“Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar, demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər.
Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var? Onlar bu ittihamları dayandırmalıdırlar. Azərbaycana hücum etməyi və nüfuzumuza xələl gətirməyi dayandırmalıdırlar. Əgər biz muzdlular və terrorçular barədə danışmağa başlasaq, düşünürəm ki, bizi günahlandıranlar özləri çox utancverici vəziyyətə düşəcəklər. Yaxşı olar ki, onlar bizi günahlandırmazdan əvvəl güzgüyə baxsınlar”.
Bu fikirləri Prezident İlham Əliyev oktyabrın 4-də “Əl-Ərəbiyyə” televiziya kanalına müsahibəsində deyib.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Fransa açıq şəkildə Ermənistana dəstək verir və Dağlıq Qarabağa “müstəqillik verilməsini” tələb edir.
Prezidentin bu fikirləri Azərbaycanı ittiham edənlərə necə münasibətdir?
“Dağlıq Qarabağa “müstəqillik verilsin” tələbi qoyan Fransa Korsikaya və digər etnik qrupların yaşadıqları ərazilərə müstəqillik versin və bununla da...”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəsləfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, Prezident İlham Əliyevin ölkəmizi ittiham edənlərə qarşı göstərdiyi mövqe düzgündür və təqdirəlayiqdir. Azərbaycan Ordusunun düşmən üzərində qazandığı qələbələri Ermənistan kimi Fransa və digər belə ölkələrin həzm edə bilmədiyini qeyd edən F.Ələkbərli hesab edir ki, Prezidentin bu fikirlərindən Makron və onun kimilər dərsini almalıdır. “Prezidentimiz tamamilə haqlıdır. Azərbaycan Ordusu Ermənistanın təxribatlarına qarşı əks-hücuma keçib və öz ərazimizdə təxribatların qarşısını almaq üçün hərbi əməliyyatlara başlayıb. 27 sentyabrdan bəri ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransanın, onun Prezidentinin tutduğu mövqe tamamilə qərəzli və yanlış bir mövqedir. Xüsusilə də Makron son günlər verdiyi bütün açıqlamalarında, birmənalı şəkildə, qərəzli mövqe nümayiş etdirib və burada heç bir obyektivlikdən söhbət gedə bilməz. Fransa Prezidentinin bu məsələlərlə bağlı çıxışları Ermənistanın Baş naziri Paşinyanın mövqeyindən heç nə ilə fərqlənmir. Hətta deyərdim ki, bəzi hallarda Makron Paşinyandan da irəli gedir və Azərbaycana qarşı haqsız ittihamlar irəli sürür. Ona görə də cənab Prezidentin haqlı olaraq dediyi kimi, Fransa bu qədər erməniləri düşünüb, onların qayğısına qalırsa, öz ərazisində, o cümlədən də Marseldə və ermənilərin çox yaşadığı digər şəhərlərdə buyurub ermənilər üçün respublika yaratsın. O ki, qaldı Prezidentin Korsika və basklarla bağlı dediklərinə, ölkə başçısı tamamilə haqlıdır, qoy Fransa uzun illərdir assimilyasiya etdiyi, mədəniyyətinə, tarixinə əl uzatdığı etniklərə müstəqillik versin. Biz bilirik ki, Fransa özü tarixən ərazisində olan digər etnik xalqları, fransız olmayanları necə fransızlaşdırıb, onları öz milli kökündən qoparmağa çalışıb. Ən azı son əsrlərdə - XIX və XX əsrlərdə təkcə Korsikada deyil, eyni zamanda, Fransanın fransız olmayan əhalisini hansı yollarla assimilyasiya edərək zorla fransızlaşdırdığını yaxşı bilirik. Dağlıq Qarabağa “müstəqillik verilsin” tələbi qoyan Fransa Korsikaya və digər etnik qrupların yaşadıqları ərazilərə müstəqillik versin və bununla da nümunə göstərsin ki, baxın, biz belə nümunələr edirik. Fransa ömrü boyu etnik qruplara müstəqillik verməz, əksinə, onlara qarşı mübarizə aparır. Eyni zamanda, Fransanın bir sıra ərəb ölkələrində, xüsusən də Əlcəzairdə, Mərakeşdə hansı soyqırımlar həyata keçirdiyi də bütün dünyaya məlumdur. Fransa ən çox da Əlcəzair və Mərakeş xalqına qarşı soyqırım törədib, onları assimilyasiya edib. Bu xalqları necə dözülməz vəziyyətə saldığını hamı bilir. Bir sözlə, Fransanın bizə qarşı mövqeyi birmənalı olaraq qərəzlidir”.
F.Ələkbərli hesab edir ki, Fransa ATƏT-in Minsk Qrupundan uzaqlaşdırılmalıdır və artıq bu ölkənin orada qalması mümkün deyil. Onun fikrincə, artıq başqa bir ölkənin ora cəlb edilməsi lazımdır və bu ölkənin Türkiyə olması daha məqsəduyğundur. “Fransanın Minsk Qrupunda qalması, birmənalı şəkildə, yolverilməzdir, çünki bu ölkə artıq öz ermənipərəst mövqeyini ortaya qoyub” - deyə F.Ələkbərli vurğuladı.
İradə SARIYEVA