Ermənistan tərəfindən uzaqmənzilli raketərdən istifadə edilməsi münaqişənin daha da gərginləşməsinə səbəb ola bilər.
“Trend”in məlumatına görə, bunu oktyabrın 5-də Baş Prokurorluqda keçirilən mətbuat konfransında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
O bildirib ki, bu raketlərin trayektoriyasına baxılmalı və qiymət verilməlidir: “Bu raketlərin məsafəsi və trayektoriyası uzaqmənzillidir və atılan raketlər Xızıya qədər gəlib çıxıb. Bu, açıq-aşkar Ermənistanın acizliyinin, çarəsizliyinin göstəricisidir. Bu kimi təxribatlara Ermənistan tərəfindən öz uğursuzluğunu ört-basdır etmək üçün əl atılır".
Prezidentin köməkçisi deyib ki, Azərbaycana qarşı təxribatlar birbaşa Ermənistan siyasi və hərbi rəhbərliyinin göstərişi ilə həyata keçirilir
Onun sözlərinə görə, bu, Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi terror siyasətinin göstəricisidir: “Bu hadisəyə görə Ermənistanın və qondarma respublikanın rəhbərliyi birbaşa məsuliyyət daşıyır. Ermənilər tərəfindən hədəfə alınan obyektlər arasında hərbi obyektlər yoxdur".
“Biz Ermənistandan hər cür təxribatlar gözləyirik” – deyən H.Hacıyevin sözlərinə görə, beynəlxalq aviareyslərlə bağlı artıq xəbərdarlıq edilib: "Bununla əlaqədar AZAL artıq hava yolları tərəfdaşlarına məlumat verib. Tərəfdaşlara xəbərdarlıq edilib ki, Azərbaycan hava yollarından istifadə edərkən müəyyən təhlükəsizlik təlimatlarına əməl etsinlər. Azərbaycanın hava məkanından beynəlxalq şirkətlər geniş istifadə edir. Ermənistan isə hava yollarımıza qarşı təxribatlar törədə bilər. Artıq biz onlardan hər cür təxribatı gözləyirik. Ona görə də həmin tərəfdaşlara məlumatlar vermişik".
Hikmət Hacıyev deyib ki, Ermənistan tərəfindən atılan raketlərin bir çoxunun Azərbaycan Ordusu tərəfindən havada qarşısı alınır, məhv edilir. Onun sözlərinə görə, Ermənistan uğursuzluğunu ört basdır etməklə Azərbaycan Ordusunun uğurlarına kölgə salmaq istəyir, amma bunu bacarmayacaqlar: ”Bu hücumlar Ermənistanın Sisyan, Berd, Vardenis kimi ərazilərindən həyata keçirilir. Bu Ermənistan siyasi rəhbərinin etik qaydalardan kənar olduğunu bəyan edir. Azərbaycan Ordusu bu təxribatların qarşısını alır, amma bəzi hallarda hücumlar yayınır və raketlər mülki vətəndaşlarımıza zərər yetirir. Ermənistan hərbçiləri bu gün döyüş meydanında gülünc və çarəsiz vəziyyətdədir”.
Baki-xeber.com