Sentyabrın 27-dən bu günə qədər Ermənistan Azərbaycanın mülki vətəndaşlarını və infrastrukturunu atəşə tutmaqda davam edir. Ermənistan beynəlxalq qanunvericiliyin tələbini pozaraq Azərbaycan şəhərlərini atəşə tutan zaman kasetli bombalardan istifadə edir.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bir neçə gün öncə keçirilən brifinqdə deyib ki, Ermənistan silahlı qüvvələri kasetli bombalardan da istifadə edir. Prezidentin köməkçisi qeyd edib ki, Ermənistanın insanların kütləvi şəkildə yaşadığı ərazilərə qadağan olunmuş bombalar atması bu ölkənin terrorçu dövlət olduğunu göstərir.
“…insanların sıx yaşadığı ərazilərə kasetli bombalar atması birbaşa hərbi cinayətdir”
Hərbçi-ekspert Ramil Məmmədli bildirdi ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindəki yaşayış məntəqələrinə, insanların sıx yaşadığı ərazilərə kasetli bombalar atması birbaşa hərbi cinayətdir.
Ekspertin sözlərinə görə, kasetli bombalar insan orqanizmi üçün olduqca zərərlidir: “Məlumat üçün bildirim ki, ilk dəfə olaraq İkinci Dünya Müharibəsi zamanı icad edilmiş bu bombalar çoxlu sayda kiçik bombalardan ibarətdir və məhz bu xüsusiyyətinə görə bu silah növü böyük əraziləri dağıda bilir. Ona görə kasetli bombaların insanların kütləvi şəkildə yaşadığı ərazilərə atılması qadağandır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, kasetli bombalar partlamadıqları halda da kimyəvi zəhərlənməyə səbəb ola bilər: “Ermənistan silahlı qüvvələri kasetli bombaların insan orqanizmi üçün olduqca zəhərli olduğunu nəzərə alaraq, bilərəkdən bu silahdan istifadə edirlər. Bu da onların terrorçu xislətindən xəbər verir”.
Ekspertin sözlərinə görə, Ermənistanın atdığı raketlər 40 kilometrdən 120 kilometrə qədər məsafədə hədəfi vurmağa hesablanıb. Bu silahdan istifadə etmək beynəlxalq konvensiyalara ziddir.
Günel CƏLİLOVA