“Bu məsələ ilə bağlı Rusiya çox məsuliyyətli və böyük ölkə kimi davranır”. Bu sözləri Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibəsində deyib.
Ölkə başçısı bildirib ki, hər iki ölkə bu münasibətlərə strateji tərəfdaşlıq münasibətləri kimi yanaşır və bu, birgə imzalanmış müqavilələrdə də öz təsdiqini tapır: “Rusiya bizim qonşumuzdur. Rusiya ilə münasibətlərimiz uğurla inkişaf edir. Bu gün bir çox sahələrdə Rusiya ilə Azərbaycan arasındakı münasibətlər çox yüksək səviyyədədir. Bu məsələ ilə bağlı Rusiya çox məsuliyyətli və böyük ölkə kimi davranır. Rusiyadan müsbət mesajlar gəlir və hər hansı bir tərəfi dəstəkləmək müzakirə mövzusu deyil. Halbuki, Ermənistan buna çox ümid edirdi. Ermənistanın bu toqquşmanı bölgənin xaricinə çıxarmaq məqsədi də Rusiyanı buraya cəlb etməkdir. Ermənistan Azərbaycana hazırda Ermənistan ərazisindən niyə hücum edir? Məhz ona görə ki, biz də hücum edək, o da Rusiya ilə, başqa ölkələrlə birgə iştirak etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibliyinə müraciət etsin və desin ki, Azərbaycan bizə hücum edir, gəlin bizə yardım edin. İyul ayında niyə onlar bu təxribatı Ermənistan-Azərbaycan sərhədində törətdilər? Tovuz Qarabağ bölgəsindən uzaq məsafədə yerləşir. Orada onların hansı hədəfləri var idi - bir hədəfi ki, biz hücum edək, biz dövlət sərhədini keçək, - mən dedim bizdə belə bir fürsət var idi, - və ondan sonra müraciət etsin o təşkilata ki, gəlin bizimlə bərabər Azərbaycana qarşı vuruşun. Yəni Rusiyanı bu işlərə cəlb etmək istəyir və bu, növbəti təxribatdır, mən əminəm ki, buna müvəffəq olmayacaq”.
Göründüyü kimi, Prezident İlham Əliyev məlum döyüşlər başlayandan sonra Rusiyanın tərəfsiz mövqe ortaya qoymasını müsbət dəyərləndirib. Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər?
“Rusiyanın bu cür neytral mövqeyi bizi qane edir”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, sentyabrın 27-də cəbhədə döyüşlər başlayandan sonra Rusiya tərəfsiz siyasət yeridir: “Prezident İlham Əliyev çox konkret fikir söyləyərək qeyd etdi ki, Rusiya bu münaqişəyə çox məsuliyyətli yanaşır. Həqiqətən də Kreml tərəfsiz davranaraq sağlam düşüncəli mövqe sərgiləyir. İndi Rusiyanın birbaşa olaraq Azərbaycanı dəstəkləməsi lazım deyil. Çünki biz başa düşürük ki, Rusiya Ermənistanın hərbi müttəfiqidir. Müəyyən mənada Rusiya Ermənistanı dəstəkləməlidir, amma Kreml görür ki, Ermənistan haqsızdır. O üzdən, məsafə saxlayır. Göründüyü kimi, Rusiya sözügedən məsələdə Ermənistanı açıq dəstəkləmir. Gör vəziyyət nə yerə gəlib çatıb ki, Paşinyan 5 dəfə Putinə zəng edərək ona yalvarır. Rusiyanın bu cür neytral mövqeyi bizi qane edir. Çünki dövlət başçımız qeyd etdi ki, bizim strateji partnyorluq münasibətlərimiz qalır. Bu strateji partnyorluq münasibətləri çərçivəsində, görünür, Rusiya özünü məsuliyyətli aparır və prosesə diqqətli yanaşır. Bizə heç kimdən kömək, dəstək lazım deyil. Biz öz torpaqlarımızı azad edirik. Bizim yanımızda qardaş Türkiyə var və hər zaman bizi dəstəkləyir”.
Politoloqun fikrincə, Rusiyanın neytral qalması ümumən bizim xeyrimizədir.
Vidadi ORDAHALLI