Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində bütün şəhər, qəsəbə, kənd, yer-yurd, dağ-çay adlarını qanunsuz olaraq total şəkildə saxtalaşdırıb, onlara qondarma erməni adları verib. Şanlı ordumuz tərəfindən Madagiz işğaldan azad edildikdən sonra Prezident İlham Əliyev Madagizin adını dəyişib və onun tarixi Suqovuşan adını özünə qaytarıb.
“2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır. Qarabağ Azərbaycandır!” Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.
Prezident İlham Əliyev, həmçinin, öz "Twitter" səhifəsində ordumuzun Suqovuşanda Azərbaycan bayrağını qaldırdığını da açıqlayıb. “Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!”.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisdə Suqovuşanın tarixi adının bərpası məsələsi müzakirə olunub və bir neçə gün öncə Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad edilən Madagiz kəndinin Suqovuşan adlandırılmasını təsdiq edilib.
Qeyd edək ki, müzakirələr zamanı bu tarixi qələbə yüksək qiymətləndirilib və Azərbaycan Ordusunun tam zəfər qazanacağına inam ifadə olunub.
Bildirək ki, Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərdiyi məlum layihə işğaldan azad edilən ərazilərimizin, şəhər və kəndlərimizin, dağ və yüksəkliklərimizin tarixi adlarının yenidən özünə qaytarılması, onların bərpası istiqamətində atılan addımlardandır.
“...erməni işğalında qalan ərazilərimizin tarixi adlarının bərpa edilməsinə nail olmaq üçün addımlarımızı sürətləndirməliyik”
Suqovuşanın tarixi adının özünə qaytarılması üçün ölkə başçısının təşəbbüsünü çox müsbət qarşılayan tarixçi-etnoqraf Ənvər Çingizoğlu “Bakı-Xəbər”ə bildirdi ki, Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsinin çox böyük əhəmiyyəti var. “Bilirik ki, ermənilər işğal altında saxladıqları Azərbaycan ərazilərinin adlarının erməniləşdirilməsi istiqamətində böyük cinayətlər törədiblər. Bütün bynəlxalq qanunvericilik aktlarına zidd olaraq, Ermənistanın həyata keçirdiyi bu cinayətlər cəzasız qalmır. Dünya birliyi erməni cinayətlərinə, saxtakarlıqlarına, terroruna göz yumsa da, Ali Baş Komandanın rəhbərliyilə şanlı ordumuz düşməni layiqincə cəzalandırır. Uzun illərdir düşmənin cinayəti cəzasız qalırdı, cəzasız qalan düşmən isə milli-mənəvi, maddi-mədəni irsimizə qarşı daha ağır terror aktları həyata keçirirdi. Bu gün isə vəziyyət tamamilə dəyişib. Müzəffər ordumuz, cəsur əsgərlərimiz işğal altında olan torpaqlarımızı, kəndlərimizi, şəhərlərimizi düşmən tapdağından azad edir. Əlbəttə, görüləcək ilk işlərdən biri ermənilər tərəfindən saxtalaşdırılan şəhər, kənd, yer-yurdlarımızın tarixi adlarının bərpa edilməsidir ki, artıq cənab Prezident bu istiqamətdə təşəbbüs göstərib. Suqovuşanın tarixi adını bərpa edib. Artıq Milli Məclis tərəfindən də Suqovuşanın tarixi adı rəsmən təsdiqlənib. Bütün bu təşəbbüslər, addımlar bizi işğal altında olan torpaqlarımızın tam olaraq düşmən işğalından azad edilməsinə aparır. Tarixi yer-yurdlarımızın əsrlərdən bəri sahib olduğu adları yenidən daşıması qürurvericidir. Suqovuşan bizim qədim tarixi olan yerlərimizdən biridir və burada XII əsrə aid olan alban nonastrı - Müqəddəs Yelisey Monastrı, tarixi körpü və kilsə var. Bunlar hamısı bizim maddi-mədəni irsimizə aiddir.
Ermənilər kəndlərimizin, şəhərlərimizin, ərazilərimizin adlarını saxtalaşdırmaqla heç nə əldə etmədilər, əksinə, özlərini aldatdılar”.
Ə.Çingizoğlunun sözlərinə görə, bu gün əsas görəcəyimiz işlərdən biri ermənilərin beynəlxalq platformalarda, elektron xəritələrdə etdiyi saxtakarlıqların aradan qaldırılmasına nail olmaqdır. “Ermənilər yalnız çap etdikləri saxta xəritələrdə şəhərlərimizin, kəndlərimizin, dağ və çay, digər adlarımızı saxtalaşdırmayıblar, onlar bu cinayətləri beynəlxalq internet axtarış platformalarında da ediblər. Biz “Google Map”, eləcə də digər elektron axtarış xəritə sistemlərində də işğaldan azad edilən, o cümlədən də hələ də erməni işğalında qalan ərazilərimizin tarixi adlarının bərpa edilməsinə nail olmaq üçün addımlarımızı sürətləndirməliyik. Əlaqədar qurumlarımız həmin o platformalara rəsmən müraciət etməli və erməni cinayətlərindən onları məlumatlandırmalıdırlar” - deyə Ə.Çingizoğlu bildirdi.
İradə SARIYEVA