Senytabrın 27-dən indiyə qədər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyilə şanlı Azərbaycan Ordusu düşmən üzərində ardıcıl qələbə qazanır, işğal altında olan torpaqlarımızı işğalçı ordunun çirkli tapdağından azad edir.
Cəbhədə düşmən üzərində qazandığımız böyük uğurlar, qələbələr barədə Prezident İlham Əliyev şəxsən özü ictimaiyyətə, xalqa məlumat verir.
Cəbhədə qazanılan böyük uğurlarımız barədə şəxsən Prezidentin özünün məlumat verməsinin nə kimi taktiki üstünlükləri var?
Firudin Cəlilov: “...xalqımızda çox yüksək əhval-ruhiyyə, xoş ovqat, daha böyük qələbələrə güclü inam yaradır”
Sabiq təhsil naziri, professor Firudin Cəlilov “Bakı-Xəbər”ə bildirdi ki, 30 ildir həsrətində olduğumuz bu xoş xəbərlərin ölkə başçısının dilindən eşidilməsi Azərbaycan vətəndaşlarında daha böyük qələbələrə, uğurlara tükənməz inam yaradır. “Uğurlarımızın birbaşa Ali Baş Komandan tərəfindən səsləndirilməsi, xalqa elan edilməsi xalqımızda çox yüksək əhval-ruhiyyə, xoş ovqat, daha böyük qələbələrə güclü inam yaradır. Bundan böyük üstünlükmü var? Ali Baş Komandan tərəfindən Azərbaycan Ordusunun düşmən üzərində qazandığı uğurların, işğal altındakı torpaqlarımızın azad edilməsi xəbərlərinin səsləndirilməsi bizdə qürur, sevinc yaradır. Son günlər siz bir bizim insanlarımızın üzlərinə baxın, hamı ürəkdən gülür, sevincdən ağlayır, şadlanır. 30 ildir həsrətində olduğumuz xəbəri Prezidentin dilindən eşidirik, qürur hissi keçiririk. Bu gün insanlarımızın əhval-ruhiyyəsi hədsiz dərəcədə yüksəkdir. Həyətimizdə 5-6 yaşlı uşaqlar “Qarabağ bizimdir, bizim olacaq” şüarı səsləndirir hər gün, bu şüar Azərbaycanın hər yerində səsləndirilir.
30 ildir başımızı dik tuta, ürəkdən sevinə bilmirdik, amma bu gün artıq başımız ucadır. Bu gün savaş cəbhəsində vuruşan Azərbaycan Ordusuna uğurlar, daha böyük qələbələr arzulayıram. Mən o böyük qələbələrə inanıram və ona da inanıram ki, uğurlarımız davamlı olacaq. Xalqda çox yüksək ovqat yaradır. Birbaşa Ali Baş Komandanın qələbə inamı güclüdür. Bu gün dünyada ən güclü əsgər savaş meydanında düşmənə qarşı fədakarlıqla, qəhrəmanlıqla döyüşən Azərbaycan əsgəridir!” - deyə F.Cəlilov bildirdi.
Əhməd Abasbəyli: “...həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük rezonans doğurur”
“Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri, tanınmış sosioloq Əhməd Abasbəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bunun üstünlükləri çoxdur, amma ən böyük üstünlüyü erməni təxribatını, feyk məlumatlarını darmadağın etməsi, düşmən təbliğatını məhv etməsidir. “Əvvəla deyim ki, biz çox möhtəşəm tarixi günlər yaşayırıq, hamı sevinc, şadlıq içindədir. 30 ildir milli, dini, cinsi, sosial, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımız bu günü həsrətlə gözləyib. Çünki bu hər birimizin üzərində ağır bir yük idi. Ali Baş Komandanın rəhbərliyilə ordumuz artıq bu yükü xalqımızın üzərindən götürür. Bu günlərdə Prezident özünü dünya çaplı bir siyasətçi kimi nümayiş etdirir. Prezidentin başqa ölkələrin dövlət başçıları ilə görüşlərində, danışıqlarında, çıxışlarında, xarici informasiya resurslarına müsahibələrində səsləndirdiyi fikirlər bizdə böyük qürur hissi yaradır və fəxr edirik ki, biz Azərbaycan vətəndaşlarıyıq.
Bu gün ölkəmizdə siyasi mənsubiyyətindən, baxışından asılı olmayaraq, hamı Ali Baş Komandanı dəstəkləməli, onun əmrlərinə tabe olmalıdır. O ki, qaldı Prezidentin şəxsən özünün ordumuzun uğurları, qələbələri barədə məlumat verməsinə, bu, birincisi, ölkə başçısının bu məsələyə və vətəndaşlarımıza xüsusi münasibətinin təzahürüdür. Bu o deməkdir ki, Prezident hər an bu barədə düşünür və onun üçün ən ümdə məsələ budur. Prezident bununla özü birbaşa vətəndaşlarla təmasda olur və uğurlarımızı bizə çatdırır, xalqı sevindirir. Prezidentin bu barədə vətəndaşlara şəxsən özünün məlumat verməsi həm də bu xəbərlərin etibarlılığı deməkdir. Prezidentin dilindən eşidilən bu məlumatların, bu xəbərlərin ən böyük üstünlüklərindən biri odur ki, bu həm böyük müsbət effekt verir, həm də insanların inamını daha da möhkəmləndirir, böyük qürur hissi yaradır. Bunu birmənalı şəkildə deyirəm ki, Prezidentin bu addımları insanların hissiyyatına birbaşa müsbət təsir göstərir. Paralel olaraq da düşmənin təxribat xarakterli, yalan məlumatlarını alt-üst edir, heçə endirir. Mən son bir həftədir ölkə xaricində keçirilən diskussiyalarda iştirak edirəm. Burada açıq şəkildə görürəm ki, Prezident İlham Əliyevin şəxsən səsləndirdiyi rəsmi məlumatlar Ermənistan tərəfin verdiyi “rəsmi” məlumatlara ermənilərin inamını azaldır, zəiflədir. Artıq ermənilər başa düşürlər ki, Azərbaycan Prezidentinin dediyi fikirlər birmənalı olaraq əsaslıdır və həqiqətdir. İnanın, Prezidentimizin səsləndirdiyi hər bir fikir, cümlə, söz Rusiya kanallarında ciddi şəkildə müzakirə edilir. Prezidentimizin qətiyyəti, dönməz mövqeyi, heç kəsin qarşısında geri çəkilməməsi bizə böyük qürur yaşadır. Hətta Prezidentimizin dediyi “mən heç bir dövlət başçısına zəng etməmişəm” fikrini də ciddi müzakirə edirlər. Ali Baş Komandanımızın uğurlarımızla bağlı şəxsən özünün xalqa məlumat verməsi, çıxışları, qətiyyətli mövqeyi, dönməzliyi həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük rezonans doğurur. Arzu edirəm ki, ordumuzun zəfərləri, uğurları çox olsun və Prezident də xalqımıza şad xəbərlərlə müraciət etsin, bəyanatlar versin” - deyə Ə.Abasbəyli qeyd etdi.
İradə SARIYEVA