Azərbaycan ordusu qarşısında məğlub duruma düşən təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq indi dinc əhaliyə qarşı terror əməllərinə daha çox diqqət yetirir. Buna rəğmən, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi əməliyyatını uğurla davam etdirir. Əməliyyatın dayanması üçün Azərbaycanın başlıca şərti Ermənistanın işğal etdiyi torpaqlardan çıxmasıdır. Düşmən hələ ki, buna razı olmadığından, ona qarşı güc tətbiqi genişlənir.
Baş verənlərlə bağlı BBC radiosu qeyd edir ki, Dağlıq Qarabağ ətrafında yenilənmiş bölgədə döyüş əməliyyatları bu gedişlə beynəlxalq vasitəçilərin istədiyi kimi dayanmayacaq: “Sentyabrın 27-də başlayan döyüşlər miqyas və vüsət baxımından son illərdə artilleriya, tank, raket və pilotsuz təyyarələrin cəlb olunduğu dövri eskalasiyaları üstələyir. Döyüşlər Sovet İttifaqının dağılmasından sonra Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrinin işğal etdiyi ərazilərin geri qaytarılması məqsədilə baş verir. 1992-94-cü illərdə yüz minlərlə etnik azərbaycanlı bu ərazilərdən didərgin düşüb. Eskalasiya gərgin bir il – diplomatik qarşıdurma, davakar ritorika və iyul ayında Ermənistanla Azərbaycan arasındakı beynəlxalq sərhəd bölgəsində toqquşmalardan sonra baş verib. Ermənistan və Azərbaycan qüvvələri arasında əvvəlki eskalasiyalar bir neçə gündən sonra dayandırılıb. Hazırda döyüşlərin intensivliyi bu dəfə bunun mümkün olmayacağını göstərir. Azərbaycan Ermənistanla mənasız danışıqları rədd edib və əvvəlki gərginliklərdən fərqli olaraq, güvənli Türkiyə dəstəyinə sahib olub. Təhlükə budur ki, daha uzun və sürəkli bir münaqişə xarici güclərin iştirakı ilə daha geniş regional müharibə risqi daşıyır.
Türkiyə, ənənəvi olaraq, qardaş türk millətinə və əsas geostrateji tərəfdaşı Azərbaycana mənəvi və diplomatik dəstək verib. İyuldakı qarşıdurmalardan sonra hər iki dövlətin müdafiə rəsmiləri arasındakı təmaslar intensivləşib və ortaq hərbi təlimlər başlayıb. Döyüşlər başlayandan bəri Türkiyə Azərbaycana qeyd-şərtsiz dəstəyini elan edib. Rusiya münaqişədə müxtəlif, əksər hallarda ziddiyyətli rollar oynayır. İkitərəfli əlaqələr və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı vasitəsilə Moskva Ermənistana təhlükəsizlik zəmanəti verir, lakin bunlar beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan Dağlıq Qarabağdakı döyüş bölgəsinə şamil edilmir. Moskva, eyni zamanda, hər iki tərəfə silah verir və münaqişədə vasitəçilik edən Minsk Qrupunun həmsədrlərindən biridir. Rusiya atəşkəs çağırışı edib, lakin əvvəlki genişmiqyaslı eskalasiyalardan fərqli olaraq, hələ də Ermənistan və Azərbaycan siyasi və ya hərbi rəhbərliklərinin toplantısını çağırmayıb. Ermənistanın 2018-ci ildən sonrakı yeni lideri Nikol Paşinyanla Moskvanın naqolay münasibətləri var və İrəvan, şübhəsiz ki, eskalasiyanı mümkün qədər təkbaşına həll etməyə üstünlük verəcək. Rusiya 1990-cı illərdə Dağlıq Qarabağda sülhməramlı qüvvələrini yerləşdirə bilməyib. Moskvanın köməyə gələcəyinə dair erməni şübhələri ucbatından o, Rusiyadan dəstək istəməyə ehtiyatla yanaşır. Dağlıq Qarabağ və ətrafındakı ərazilər uğrunda mübarizə dayandırılmadığı müddətdə tərəfsizliyini qorumaq optikası Moskvanın açıq şəkildə iştirakını mümkünsüz edir.
Digər regional və qlobal güclər tərəfləri təmkinli olmağa çağırıb. İran, Gürcüstan və Qətər vasitəçilik təklif edib. BMT Təhlükəsizlik Şurasının 29 sentyabr tarixli iclasında Fransa, Rusiya və ABŞ-ın sədrlik etdiyi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupunun Ermənistanla Azərbaycan arasında vasitəçilikdə əsas rolu təsdiqlənib. Lakin diplomatiyanı yeniləmə və kifayət qədər beynəlxalq diqqət cəmləmə çətin olacaq. Çünki döyüşlər qlobal pandemiya, ABŞ seçkiləri kimi yayındırma dövrünə təsadüf edir və atəşkəsi razılaşdırmaq asan deyil. İstər əhəmiyyətli bir ərazinin Azərbaycan tərəfindən geri alınması, istərsə də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əməliyyatlarının dəf edilməsi yolu ilə sürətli və möhkəmləndirilmiş hərbi uğur atəşkəs üçün geniş imkanlar aça, lakin tərəflərin hər hansı birində gedişat daha pis olarsa, daxili qeyri-sabitliyi təhrik edə bilər”. İndiki halda daxili qeyri-sabitlik məsələsi sırf Ermənistan üçün keçərlidir. Belə ki, Azərbaycanda hakimiyyətlə xalq arasında möhkəm birlik olduğu halda Ermənistanda əks vəziyyət müşahidə edilir. Bunlarla yanaşı, Azərbaycan ordusunun uğurlu əməliyyatı, əldə olunmuş nəticə, hərbi qələbə xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Bu fonda o da reallıqdır ki, Azərbaycan dövləti işğalçı ölkənin təxribatlarına dözmək niyyətində deyil, düşmənə layiqli cavab vermək əzmində və gücündədir. Bütün bunlar həm də Azərbaycan cəmiyyətinin yüksək vətənpərvərlik ruhuna malik olduğunu əyani surətdə nümayiş etdirir. Ermənistanda tamam əks vəziyyət olduğundan, düşmənin qısa müddətdə məğlubiyyəti də qaçılmazdır.
Samirə SƏFƏROVA