Sentyabrın 27 -də müharibə başlayandan Putinin Paşinyanla üç dəfə telefonla danışması və Azərbaycan prezidenti ilə birbaşa təmasa keçməməsinin səbəbləri indi hər kəsi düşündürən ən aktual məsələyə çevrilib. Hərə bir cür izah verir, hərə bir nəticəyə gəlir. Həqiqət haradadır?
Birinci növbədə Azərbaycan Prezidentinin qələbə təbrikindəki bu fikirləri xatırlayaq: "Paşinyanın yalvarmadığı, zəng etmədiyi adam qalmayıb. Mən heç kimə zəng vurmuram. Mənə zəng edirlər". Demək, Paşinyanın Putinlə son günlərdəki telefon danışıqları ancaq Paşinyanın öz təşəbbüsləri ilə baş tutub. Bu o deməkdir ki, Rusiya Prezidenti Paşinyanla sentyabrın 27-dən başlanmış döyüşləri müzakirə etməyə həvəsli olmayıb və deyil. Putinin Azərbaycan rəhbəri ilə danışmamasını onun bunu istəyib-istəməməsi ilə izah etmək düz olmazdı. Bir sıra arqumentlərə görə, bunu həm formal-texniki, həm də fundamental siyasi səbəblərlə izah etmək daha realdır . Formal -texniki səbəb budur ki, İlham Əliyev təşəbbüs göstərməyib və danışıq olmayıb. Vəssalam. Məsələnin fundamental-siyasi tərəflərində isə dərin mətləblər yatır.
Hakimiyyətə gəldiyi gündən Qərbə tez-tez boylanan və can atan Paşinyanın bununla Putini qəzəbləndirdiyi aydındır. Rusiyanın şirkətlərini və rusmeylli siyasətçiləri təqib etməsi Putinin qəzəbini daha da artırmışdı. Putin görməyə bilməzdi ki, Paşinyan cəmi iki il ərzində iki yüz illik strateji müttəfiq olan erməni xalqını az qala büsbütün Rusiyanın əleyhinə qalxmaq həddinə gətirib. Bu səbəblərdən Rusiya liderinin Paşinyanın "burnunu ovmaq" və ya ovdurmaq üçün çoxdan fürsət gözlədiyinə söz yoxdur. Bu fürsət indi gəldi. Azərbaycana öz əraziləri, Putinə isə Paşinyanın burnunun ovulması lazım idi. Ancaq Putin Azərbaycanın və Ermənistanın arasında çox nazik bir sapın üstündə yerimək zorundadır. O, Paşinyanın burnunun əzilməsinin elə variantını tapmalı idi ki, bunlar sonda nə dövlət olaraq Ermənistanın, nə də erməni xalqının cəzalandırılması kimi görünməsin. Axı erməni xalqı Rusiyanın düz 200 illik müttəfiqidir və bundan sonra da müttəfiq kimi ona hələ çox lazım ola bilər. Putin bu aralarda həm Azərbaycan, həm də Ermənistan rəhbəri ilə danışmağa özü o səbəbdən təşəbbüs göstərmədi ki, videoformatda üçtərəfli danışığın yeri heç cür yox idi, ikitərəfli danışıqlar variantında isə birinci kimə zəng etməyin önəmini Putin kimi təcrübəli və taktikalı siyasətçinin nəzərdən qaçırması mümkünsüz idi. Putin heç bir ölkənin lideri ilə telefon danışığına təşəbbüs göstərməmək variantını seçdi. Düzgün seçim etdi. Nəticədə çətinliyə düşdüyü üçün atasının üstünə qaçan uşaq kimi telefona sarılan Paşinyanla danışmağa məcbur oldu. Həm də bu danışıqların hər birinin Paşinyanın bir neçə cəhdindən sonra baş tutduğuna dair dəqiq məlumatlar var. Maraqlıdır ki, Putin hətta Paşinyanla bir neçə danışıqdan sonra da Əliyevə zəng etmədi. Bu da həssas və təcrübəli Putinin dəqiq seçimi idi. Çünki bu halda onun Bakıya zəngi Paşinyanın mənafeyinə uyğun olaraq, Azərbaycanı əks-hücumların ən uğurlu vaxtlarında müharibəni dayandırmağa çağırış kimi dəyərləndirilə və Azərbaycanda Rusiyanın olan-qalan nüfuzuna da ziyan vura bilərdi. Həm də Paşinyan tam dərsini almamış Azərbaycanı dayandırmaq cəhdi Rusiyanın marağında deyildi.
Putinin Paşinyanla üç dəfə danışması, İlham Əliyevlə danışmaması heç də erməni təbliğatının iddia etdiyi kimi Rusiya liderinin onlara şəxsi münasibətinin təzahürü yox, Putinin dəqiq seçilmiş siyasi taktikasıdır. Rusiya lideri Azərbaycanın haqlı olduğunu bildiyi və eyni zamanda Paşinyanın iflasına həlledici əsasların yaranmasına mane olmamaq üçün baş verən hadisələrə təklikdə yox, Minsk Qrupunun həmsədrləri formatında münasibət bildirməyi üstün tutdu. Bu taktikanın mənası Paşinyanın daha çox əzilməsinə, Azərbaycanın özünə aid olan daha çox əraziləri azad etməsinə şərait yaratmaq, həm Azərbaycan, həm də erməni xalqının nəzərində Rusiyanın obrazını mümkün qədər qorumaqdan ibarətdir. Putin çox yaxşı bilir ki, İlham Əliyev torpaqlar tam azad edilənə qədər müharibəni davam etdirməkdə qərarlıdır. Belə aydın şəraitdə onun İlham Əliyevə telefon zənginin və "müharibəni dayandırın" kimi tövsiyəsinin nə anlamı ola bilərdi ki?! Putin tam haqlı olan Azərbaycana "müharibəni dayandırın" kimi haqsız mesajı verməyin məsuliyyətini tək Rusiyanın üstünə çəkmədi və bu məsuliyyəti üç həmsədr ölkənin arasında paylaşdı. Beləliklə, Azərbaycanın əsaslı "yox" cavabı tək Rusiyaya yox, bütün həmsədr ölkələrə aid olmaqla paylaşıldı.
Putin Azərbaycan xalqının ürəyincə olmayan "müharibəni dayandırın" təklifini İlham Əliyevə şəxsən demək istəmədi. İlham Əliyevi yaxından tanıdığındandır. O yaxşı bilir ki, İlham Əliyev xalqın qəbul etmədiyi hər hansı Qarabağ ideyasına imza qoymaz.
Beləliklə, erməni ruporlarının "yaxa-baca cırdığı" və o yana bu yana çəkmək istədiyi "Əliyevə zəng olmadı, Paşinyana oldu" tezisinin arxasındakı həqiqətlər budur:
1. Putin Paşinyanın "aşının duzunun" verilməsi üçün mümkün qədər çox vaxt olmasına imkan yaratmaq istədi.
2. İlham Əliyevin mümkün qədər çox torpağını azad etmək haqqını və şansını tanıdı.
3. Azərbaycan xalqının gözündə özünün nüfuz böhranını heç olmasa indiki səviyyədə saxlamaq istədi.
4. Ermənistanda yeni hakimiyyət formalaşdırmaq üçün vacib şərt olan erməni xalqının gözündən düşmə prosesini dayandırmaq istədi.
Nəhayət, uğurlu hərbi əməliyyatların yüksəliş mərhələsində Azərbaycan xalqının yaxına belə buraxmaq istəmədiyi "müharibəni dayandırın" təklifini tək özü demədi, ABŞ və Fransanın dili ilə dedizdirdi.
Beləliklə, bu günlərdə Putinin Paşinyana zəngi, İlham Əliyevlə danışmaması Paşinyanın gücsüzlüyü qarşısında İlham Əliyevin böyük güc göstəricilərindən ibarət paradoksal vəziyyətin parlaq əlaməti kimi üzə çıxır...
Aydın QULİYEV