Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr hamı tərəfindən böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanır.
Xalqımız qısa müddətdə Milli Ordunun əldə etdiyi zəfərlərə görə Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, cəsarətli mövqeyini alqışlamaqla, 1941-1945-ci illər müharibəsində olduğu kimi, bu gün də "Ana Vətən çağırır!”, "Hər şey cəbhə üçün, hər şey Qələbə üçün” devizi ilə öz dəstəyini göstərir. Əlbəttə, söhbət yalnız gənclərimizin könüllü olaraq Vətənin müdafiəsinə qalxmasından getmir.
Qeyd edək ki, ölkədə qismən səfərbərliklə bağlı sərəncam imzalamamışdan öncə də ölkə gənclərinin könüllü olaraq ordu sıralarına yazılması kütləvi hal almışdı. Adıçəkilən sərəncam isə vətənpərvər Azərbaycan gəncliyini düşmən üzərində qələbə çalmaq üçün bir daha ruhlandırdı ki, bu da minlərlə çağırışçının ordu sıralarına yazılmasına stimul verdi.
Orduya dəstək, ön cəbhədə vuruşub yaralanan əsgər və zabitlərimizə qan vermək üçün gənclərin müraciəti və keçirdiyi aksiyalar da həmrəyliyin başqa bir formasıdır. Qeyd etdiyimiz kimi, yaşından, cinsindən, tutduğu vəzifədən asılı olmayaraq, hər kəs Qarabağın işğaldan azad olunması üçün əlindən gələni etməyə hazırdır. Döyüşə gedə bilməyənlər yaralılar üçün qan veriblər. Artıq Azərbaycanda qan ehtiyatı normadan artıq toplanıb.
Mərkəzi Qan Bankının yaydığı məlumatda qeyd olunur ki, qurum və regionlarda yerləşən bölmələri, hər zaman olduğu kimi, adi qaydada fəaliyyətini davam etdirir və hazırda qan ehtiyatı kifayət qədərdir: "Xalqımız son günlərdə baş verən hadisələr zamanı yenə də əzm nümayiş etdirir. Vətənpərvər oğul və qızlarımız həm könüllü şəkildə cəbhəyə yollanmaq üçün müraciətlər edir, həm də Azərbaycan Ordusunun zəfər yürüşü zamanı yaralanan mərd hərbçilərimiz üçün könüllü şəkildə qan vermək məqsədilə qan banklarına gəlirlər. Bu nəcib təşəbbüslərinə görə Mərkəzi Qan Bankı adından bütün vətəndaşlarımıza təşəkkür edirik! Mərkəzi Qan Bankı və regionlarda yerləşən bölmələrimiz, hər zaman olduğu kimi, adi qaydada fəaliyyətini davam etdirir və hazırda qan ehtiyatı kifayət qədərdir. Könüllü şəkildə qan donoru olmaq istəyən vətəndaşlarımız Mərkəzi Qan Bankının Bakı şəhərində və bölgələrdə yerləşən bölmələrinə zəng edə və ya gələrək ad, soyad, qan qrupu və telefon nömrələri haqqında məlumat verərək qeydiyyatdan keçə bilərlər. Ehtiyac yarandığı təqdirdə biz həmin məlumatlar vasitəsilə sizinlə əlaqə saxlayıb, qan banklarına dəvət edəcəyik. Bir daha xalqımıza göstərdiyi birlik və bərabərliyə görə təşəkkür edirik".
Təcavüzkar ölkədə isə qan ehtiyatı problemi yaşanır. Belə ki, Ermənistanın itkiləri saatbasaat artır. Döyüşlərə tab gətirməyən Ermənistan ordusunda dərman və tibbi ləvazimatlar, eləcə də ərzaq qıtlığı get-gedə daha da artmağa başlayıb. Hətta yaralılara müdaxilə etmək üçün qan ehtiyatı belə mövcud deyil.
Böhranla üzləşən ölkənin Səhiyyə Nazirliyi yaralı hərbçilər üçün qan toplamaq üçün əhaliyə müraciət edib. Nazirlik əhalidən qan vermək üçün həftəsonu olmasına baxmayaraq, hemotologiya mərkəzinə gəlmələrini istəyib. Ermənistan Səhiyyə Nazirliyi qan ehtiyatı toplamaq üçün könüllü donor axtarışına çıxıb. Bütün çağırışlara baxmayaraq, qan çatışmazlığı yaşanır.
Bu müraciətdən görünür ki, Ermənistan səhiyyəsində ciddi qan böhranı yaşanır.
“Ermənistan əhalisi yaralılara dəstək olmaq üçün onlara qan vermir, donor olmaq istəmir”
Məsələ ilə bağlı fikir bildirən “Vəfa” Sosial-İctimai Birliyinin sədri Fatimə Hacıbəyli qeyd etdi ki, sentyabrın 27-dən bu günə kimi keçirilən hərbi əməliyyatlarda işğalçı ölkə artıq tükənmək üzrədir. Nüfuzlu beynəlxalq hərbi-strateji araşdırma mərkəzləri də Ermənistanın mövcud resursları ilə Azərbaycana qarşı müharibəni uzun müddət davam etdirmək imkanının olmadığını təsdiqləyirlər. Mövcud vəziyyət göstərir ki, hərbi əməliyyatlar davam edəcəyi təqdirdə işğalçı ölkənin qısa müddətdə təslim olmaqdan başqa çarəsi qalmayacaq: “Ermənistan Səhiyyə Nazirliyi və tibb işçiləri yaralıları sağaltmaq üçün qan ehtiyatı və lazımi avadanlıqlar sarıdan əziyyət çəkdiklərini rəsmən etiraf edirlər. Ermənistan əhalisi yaralılara dəstək olmaq üçün onlara qan vermir, donor olmaq istəmir.Ancaq bizdə isə qanla bağlı çağırış olmadığı halda, insanlar donor olmağa hazırdırlar”.
Günel CƏLİLOVA