Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk Qrupunun üzvü olan üç ölkənin -ABŞ, Rusiya və Fransanın Xarici işlər nazirləri dünən gecə Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların durumu ilə bağlı birgə bəyanat yaydılar.
Konkret və ümumi şəkildə belə demək olar: "Bunlar düzəlməyəcək". Oktyabrın 1-də Minsk Qrupundakı üç həmsədr diplomat da birgə bəyanat yaymışdılar. 1 oktyabr bəyanatından açıq deyək ki, region xalqları çox şey gözləyirdilər. Təəssüf, gözləntilər yerlə bir edildi. 1 oktyabr bəyanatının ən bağışlanmaz və qızışdırıcı cəhəti münaqişə tərəflərinin məsuliyyətini bərabərləşdirmək oldu. Qrup dövlətləri hələ anlamır ki, təcavüzkar və təcavüz qurbanı olan ölkələrin aydın fərqləndiyi bir yerdə məsuliyyətləri tarazlaşdırmaq heç bir nəticə verə bilməz. Həmsədrlərin 1 oktyabr bəyanatından bir nümunəyə baxın. "Azərbaycan və Ermənistan vicdanla və heç bir ilkin şərt qoymadan atəşin dayandırılması barədə öhdəlik götürməlidir". Azərbaycan aşkar təcavüz qurbanı olduğu halda onu "vicdan" anlayışı altında Ermənistanla bir sıraya qoymaq özü vicdansızlıqdır. İlkin şərt qoymaq məsələsinə gələndə isə, Paşinyan "yekə -yekə" 7 pozucu şərtdən dəm vuranda həmsədrlərin səsi çıxmalı idi....
Gələk üç həmsədr ölkənin XİN başçılarının son bəyanatına. Sitat: "Azərbaycan və Ermənistan ərazisində Dağlıq Qarabağ münaqişə zonasından kənarda əsasən mülki obyektlər hədəfə alınır". Bu artıq vicdansızlığın son həddidir. Neçə gündür Azərbaycan diplomatiyası Gəncə, Göygöl, Xızı, Abşeron, Mingəçevir və başqa yerlərin Ermənistanın Gorus, Cermuk, Berd, Vardenis və Sisyan şəhərlərindən uzaqmənzilli raketlərlə vurulduğuna dair məlumatlar yayır, sübutlar var, dinc əhali arasında ölən və yaralananlar, dağıntılar var. Azərbaycan ərazisindən Ermənistanda bircə hərbi və ya mülki obyektin vurulduğuna dair tək fakt belə yoxdursa, XİN başçılarının bəyanatı yalan və qərəzli sənədə çevrilir. Belə sənədlər isə praktik dəyərə malik oma bilməz.
Aydın QULİYEV