Azərbyacan Ordusunun qazandığı son zəfərlər dünyadakı erməni lobbisini və onların tərəfdarlarını dərindən narahat etməyə başlayıb. Onlar var gücləri ilə ölkəmizə qarşı informasiya müharibəsi aparırlar. Təəssüf ki, dünya ictimaiyyəti erməni dezinformasiyaları, yalan xəbərlərilə aldadılır.
Bilirik ki, düşmən yalan məlumatları ilə dünyanı aldatmaq işində "ustadır". İşğalçı, terrorçu ola-ola özünü dünyaya qurban, əzilən kimi təqdim edə bilir. Azərbaycan dövlətini, ordusunu şərləyirlər. Bəzən dünya informasiya nəhəngləri belə erməni dezinformasiyalarının təsiri altına düşür. ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərin hər birində erməni diasporu çox güclüdür. Onlar Fransada Azərbaycan haqda həqiqətə uyğun olmayan informasiyaların prezident Makron səviyyəsində tirajlanmasına nail olublar. Bilməliyik ki, Qarabağ uğrunda savaş təkcə Qarabağ və ətrafındakı işğal olunmuş torpaqlarımızdakı səngərlərdə getmir.
Vətən müharibəsinin getdiyi dönəmdə biz Komitənin xəttilə ictimailəşdirilən məlumatlardan görürük ki...
İndi Qarabağ uğrunda informasiya və diplomatiya savaşı bütün dünya boyu gedir. Bizim beynəlxalq informasiya kanallarına çıxışımız məhdud olsa da, dünyada ermənilər qədər havadarlarımız olmasa da, biz haqlıyıq. Bu səbəbdən də dünyanın hər yerində yaşayan azərbaycanlılar informasiya savaşında aktiv olmalıdır. Qarabağ və ətrafında baş verənləri dünyaya olduğu kimi çatdırmaq üçün hər birimiz hər gün çalışmalıyıq. Əsgərimizin səngərdə canı bahasına əldə etdiyi qələbəni diplomatiya və informasiya savaşında uduzmamalıyıq. Bu istiqamətdə bütün dünyadakı diaspor təşkilatlarımızın Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə koordinasiyalı fəaliyyəti nəzərə çarpır. Vətən müharibəsinin getdiyi dönəmdə biz Komitənin xəttilə ictimailəşdirilən məlumatlardan görürük ki, bu istiqamətdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından ciddi işlər görülüb.
Amerika qitəsindəki diasporumuzdan ölkəmizə möhtəşəm dəstək...
Müzəffər ordumuzun hər şanlı qələbəsi erməniləri və onların havadarlarını daha da qəzəbləndirdiyindən onlar bütün vasitələrlə rəşadətli əsgərlərimizi durdurmağa çalışırlar. Bu dəfə erməni lobbisi ABŞ Konqresinin Nümayəndələr Palatasının müzakirəsinə Azərbaycan əleyhinə 1165 saylı qətnaməni çıxarmağa hazırlaşır. Hazırda ABŞ-da yaşayan həmvətənlərimiz və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən istənilən amerikalı şəxsin (ABŞ vətəndaşı olmaq vacib deyil) 1165 saylı qətnamənin qəbulunu dayandırmaq, konqresmenlərə həqiqətləri çatdırmaq üçün imzatoplama kampaniyasında iştirak etməsi, yaşadığı ştatı təmsil edən Nümayəndələr Palatasının üzvlərinə – konqresmenlərə telefon açıb, məktub yazıb həqiqətləri çatdırması istiqamətində ciddi fəaliyyət göstərirlər.
Kanadanın Kalqari şəhərində soydaşlarımız Azərbaycana dəstək məqsədilə həmrəylik yürüşü keçirib. Aksiya Alberta-Azərbaycan Mədəniyyət Mərkəzinin (ALACS) təşkilatçılığı ilə baş tutub. Yürüş şəhərin mərkəzində yerləşən Munisipal Plaza-dan başlayaraq 3-cü SW küçəsinə qədər davam edib. Aksiyaçılar geriyə olan məsafəni də yürüşlə qət ediblər.
Azərbaycan, Türkiyə, Kanada və İraq türkmənlərinin bayraqlarının dalğalandığı, "Azərbaycana qarşı Ermənistanın təcavüzünə son qoyulsun!" şüarı yazılmış plakatların qaldırıldığı aksiya zamanı hərbi müsiqi, Azərbaycanı dəstəkləyən və Ermənistanın təcavüzünü pisləyən şüarlar səsləndirilib.
Avropa ölkələrindəki diasporumuz da fəaldır...
Norveçin paytaxtı Oslo şəhərində Norveç Azərbaycanlıları Gənclər Təşkilatı, Oslo Azərbaycan Evi və Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə əlaqələndiricisi Ramil Əliyevin təşəbbüsü ilə Ermənistan ordusunun törətdiyi növbəti genişmiqyaslı hərbi təxribatlara qarşı əks hücum əməliyyatlarına başlayan Azərbaycan dövlətinə və ordusuna dəstək məqsədilə tədbir keçirilib. Tədbir iştirakçıları Norveç mediasında Azərbaycanın haqlı mövqeyini əks etdirməyən və ya bitərəf mövqe sərgiləyən yazılara etiraz etmək üçün işçi qrup yaradıb.
Fransanın Nant şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbində 2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq işğalçı Ermənistanın genişmiqyaslı hərbi təxribatlarına qarşı əks hücum əməliyyatlarına başlayan Azərbaycan dövlətinə və ordusuna dəstək məqsədilə tədbir keçirilib.
Fransa Azərbaycanlıları Koordinasiya Şurasının üzvü, Azərbaycan Fransa Mədəniyyət Assosiasiyasının sədri, "Qarabağ" Azərbaycan məktəbinin layihə rəhbəri Toğrul Zeynalovun verdiyi məlumata görə, tədbirdə Azərbaycan icması, məktəbin müəllim və şagird heyəti iştirak edib.
Tədbirdə çıxış edənlər Azərbaycanın işğal altında olan torpaqlarının geri qaytarılması uğrunda apardığı haqlı müharibəni dəstəklədiklərini, Vətənimizin hər bir qələbəsinə çox sevindiklərini və əsgərlərimiz üçün əllərindən gələni etməyə hazır olduqlarını bildiriblər. Qeyd edək ki, bu məktəb 2019-cu ilin aprelin 20-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə əsasən azərbaycanlıların kompakt yaşadığı Nant şəhərində yaradılıb.
Ermənistan hökumətinə beynəlxalq hüquq və normalara riayət etmək çağırışı edildi
Belarusda yaşayan azərbaycanlılar Ermənistan silahlı qüvvələrini işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməyə çağırıb və bununla bağlı rəsmi İrəvana təsir göstərməsi üçün Belarusun dövlət qurumlarına – Nazirlər Kabinetinə, Parlamentə, Xarici İşlər Nazirliyinə bəyanat ünvanlayıb. Belarusun Azərbaycan İcmaları Konqresi adından yayılan bəyanatda deyilir ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında son təxribat əməllərindən sonra bölgədə vəziyyət gərginləşib və hərbi əməliyyatlar başlayıb. Nəticədə hər gün onlarla dinc sakin həlak olur və yaralanır, yaşayış məntəqələri dağıdılır, evlərə ziyan dəyir.
Minsk və digər şəhərlərdə yaşayan soydaşlarımızın adından yayılmış bəyanatda Belarusa Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə, münaqişənin həlli ilə bağlı rəsmi Bakının mövqeyini müdafiə etdiyinə görə minnədarlıq edilir. Eyni zamanda, bəyanatda Ermənistan hökumətinə işğalçı siyasətini dayandırması və işğal edilmiş Azərbaycan ərazilərini dərhal tərk etməsi üçün təsir göstərməyə, Ermənistan hökumətini beynəlxalq hüquq və normala riayət etməyə çağırış edilir.
Uzaq Şərqdə də fəallıq...
Oktyabrın 3-də Yaponiyanın Osaka şəhərində yayımlanan Asahi Televiziyasının "Seigi no Mikata" proqramında Dağlıq Qarabağ münaqişəsindən və Azərbaycanın ədalətli mübarizəsindən danışılıb. Verilışdə iştirak edən Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri Əlibəy Məmmədov və Keio Universitetinin professoru Hirose Yoko yerli tamaşaçılara Azərbaycan və Dağlıq Qarabağ həqiqətləri barədə ətraflı məlumat veriblər. Ə.Məmmədov münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnəməsinin olduğunu, bu sənədlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisi olan Dağlıq Qarabağdan və ona bitişik 7 rayondan çıxarılmasının tələb edildiyini, rəsmi İrəvanın isə bu qanuni tələblərə məhəl qoymadığını nəzərə çatdırıb. Soydaşımız xatırladıb ki, Ermənistanın özü də daxil olmaqla, BMT-nin bütün üzv ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Amma Ermənistan 30 ilə yaxındır Azərbaycan ərazisinin 20%-ni işğal edib və son 3 ayda ölkəmizə qarşı iki hərbi təxribatlara yol verib. Azərbaycan ordusu beynəlxalq hüquq normalarına uyğun olaraq hazırda öz ərazilərini işğaldan azad etməyə və ölkəmizin ərazi bütövlüyünü təmin etməyə çalışır: "Biz hazırda sual verməliyik: Ermənistan ordusu Azərbaycan ərazisində nə gəzir?"
Murmanskdakı “Azərbaycan” təşkilatı da səfərbərdir...
Diasporla İş üzrə Dövlət Komitəsi bu fəallıqlarına görə xaricdə yaşayan azərbaycanlılara minnətdarlıq edib və onlara müəyyən tövsiyələrin verilidiyi müraciətini yayımlayıb. Müraciətdə deyilir: “Vətənimiz üçün tarixi əhəmiyyət kəsb edən belə bir vaxtda birliyiniz və göstərdiyiniz dəstək üçün hər birinizə təşəkkür edirik. Sizlər yaşadığınız ölkələrin rəhbərlərinə, parlamentlərinə, dövlət və ictimai qurumlara, beynəlxalq təşkilatlara həqiqətləri ifadə edən müraciətlər, məktub və bəyanatlar göndərməklə Azərbaycan ordusunun haqq mübarizəsinə dəstək olursunuz. Azərbaycan dövlətinə və ordusuna göstərdiyiniz dəstəyi yüksək qiymətləndirir və qızğın informasiya mübarizəsinin getdiyi bir dönəmdə beynəlxalq ictimaiyyətin həqiqətləri bilməsi üçün daha intensiv şəkildə davam etməyinizi tövsiyə edirik. Bunun üçün Facebook, Twitter, Telegram, İnstagram kimi sosial şəbəkə səhifələrindən çevik və aktiv istifadə zəruridir...”
Rusiyanın Murmansk şəhərində fəaliyyət göstərən “Azərbaycan” adlı Mədəniyyət Mərkəzinin rəhbərlərindən olan Hüseynalı Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələdə birmənalı şəkildə Azərbaycan dövlətinin, onun Ali Baş Komandanın yanındadırlar: “Biz təşkilatımızın rəhbəri Afil Hüseynovun iştirakı ilə baş verən hadisələri ətraflı müzakirə etdik. Hesab edirik ki, Azərbaycan tam haqlı olaraq öz ərazisində antiterror əməliyyatı keçirərək, işğal altındakı ərazilərini azad edir. Bilirsiniz ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri növbəti dəfə cəbhədə təxribat törətdilər. Həmin gündən başlayaraq, Azərbaycanın əks hücumları nəticəsində bizim bir sıra yaşayış məntəqələrimiz düşməndən azad edilib. Azərbaycan xalqı bu tarixi qələbəni çoxdan gözləyirdi. 30 ildir ki, Ermənistan dünyanın ən nüfuzlu təşkilatlarının çıxardığı qətnamə və sənədləri qulaqardına vururdu. Məqsədli şəkildə sülh danışıqlarını pozan Ermənistan bilməliydi ki, bunun alterantivi bu gün baş verənlər olacaq. Bu məsələdə Azərbaycanın mövqeyi qəti və haqlıdır. Ermənistan atəşkəs istəyirsə, tez bir zamanda işğal altında saxladığı torpaqlardan çıxmalıdır. Əks təqdirdə Azərbaycan əsgəri bu şərəfli işi öz öhdəsinə götürdüyü kimi, sona da çatdıracaq. Bütün bu reallıqları biz dərk edirik. Təşkilatımız səviyyəsində bu reallaqları təmsil olnduğumuz şəhərdəki bütün rəsmi və digər qurumlara çatdırırıq. Təşkilatımızın üzvləri sosial şəbəkələrdə də Azərbaycan reallıqlarını dünyaya çatdırmaq istiqamətində fəallıq ortaya qoyur. Hətta könüllü olaraq Azərbaycan ordusu sıralarına yazılmaq istəyənlər də az deyil. Bir sözlə, diaspor təşkilatı olaraq əlimizdən gələn bütün maddi, mənəvi dəstəyi ordumuza göstərməyə hazırıq. Əminəm ki, haqq-ədalət öz yerini tapacaq və biz qalib gələcəyik. Biz bu ruhu, əzmi xaricdəki bütün diasporlarda görürük. Bu dəqiqə hamını bir məsələ düşündürür - Azərbaycanımıza bacardığımız qədər dəstək olmaq”.
Təqdim olunan faktlardan görünür ki, bütün dünya azərbaycanlıları bu taleyüklü məsələdə real həmrəylik nümayiş etdirirlər.
Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.