Ermənipərəst mövqeyindən bir addım da geri çəkilməyən, əksinə, günü-gündən daha da irəliyə gedən və bununla da qeyri-obyektivlik sərgiləyən Fransa Prezidenti Emmanuel Makron deyəsən heç Fransanın tarixini də bilmir, ölkəsini II Dünya Müharibəsi dövründə faşizm caynağından xilas edən insanlar haqqında da məlumatı yoxdur. Varsa da, o, tarixi həqiqətləri tapdayaraq, müasir dünyada faşizmin “qaynayan qazan”ı olan Ermənistana dəstək verir, bununla da faşizmi, separatizmi dəstəklədiyini açıq ortaya qoyur və Fransa xalqının, tarixinin əleyhinə gedir.
Makron unudur ki, İkinci Dünya Müharibəsi illərində fransızları faşizm bəlasından xilas edənlərdən biri Fransa Müqavimət Hərəkatının iştirakçısı “Armed Mişel”, “Ryus Armed”, “Xarqo” və başqa adlarla tanınan, Fransanın azadlığı uğrunda döyüşlərdə fədakarlıqlar göstərən Azərbaycan xalqının oğlu, Şarl de Qolun yaxın silahdaşı Əhmədiyyə Cəbrayılov olub. Ə.Cəbrayılov Fransada faşizmlə mübarizə aparanda, fransızları faşizmin caynağından qoparanda ermənilərin bu gün “qəhrəmanlaşdırdığı” Qaregin Njde, Dro, Nikol Paşinyan (Paşinyanın babası) faşistlərə xidmət edib, yüzlərlə fransızın həyatına vəhşicəsinə qəsd ediblər. Faşist əlaltılarının törəmələrinə bu gün qucaq açan Fransa və Makron tarixi unutmaqla, əslində, özlərini, özlərinin faşizmlə mübarizə tarixini ləkələyirlər.
“O, fransız xalqının maraqlarını da, dövlətçilik tarixini də, faşizm uğrunda mübarizəsini də öz şəxsi maraqlarına qurban verir”
Mövzunu şərh edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev bildirdi ki, Makron üçün nə Fransanın tarixi keçmişi, nə mədəniyyəti, nə dövlətçilik ənənəsi maraqlıdır. Makronun bütün dəyərləri tapdaladığını deyən Q.Hacıyevin sözlərinə görə, onu yalnız seçkilərdə erməni lobbisinin dəstəyini qazanmaq maraqlandırır. “Makron nə Fransa xalqının Milli Azadlıq Hərəkatı haqqında düşünür, nə Şarl de Qolu, nə də onun silahdaşı olan, Fransanın faşizmdən xilas edilməsi uğrunda döyüşən Əhmədiyyə Cəbrayılovu yada salır. O, heç Şarl de Qolu tanımaq istəmir, Fransanın tarixi dostluq əlaqələrini belə nəzərə almaq istəmir. Makron Paşinyan ağılda bir adamdır. Onu əsas maraqlandıran seçkilərdə erməni lobbisinin dəstəyini qazanmaqdır və o, fransız xalqının maraqlarını da, dövlətçilik tarixini də, faşizm uğrunda mübarizəsini də öz şəxsi maraqlarına qurban verir. Bu gün Makron vaxtilə Fransanı faşizmdən xilas edənlərdən biri olan Əhmədiyyə Cəbrayılovun ölkəsinin haqlı mövqeyini deyil, Ermənistanın separatçı, terror hərəkətlərini, işğalçılıq siyasətini dəstəkləməklə, əslində, faşizmə dəstək vermiş olur. Açıq şəkildə görsənir ki, Makron Fransadakı erməni lobbisinin təsiri altındadır, onların göstərişlərini, tapşırıqlarını yerinə yetirir. Görünür, pərdə arxasında erməni lobbisi ondan Ermənistanı dəstəkləməyi tələb edir və deyir ki, dəstəkləməsən, növbəti seçkilərdə səni dəstəkləməyəcəyik. O da şəxsi maraqlarını təmin etmək üçün erməni lobbisinin əlində oyuncaq olmağa razılıq verib”.
Q.Hacıyevin bildirdiyinə görə, Njde, Dro kimi faşist əlaltıları, canilərin Fransa xalqına zülmlər etməsinə baxmayaraq, sonrakı dövrlərdə Fransaya rəhbərlik edənlər ermənilərin bu ölkəyə kütləvi köç etməsinə etiraz etməyiblər, hətta onlara burada böyük şəraitlər yaradıblar. “Erməni lobbisinin əsas güc mərkəzlərindən biri Fransadır. Ermənilər Fransaya köç etdikdən sonra burada müxtəlif yollarla dayaqlarını möhkəmləndirməyə nail olublar. Bu gün Fransada ermənilərin Qriqoryan kilsəsi mərkəzi də var”.
Makronun tarixi unutduğunu deyən Q.Hacıyev hesab edir ki, bu gün onun erməni separatizmini dəstəkləməsi sabah Fransa üçün böyük təhlükələr vəd edir. Bu gün dünyanın terrorçu dövlət kimi tanıdığı Ermənistana Makronun can yandırmasının səbəblərindən biri də onun Türkiyəyə bəslədiyi mənfur münasibətdir deyən Q.Hacıyevin sözlərinə görə, hazırda Türkiyə-Fransa münasibətlərti qaydasında deyil. “Makron Fransa ilə Türkiyə arasındakı Aralıq dənizi hövzəsində olan məsələlərə görə bizimlə və qardaş ölkə ilə düşmənçilik edir. Başqa Avropa ölkələrindən fərqli olaraq, Fransa Türkiyə ilə daha ciddi rəqabət halındadır. Həqiqət budur ki, Türkiyə öz dövlətçilik mənafeyindən çıxış edir” - deyə Q.Hacıyev bildirdi.
İradə SARIYEVA