Sentyabrın 27-dən başlayaraq Ermənistan-Azərbaycan münaqişəsində hərbi toqquşmalar qarşı tərəfdən daha da alovlanır. Bu dəfə Ermənistan tərəfi növbəti təxribatlara əl atır, yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutur. Əlbəttə, Azərbaycan Ordusu adekvat cavablar verir, qısa müddət ərzində düşmən mövqeləri darmadağın edilir.
Müdriklərin bir sözü var; necəsən qanmayım atan yansın. Məsəlin dərinliyinə bax. Görmək istəməyənlərə zornan nəyisə göstərmək müşkül işdir. Necə ki, Makron kimiləri həqiqəti görməmək üçün gözlərini möhkəm-möhkəm qapayıblar. Elə qapayıblar ki, zülmətdə nə etdiklərini, niyə etdiklərini dərk edə bilmirlər.
Azərbaycan Ordusunun apardığı qətiyyətli əks-hücum əməliyyatı cəbhənin bütün istiqamətlərində uğurla davam edir.
Cənab Prezident İlham Əliyevin müxtəlif videoformatlı çıxışlarında, yerli televiziya kanallarına, «Rossiya-1», «Əl-Cəzirə», «Əl-Ərəbiyyə», «TRT Haber», «Pervıy Kanal» televiziya kanallarına verdiyi müsahibələrdə Ermənistanın işğalçı siyasətini, baş nazir Nikol Paşinyanın münaqişənin daha da alovlandıran müharibə çağırışlarını kəskin tənqid edir, Qarabağın Azərbaycana aid olması haqqında tutarlı faktlar gətirir. Cənab Prezident deyir:- Qarabağ bizim doğma, əzəli, tarixi torpağımızdır. Qarabağ xanlığının tarixinə baxmaq kifayətdir ki, hər kəs görsün, azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bizim müqəddəs ocağımız Şuşa şəhəri azərbaycanlılar tərəfindən salınıb. Bu gün işğal altında olan torpaqlar bizim tarixi torpaqlarımızdır. Bizim işimiz haqq işidir. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik. Buna bizim haqqımız çatır, bunu edirik və edəcəyik.
Paşinyanın guya, cəbhə bölgəsində türk əsgərlərinin, onların texnikasının olması fikirləri dövlətimizin başçısı tərəfindən faktlarla ifşa olunur.
Nikol Paşinyan hazırda harda danışırsa, hansı kanala intervyu verirsə, onun yalanları, böhtanları üzə çıxır, onun siyasi riyakarlığı aydın görünür.
Hadisələrin axarı bir daha göstərir ki, Azərbaycan Ordusunun döyüş ruhu, qələbə əzmi Ermənistan rəhbərliyini narahat edir. Düşmən Ordusunda təşviş və xaos yaranıb. Azərbaycan Ordusunun gücü qarşısında tab gətirə bilməyən erməni əsgərləri silah-sursatlarını qoyub qaçırlar. Budur Azərbaycan Ordusunun gücü, qüdrəti, işğal altında olan torpaqlarını azad etmək üçün hər alovu keçməyə hazır olması.
Xalqımız əmindir ki, Ordumuzun qüdrəti sayəsində torpaqlarımız işğaldan azad olacaq, üçrəngli bayrağımız Şuşada, Xankəndində dalğalanacaq. Və hamımıza bir şey aydındır: Qürur mənbəyi - Azərbaycan əsgəri o günü saatbasaat, anbaan yaxınlaşdırır.
Əminə YUSİFQIZI, Yevlaxda çıxan «Kür» qəzetinin baş redaktoru, Respublikanın əməkdar jurnalisti