Ermənistsnın yeni ideoloji şantaj tezisini qətiyyən gözdən qaçırmaq olmaz. Sentyabrın 27 -də pozucu təxribata başlayandan dərhal sonra öncədən planlaşdırılmış qaydada ideoloji diversiyaya və təhrif edilmiş tezislərin üzərində informasiya müharibəsinə başladı.
Əvvəlcə dünyanı inandırmağa çalışdılar ki, guya ilk həmləni vuran və təxribat edən Azərbaycan olub. Lakin bu yalan tezisin üstündə çox tez ifşa olundular. Dövriyyəyə başqa tezis buraxdılar. Guya Azərbaycan Şərq ölkələrindən Türkiyənin vasitəçiliyi ilə muzdlu döyüşçülər gətirir. Bu da müqavimətə dözmədi. Əksinə, Azərbaycan elə əks arqumentlər gətirdi ki, dünyanın diqqətini sürətlə Ermənistanın öz üstünə yönəltdi ki, bu sayaq cinayətlə məşqul olan məhz Ermənistanın özüdür. Dövriyyəyə üçüncü yalan tezis buraxıldı. Guya Türkiyə faktiki olaraq hərbi ənəliyyatlara qoşulub və Azərbaycanın tərəfində vuruşur. Bu yalan da ifşa edildi.
Şərti sıra ilə yanaşsaq Ermənistan indi dünyanı daha böyük bir yalanla şantaj etmək taktikasını dövriyyəyə buraxıb. Bu yalanın "doğum şəhadətnaməsini" ilk olaraq Paşinyan xalqa müraciətində yazdı. Paşinyan dedi ki, söhbət əslində Qarabağdan yox, Qafqazda ermənilərin ikinci "genosidini" hazırlamaqdan gedir. Guya Azərbaycan qalib gəlsə Qarabağdakı bütün erməniləri məhv edəcək və "ermənilərsizləşdirilmiş bölgə" yaradacaq. Dünya erməniləri arasında bu "dahi yalana" inananlar bəlkə də tapıla bilər. Axı heç də hamı hələ bu vəziyyətdə də Azərbaycanda azı 40 min erməninin yaşadığını və Azərbaycanın "vətəndaş ermənilərlə" bağlı hansı bəşəri-humanist planlara malik olduğunu bilmir. Ermənilərin son şantajçı yalan tezisinin də klassık ifşasını Prezidentimiz özü həyata keçirdi. "Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur. Biz sivil ermənilərlə yox, cinayətkar rejimin xunta ordusu ilə vuruşuruq. İşğalçı qüvvələr bizim torpaqlarımızdan gedəndən sonra sadə ermənilərlə heç bir problemimiz olmaz". Azərbaycan Prezidenti bu ideologiya üzərində qurulmuş platforma ilə Paşinyanın yalan maşınının son "nailiyyətini" də ifşa etdi.
Aydın QULİYEV