Cəbhədə Ermənistanın düçar olduğu uğursuzluq həmin ölkənin daxili siyasi həyatında da özünü göstərməyə başlayıb. Artıq iki gündür ki, sosial şəbəkələrin erməni seqmentində və bəzi erməni KİV-ində Paşinyanın istefa verdiyinə dair xəbərlər yayılır.
İddia olunur ki, Ermənistanın Baş naziri Nikol Paşinyan istefa verib və növbədənkənar parlament seçkilərini keçirməyi planlaşdırır. Ermənistan KİV-in məlumatına görə, Paşinyan yeni seçkilərə qədər nazirlər kabinetinin başçısı vəzifələrini icra edəcək. Növbədənkənar parlament seçkilərinin dekabrın 10-da keçiriləcəyi bildirilir. Maraqlıdır ki, Ermənistanın rəsmi dairələri bu məlumatları nə təsdiq, nə də təkzib edir. Ancaq son hadisələrin fonunda Paşinyanın şəxsi nüfuzunun çox aşağı düşdüyü bildirilir. Hətta onun istefaya göndərilməsilə bağlı ümumxalq mitinqinin çağrıldığı da qeyd edilir. “Erməni Qartalları: Birləşmiş Ermənistan” partiyasının sədri Xaçik Asryan öz “Facebook” səhifəsində bunu yazıb: “Cari il sentyabrın 19-da saat 17:00-da İrəvan şəhərinin Azadlıq (Opera) meydanında baş tutacaq toplanışda (mitinqdə) şəxsən iştirak edin. Birləşmiş qüvvələrlə Nikolu uzaqlaşdıraq və Ermənistanın yeni, milli-dövlət hakimiyyətini formalaşdıraq”.
Göründüyü kimi, birləşmiş müxalifət Paşinyanı, hətta milli-dövlət hakimiyyətinin təmsilçisi kimi də qəbul etmir. Cəbhədə yaşanan uğursuzluqlar Paşinyanın istefaya göndərilməsi və ya devrilməsinə yol aça bilərmi?
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, proseslərin gedişi göstərir ki, hazırkı məqamda Paşinyan meydanda tək qalıb: “Onun devirdiyi “Qarabağ” klanı üçün indiki situasiya çox əlverişlidir. Ermənistanda hər zaman hakimiyyətlərin dayağı sayılan Rusiyanın Paşinyana dəstəyi, demək olar ki, hiss edilmir. Bunun da səbəbi onunla bağlıdır ki, Paşinyan qütblər arasında açıq manevr etmək istəyib, lakin bu onda alınmayıb. Paşinyan birmənalı şəkildə Qərbin layihəsi sayılır. Lakin sonrakı bəzi təzyiqlərin fonunda onun bir qədər Rusiyaya meylləndiyi hiss edildi. Dərin dövlətçilik ənənələrinə malik olan Rusiya bu imitasiyanı başa düşdü. Paşinyan hakimiyyətə gələndən sonra bir çox anti-Rusiya addımları atıb. Bu səbəbdən də Ermənistanın daxili proseslərinə təsir etmək gücündə olan ölkə kimi rəsmi Moskva Paşinyanın devrilməsində maraqlıdır. Bu prosesin həyata keçirilməsi hazırda çox güc qoymadan da baş tuta bilər. Qarabağ hadisələrinin fonunda Paşinyan bu aqibəti yaşaya bilər. Onun iki yolu qalıb, ya Azərbaycanın şərtlərini yerinə yetirmək, ya da könüllü istefa vermək. İstənilən halda, onu yaxşı aqibət gözləmir. Çünki onun diletantlığı başında çatladı. Ermənistanın ondan əvvəlki rəhbərləri də danışıqların baza prinsiplərini razılaşdırıblar. Yəni onlar anlayır ki, bu məsələnin kompromissiz həlli yoxdur. Paşinyan hakimiyyətə gələndən sonra isə indiyə qədər aparılan danışıqlarda əldə olunan bütün ilkin nəticələrin üstündən xətt çəkdi. Artıq “Qarabağ” klanının təmsilçiləri olan keçmiş prezidentlər Köçəryan və Sarkisyan Qarabağa gedib. Bu o deməkdir ki, Paşinyan Qarabağdakı proseslərdən tam kənarda qalıb. İndiki məqamda Ermənistanda hansısa hakimiyyət dəyişikliyinin baş verməsi bizə lazım deyil. Çünki bu, bəzi dairələrə və Ermənistanın özünə müəyyən manevr imkanları qazandıra bilər. Bu taktikadan Paşinyanın özü də istifadə edib, vaxt udmuşdu. Yəni yeni gələn adam söz verir ki, nəsə edəcək, nəticədə heç nə etmir. İstənilən halda, Azərbaycanın qazandığı uğurlar Ermənistanın daxili vəziyyətinə ciddi təsir edir. Ancaq Azərbaycanın bu məsələdə mövqeyi qətidir və həmin şərtləri ölkə başçısı açıqlayıb. Orda hakimiyyətə hansısa Aşotun və ya Samvelin gəlməsi bizi dayandıra bilməz. Bu tarixi şansı dəyərləndirib, məsələni bitirməliyik”.
Ermənistanda kimin hakimiyyətdə olmağı və ya gəlməyindən asılı olmayaraq, bizim qarşımızda bir məqsəd var - Qarabağı işğaldan azad etmək. Hazırda biz o prosesi uğurla yerinə yetiririk.
Məhəmmədəli QƏRİBLİ