biz özümüzü, öz vətəndaşlarımızı müdafiə edirik, ərazi bütövlüyümüzü saxlamaq istəyirik: “Bizim başqa ölkənin torpağında gözümüz yoxdur. Amma bizə mənsub olan bizə qalmalıdır. Otuz ildir ki, ermənilər bizim qədim torpağımızı istismar edirlər. İnsanlara o torpaqlara qayıtmağa icazə vermirlər. Beynəlxalq vasitəçilər biganə qalır, məhəl qoymur. Belə olan halda, Azərbaycan özü bunu edəcək”.
Bütövlükdə, Türkiyə Ordusunun daha kiçik modelinin Azərbaycanda qurulmasının əhəmiyyətini hərbi ekspertlər necə dəyərləndirirlər?
“Nəzərə almaq lazımdır ki, Türkiyə Ordusu uzun müddətdir antiterror əməliyyatlarında fəal iştirak edir”
Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, Türkiyə Ordusu modelinin bir sıra üstünlükləri var: “Əvvəla Türkiyə Ordusu dünyanın ən güclü ordularından biri sayılır. Həm çevikliyinə, həm fəaliyyət planlarına və həm də döyüş təcrübəsinə görə üstün mövqedədir. Nəzərə almaq lazımdır ki, Türkiyə Ordusu uzun müddətdir antiterror əməliyyatlarında fəal iştirak edir. Onların sözügedən əməliyyatlarda çox böyük döyüş təcrübəsi var. Türkiyə Ordusu məhz bu təcrübə əsasında formalaşıb. Ona görə də belə bir ordu modelinin Azərbaycanda qurulması müsbət perspektiv vəd edir. Türkiyə Ordusu istər cəbbəxanasına, istərsə də silah və döyüş hazırlığına görə üstün səviyyədədir. Şəxsi heyətin komplektləşdirilməsi və silah-sursat baxımından Türkiyə Ordusu mobil ordu sayılır. Təkcə müsəlman dünyasında deyil, bütün dünyada bu baxımdan Türkiyə Ordusu ön sırada dayanır. O üzdən, belə bir ordunun təcrübəsindən bəhrələnmək Azərbaycanın xeyrinə olacaq. Ona görə də Prezidentin yanaşmasını yüksək dəyərləndirirəm. Belə bir modelin Azərbaycan Ordusunda qurulması çətin olmayacaq. Ona görə ki, bununla bağlı Azərbaycanda resurs çoxdur”.
Hərbi ekspert hesab edir ki, belə bir modelə keçmək Azərbaycana yalnız fayda verəcək.
Vidadi ORDAHALLI