Qüdrətli Azərbaycan Ordusunun sentyabrın 27-də ermənilərin təxribatına cavab olaraq əks-hücuma başlaması düşməni çıxılmaz vəziyyətə salıb. Azərbaycan Ordusunun ağır zərbələri nəticəsində düşmən həm canlı qüvvə, həm də hərbi texnika baxımından böyük itkiyə məruz qalıb. Artıq uzun illər ərzində işğal altında qalan torpaqlarımızın bir hissəsi azad edilib və Azərbaycan böyük zəfərə bir az da yaxınlaşıb.
Azərbaycanın məlum uğuru xarici ölkələr, o cümlədən, qonşu dövlətlər tərəfindən sevinclə qarşılanır. Hətta Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasına birləşdirilməsini təklif edənlər də var. Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı "Twitter" səhifəsində yazaraq bildirib ki, son hadisələrdən sonra Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasına birləşdirilməsi şərtdir: “Bu, tarixi öhdəlik, çox təcili ehtiyac və ölüm-qalım məsələsidir”.
MHP lideri bunun tarixi zərurət olduğunu da qeyd edib: “Belə demək olarsa, ölüm-qalım məsələsidir. Naxçıvanın birləşməsi baş verərsə, tək səs, tək nəfəs, tək ürək olaraq zalıma və düşmənə qarşı mübarizə aparılacaq. Beləliklə, Azərbaycan haqlı və qanuni mübarizəsində daha güclü olacaq”.
D.Bağçalının bu “tvit”i azərbaycanlılar tərəfindən kütləvi şəkildə paylaşılır. Hətta Türkiyədə də MHP liderinin fikirləri gündəmin əsas mövzularından birinə çevrilib.
Maraqlıdır, müharibənin coğrafiyası genişlənə bilərmi?
Sədaqət Vəliyeva: “İrəvan, Zəngəzur, Dərələyəz, Mehri, Göyçə və başqa ərazilər Azərbaycanın əzəli, tarixi torpaqlarıdır”
Millət vəkili Sədaqət Vəliyeva bildirdi ki, Azərbaycan heç zaman imkan verməyəcək ki, ərazisində ikinci erməni dövləti yaradılsın. Onsuz da indiki Ermənistan tarixi Azərbaycan torpaqları üzərində yaradılıb: “İrəvan, Zəngəzur, Dərələyəz, Mehri, Göyçə və başqa ərazilər Azərbaycanın əzəli, tarixi torpaqlarıdır. Sadəcə, XIX əsrin əvvəllərindən başlayaraq, Gülüstan və Türkmənçay müqavilələri əsasında Rusiya imperiyasının vasitəçiliyilə Azərbaycan torpaqlarına köçürülən ermənilər zaman-zaman torpaqlarımızı ilhaq və işğal etdilər. Elə Qarabağı da bu məqsədlə işğal etmişlər. Bu səbəbdən də bu gün Azərbaycan dövləti imkan verməz ki, Qarabağda növbəti erməni dövləti yaradılsın”.
Fəzail Ağamalı: “Zəngəzur istiqamətində döyüş apararaq, öz tarixi torpaqlarımızı ana vətənlə birləşdirə bilərik”
Deputat Fəzail Ağamalının sözlərinə görə, Zəngəzur məsələsi hər zaman bizim üçün aktualdır: “Bu məsələnin həll edilməsi getdikcə daha da aktuallaşır. Mənə elə gəlir ki, biz erməniləri işğal edilmiş ərazilərimizdən qovub çıxarandan, Qarabağ və ətrafdakı rayonlarımızda suverenliyimizi təmin etdikdən sonra qarşımızda duran ən mühüm vəzifə məhz Naxçıvanla vətənimizin birləşməsi məsələsi olacaq. Bu istiqamətdə addımlarımızı atacağıq. Müharibənin miqyası və coğrafiyası genişlənə bilər. Çünki, faktiki olaraq, Ermənistan öz iyrənc, vandal və faşist siyasətini yerinə yetirməkdədir. Təkcə Qarabağ və ətrafdakı rayonları deyil, Azərbaycanın digər regionlarını da raket atəşinə tutmaqdadır. Bu, əlbəttə, adekvat addımlarla müşayiət olunacaq. Məncə, təkcə Qarabağ və Qarabağ ətrafındakı torpaqlarımızın azad edilməsi deyil, eyni zamanda, Zəngəzurun da torpaqlarımıza qovuşması əməliyyatını apara bilərik. Zəngəzur istiqamətində döyüş apararaq, öz tarixi torpaqlarımızı ana vətənlə birləşdirə bilərik. Bura, əslində, iki yol var. Naxçıvandan keçərək qədim Azərbaycan yurdu olan Qarakilsə (indiki Sisyan) ərazisindən Gorus və Laçına çıxmaq olar. Başqa bir istiqamətdən isə Ordubaddan keçərək, Mehridən koridorumuzu açaraq, birbaşa Zəngilanla birləşə bilərik. Beləliklə, iki istiqamətdə Zəngəzur, bütövlükdə, Azərbaycanın ərazisinə daxil ola bilər, nəticədə böyük bir ərazi Azərbaycana birləşər. Bu artıq getdikcə aktuallığını ciddi şəkildə ortalığa qoyur. Dövlət Bağçalının da söyləmiş olduğu bu fikirlər tarixi həqiqətə söykənir, reallığı özündə ifadə edir”.
Günel CƏLİLOVA